Mütəllim Rəhimli: "İki müxalifət partiyası arasında bu cür vəhşi rəqabətin getməsi anlaşılan deyil "
Müsahibimiz "Ədalət" Partiyasının aparat rəhbəri Mütəllim Rəhimlidir
- Mütəllim bəy, Cəmil Həsənli yenidən Avropaya səfərə hazırlaşır. Maraqlıdır, onun uğursuz mitinq şousundan sonra Avropaya getməsi nədən irəli gəlir? Burada maraqlı məqamların olduğunu demək olarmı?
- Müxalifət düşərgəsini təmsil edən şəxslərin bəzi məsələləri həddindən artıq şişirtmələri heç də düzgün hal deyil. Bu baxımdan, xırda daxili narazılıqların beynəlxalq arenaya çıxarılması və ya beynəlxalq maraqların ölkə ərazisinə bu yolla gətirilməsi yolverilməzdir. Bu istiqamətdə hərəkət edən hər hansı bir qüvvə öz qarşısında vətənpərvər şəxsləri görəcəkdir. Biz zaman-zaman ölkəiçi problemlərin beynəlxalq arenaya çıxarılmasının acı nəticələrini görmüşük. Yəni Suriya, İraq və Liviya hadisələrində müşahidə olunub. Ona görə də, Azərbaycan cəmiyyəti heç vaxt bu cür hallara yol verməyəcəkdir. Əgər müxalifət düşərgəsində kimsə Avropaya səfər edirsə və Avropada ancaq Azərbaycanla bağlı Dağlıq Qarabağ məsələsini müzakirə edə bilər. Ölkə daxilində həll olunacaq məsələləri isə elə daxilində müzakirə edilməlidir, hansısa xarici ölkələrdə yox.
- Əli Kərimlinin təbliğat maşınının ucuz təbliğatçılarından olan Qənimət Zahid iddia edir ki, Müsavat və digər partiyalar daha çox AXCP ətrafında birləşməlidir. Sizcə, belə bir açıqlama irəli sürülməsi bir növ Müsavata və digər partiyalara hədə mesajı kimi qiymətləndirmək olarmı?
- Müxalifət daxilində baş verən münaqişələr müxalifətin özünə zərbə vurur. Demək olar ki, AXCP və Müsavat arasında olan qarşıdurmalar hər zaman olub və görünür, bundan sonra da olacaqdır. AXCP və Müsavatın adlı siyasi partiyalar, əməldə öz inkişaflarını göstərməkdənsə, yalnız söz yarışına çıxırlar. Yəni biri digərini sıradan çıxarmaq üçün əllərindən gələni edir. Bir sözlə, işləri ancaq bir-birini sıradan çıxarmağa cəhd göstərməkdir. Bugünkü reallıq isə, ondan ibarətdir ki, AXCP ilə Müsavat arasında baş verən çəkişmələr, ümumilikdə, müxalifət düşərgəsinə ciddi zərbə vurur.
- Hazırkı məqamda Əli Kərimli Arif Hacılı tərəfindən də tənqid olunmaqdadır. Demək olarmı ki, yaxın günlərdə AXCP ilə Müsavat arasında yeni bir qarşıdurmanın səs-sorağı yayılacaq?
- Ümumiyyətlə, tərəflərarası qarşıdurmaya, funksionerlərin birinin o birisini tənqid və təhqir etməsinə baxdıqda, bunun anormal bir hadisə olduğu görünür. Yəni iki müxalifət partiyası arasında bu cür vəhşi rəqabətin getməsi anlaşılan deyil. Müxalifət düşərgəsi, əslində, öz baxışlarına görə, bir yerdə, bir müstəvidə olmalıdır. Amma bu gün bunlara baxdıqda biz ancaq biri-birini tənqid edən və liderlik uğurunda gedən mübarizəni görürük. Bu baxımdan, onların bir-birinə qarşı bu cür hərəkətlər etməsi heç də yaxşı hal deyil. Çünki sonda onların bu cür əməlləri həmişə özlərinə ziyan vurur.
GÜLYANƏ