AXCP sədrinin "Milli Şura" mitinq-şousu onun "mühacir biznesi"nə mənfi təsir göstərir
"Milli Şura"nın rüsvayçı mitinq şousu bitər-bitməz, demək olar ki, müxalifət düşərgəsinin bütün cinahları AXCP sədri Əli Kərimlini hədəfə alaraq, onu ən sərt şəkildə tənqid və təhqir etməyə başladılar. Hətta mitinq-şouya qədər də eyni hal yaşanırdı və əvvəlcədən "Milli Şura"nın aksiyasının babırçı nəticələrlə başa çatacağı iddia olunurdu. Gözlənildiyi kimi, proqnozlar özünü doğrultu. Maraqlı məqamlardan biri də ittiham hədəfində, məhz Ə.Kərimlinin olmasıdır. Yəni "Milli Şura"nın sədri rolunda çıxış edən Cəmil Həsənli isə, ümumiyyətlə, nə saya, nə də hesaba alınır. Bu isə, ilk növbədə, belə qənaətə gəlməyə əsas verir ki, C.Həsənli Ə.Kərimlinin ipli kukla tipindəki siyasi oyuncağıdır və onu necə istəyirsə, elə də oynadır.
Düşərgə mənsublarının fikrincə, "Milli Şura"nın müxalifətin birgə mitinq təşkilində yer almaması, üstəlik, təkbaşına aksiyanın keçirilməsinə qərar verməsi müxalifətə arxadan vurulan xəyanət zərbəsidir
Bu arada AXCP sədrini daha çox və amansız şəkildə hədəfə alan digər müxalifətçi partiyalardan fərqli olaraq, Müsavat partiyasıdər. Belə ki, partiyanın məclis üzvü, eləcə də, başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli AXCP sədrini bacarıqsız, səriştəsiz və parçalayıcı şəxs olması fikrini önə sürərək, onu da iddia edib ki, Ə.Kərimli növbəti dəfə müxalifət düşərgəsinə xəyanət edib. Çünki Müsavat rəhbərliyi də daxil olmaqla, müxalifətdə olan digər partiyalar birgə mitinq keçirməyə hazırlaşdığı bir zamanda "Milli Şura"nın birgə mitinqin təşkilində yer almaması, üstəlik, təkbaşına aksiyanın keçirilməsinə qərar verməsi müxalifətə arxadan vurulan xəyanət zərbəsidir.
Müsavat məclisinin üzvü: ""Yeri gəldi-gəlmədi, az qala hər nəfəsində "biz ən...", "biz yeganə..." sözlərini təkrarlayır və çıxış yolu kimi, hər kəsi AXCP üzvü olmağa çağırır"
Hacıbəyli Ə.Kərimlinin nədənsə bu məsələyə toxunmadığını da xatırladaraq, onu ironik şəkildə suçlayıb: "AXCP sədri Ə.Kərimli paylaşdığı video-müraciətdə "Ən böyük biclik düzlükdür" misalını xatırlatsa da, 8 aprel mitinqinin zəif olduğunu boynuna alsa da, bu mövzuya toxunmur heç. O, diqqəti mitinqlə əlaqədar düşərgənin daxilindən gələn iradlara yönəldir, əsas iradın üzərindən isə sükutla keçir. Ə.Kərimli etiraz aksiyalarının forması, yeri, şüarları haqda indiyə qədər rast gəldiyimiz və rast gəlmədiyimiz iradlara, bəzən onların mahiyyətini də təhrif edərək, cavab verir. Amma bəlkə də ən çox tutulan iradı - "mitinqləri niyə bir yerdə keçirmirsiniz" məsələsini görməzdən gəlir".
M.Hacıbəyli "Milli Şura"nın aprelin 8-də keçirdiyi mitinqi fiasko adlandıraraq, qeyd edib ki, bu uğursuzluq bütün müxalifəti rüsvay edib. Yəni Ə.Kərimlinin eqoizm xəstəliyi müsavatçıının sözügedən fikirlərlə çıxış etməsinə zəmin yaradıb: "...İsrarla nümayiş etdirilən eqoizm, səhvlərdən nəticə çıxarılmaması, bu qeydləri yazmağa vadar elədi. Özü də bilir və başqa kontekstdə etiraf edir ki, bir partiyanın fədakarlığı ölkədə köklü dəyişikliklərə nail olmaq üçün yetərli deyil. Amma yeri gəldi-gəlmədi, az qala hər nəfəsində "biz ən...", "biz yeganə..." sözlərini təkrarlayır və çıxış yolu kimi, hər kəsi AXCP üzvü olmağa çağırır. Bu eqoizmin, şəxsi və təşkilat maraqlarının ümumi maraqları üstələməsinin acısını, artıq neçənci dəfədir ki, dadmaqdayıq".
Sosial şəbəkə fəalı: "Bəs bu sənəd dediyiniz Əli Kərimlinin qohumu İnqilab Kərimliyə aid deyil? Yoxsa bu da saxtadır? Onun üçün nə gözəl arayış yazmısınız!"
Ancaq bu kimi ittihamların AXCP sədrinə uzun illərdir ki, yağdırılmasına baxmayaraq, o, nəinki bu ittihamlardan nəticə çıxarır, üstəlik, həmin mövqeyini daha çox sərgiləməyə başlayır. Buna isə daha bir səbəb var - "siyasi mühacir" biznesini əldən verməmək marağı, bu biznes istiqamətində düşərgədaxili monopoliya qurmaq və s. Məsələn, ötən bir neçə gündə müxalifətçi gənclər tərəfindən sosial şəbəkədə Ə.Kərimlinin adıçəkilən biznesini ifşa edən çoxsaylı faktlar ortaya qoyublar. Məsələn, Ramin Hacılı əlində olan faktları Kərimlinin müavini Gözəl Bayramlıya sübuta yetirib.
Bu dəfə isə AXCP sədrinin Qərb ölkələrində yaşamaq hüququ almaq istəyən şəxslərə öz möhürü ilə arayış verməsini təsdiq etdirən daha bir faktın üstü açılıb. Bu dəfə isə sübutu sosial şəbəkələrdə "Eliyev Famil" adlı istifadəçi ictimailəşdirib. Özü də tam şəkildə sənədlərlə: "Bəli, AXCP iddia edir ki, heç kimə xaricdə oturum almaq üçün sənəd verməyiblər. "Sənəd nədir, a kişi? Arayış belə verməmişik" deyirlər. Bəs bu sənəd dediyiniz Əli Kərimlinin qohumu İnqilab Kərimliyə aid deyil? Yoxsa bu da saxtadır? Onun üçün nə gözəl arayış yazmısınız! Arayışı oxuyan hər bir kəsdən fikirlərini yazmaqlarını xahiş edirəm".
Onu da xatırladaq ki, bu, həmin İnqilab Kərimlidir ki, Avropada özünü "siyasi mühacir" kimi təqdim etməklə yanaşı, vaxtilə qaniçən terror təşkilatı olan "İŞİD"- Azərbaycanda qan tökməyə çağırış etmişdi...
Fakt budur ki, onun bu siyasəti də köklü şəkildə fiaskoya uğrayıb
Beləliklə, bu vasitəylə sözügeən sənədin fotosunu da yayan istifadəçi, demək olar ki, Ə.Kərimliyə və ətrafına qaçmaq üçün siçan deşiyi belə buraxmayıb.
Belə olan məqamda, gəlinən nəticə budur ki, Ə.Kərimli bir əlində iki deyil, hətta üç-dörd ədəd qarpız tumağa cəhd göstərir. Ancaq onun bütün qarpızları yerə düşərək, partlayıb-dağılır. Daha dəqiq desək, təkbaşına mitinq-şoular düzəldərək, ictimai sabitliyə xələl vurmaq yolları axtaran AXCP sədri sonradan partiyasının çəkməcələrinə yğıdığı vəsiqələri satmağa çalışır. Əgər o, aksiyalarını digər formatda - müxalifətin birliyi şəklində keçirərsə, bu zaman onun ticarət dövriyyəsi azala bilər. Lakin fakt budur ki, onun bu siyasəti də köklü şəkildə fiaskoya uğrayıb.
Rövşən NURƏDDİNOĞLU