PDF Oxu

Müxalifət

  • 3 258

Rəsul Quliyevlə "Milli Şura" sədri arasında qarşıdurma yenidən qızışıb!

image

"Bəzilərinin "cənab prezident" deyib ələ saldığı Cəmil Həsənlinin mitinqdə 10 min adamın iştirak etdiyini deməsi məni təəccübləndirmədi"

ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyevlə "Milli Şura"nın sədri Cəmil Həsənli arasında bir aydan artıqdır ki, davam edən qarşıdurma yenidən qızışıb. Bu dəfə hər iki şəxs uğursuzluqla nəticələnən "Milli Şura"nın 8 aprel mitinqi ilə bağlı bir-birilərinə qarşı aşağılayıcı fikirlər səsləndiriblər. R.Quliyev "Milli Şura"nın mitinqini olduqca aşağı səviyyəli, heç bir əhəmiyyəti olmayan piket adlandırıb. R.Quliyevin, məhz bu fikirləri C.Həsənlini özündən çıxarıb. O, öz Facebook səhifəsində 8 aprel mitinqini tənqid edənlərə həsr etdiyi sərt status narazılıqları daha da alovlandırıb. C.Həsənli statusunda yazıb: "İndi bəzi "ideoloq"lar "Milli Şura"nın öz mitinqini elə bu təşkilatın əvvəlki mitinqləri ilə müqayisə edib, bizə "konseptual" istiqamətlər təklif edirlər. Çox demirəm, "Milli Şura"dan kənar hamı birlikdə 8 aprel mitinqinin üçdə biri səviyyəsində aksiya keçirəndən sonra bu düşərgədən kimsə bu mitinqi fiasko adlandıra bilər".

Maraqlıdır ki, 350-400 nəfərin iştirak etdiyi bu mitinqlə C.Həsənli niyə öyünür? Axı 8 aprel mitinqində iştirak edənlərin üçdə biri cəmi 100 nəfər eləyir.

R.Quliyevin C.Həsənliyə qarşı ittihamları çox gecikməyib. O, "Milli Şura" sədrinin statusuna sərt cavab verərək, onu dırnaqarası professor adlandırıb: ""Milli Şura" deyilən bir təşkilat 2013-cü ilin axırında, artıq səhnədən yoxa çıxıb, çünki bu təşkilatı yaradan təsisçilərin 4-dən 3-ü bu təşkilatda təmsil olunmaqdan imtina etdilər. Dırnaqarası professorun "Milli Şura" adlandırdığı qurum maksimum AXCP-nin "Milli Şura"sı adlandırıla bilər. "Professor" heç bir xəcalət çəkmədən 2-3 və 5 min yox, mitinqdə 10 minə yaxın adamın iştirak etdiyini elan edir. Bu gülünc bəyanat məni çox da təəccübləndirmədi. Həyatı boyu bir dəfə olsun xeyirxah iş görməyən bu adam ömrü boyu saxtakarlıqla məşğul olub. Tarixi faktları kobudcasına saxtalaşdıran və sifarişlə yazılmış iki kitabın müəllifi cavan yaşlarından tarix elmi əvəzinə, yalan danışma elmini dərindən mənimsəmişdi. Sovet İttifaqının diktatura siyasətini xüsusi ruh yüksəkliyi ilə televiziyada şərh edən bu şəxs gənc yaşlarından saxtakarlıqla məşğul olub. 2013-cü ildə "mən prezident seçkilərini 65 faizlə udmuşam" deyib, azı 3-4 ay çığır-bağır salanın və bəzilərinin ona "cənab prezident" deyib, ələ salmasını ciddi qəbul edən bu şəxsin, indi "mitinqdə 10 minə yaxın adam iştirak edib" deməsi məni təəccübləndirə bilməzdi. 1 kvadrat metrdə ən azı 7-8 adamın dayandığı təqdirdə maksimum 15 min adamın yerləşə biləcəyi bu stadionda necə 10 minə yaxın adam iştirak edirdi" demək olar? Döşünüzə döyüb mitinqi sizin keçirdiyinizi gözə soxmaq istəyirsiniz. Mən bir daha xatırlatmaq istəyirəm, siz klassik Milli Şuranın yox, AXCP-nin "Milli Şura"sının sədrisiniz. Partiyaların 5, 2, 1 min və ya 500,100 nəfər mitinqə çıxarmalarının hakimiyyətə təsir gücü yoxdur. Stadionda min nəfərin dağınıq və miskin vəziyyəti... 2000-2010-cu illərdə hansı işləri nə üçün görürdünüz, məlumdur".

Samir

Digər xəbərlər