PDF Oxu

Müxalifət

  • 3 447

Müxalifətdaxili intriqalar yeni istefalara gətirib çıxaracaq

image

Əjdər Əliyev: "Bu gün "iddialı" müxalif partiyalar arasındakı ziddiyyətlər, bir-birinə qarşı kəskin ittihamlar özünü daha qabarıq şəkildə göstərir"

Məlum olduğu kimi, "Milli Şura"nın sədri Cəmil Həsənli yenidən Avropaya səfərə hazırlaşır. Maraqlıdır, onun uğursuz mitinq şousundan sonra Avropaya getməsi nədən irəli gəlir? Burada maraqlı məqamların olduğunu demək olarmı? Böyük Quruluş Partiyasının Ali Məclisinin sədri Əjdər Əliyev "Səs" qəzetinə açıqlamasında bildirdi ki, C.Həsənlinin mitinqdən sonra Avropaya səfər etməsi, yəqin ki, müəyyən dəstək arayışları almaqla bağlı ola bilər: "Ancaq şəxsi ambisiyaları üzündən pərən-pərən olan və kifayət qədər zəifləmiş qurumlara nəzərdə tutulan himayədarların tapılması, çox güman ki, mümkün olmayacaq. Belə səfərlər əvvəllər də çox olub, Bundan əvvəlkilər nə ilə nəticələnibsə, budəfəki səfərin də eyni aqibətlə üzləşəcəyi qaçılmaz olacaq".

"Əli Kərimlinin təbliğat maşınının ucuz təbliğatçılarından olan Qənimət Zahid iddia edir ki, Müsavat və digər partiyalar daha çox AXCP ətrafında birləşməlidir. Sizcə, belə bir açıqlama irəli sürülməsi bir növ Müsavata və digər partiyalara hədə mesajı kimi qiymətləndirmək olar" sualına cavab olaraq, Ə.Əliyev qeyd etdi ki, Müsavatın və digər partiyaların AXCP-nin ətrafında birləşməsi və yaxud da, əksinə, olan çağırışlar bundan sonra daha tez-tez eşidilməyə başlanacaq: "Çünki seçki kampaniyaları ərəfəsində müxalifət düşərgəsində təmsil olunan "iddialı" partiyalar arasındakı ziddiyyətlər, bir-birinə qarşı kəskin ittihamlar özünü daha qabarıq şəkildə göstərir. Bu dəfə də bunun istisna olmayacağı gözləniləndir".

"Hazırkı məqamda Əli Kərimli Arif Hacılı tərəfindən də tənqid olunmaqdadır. Demək olarmı ki, yaxın günlərdə AXCP ilə Müsavat arasında yeni bir qarşıdurmanın səs-sorağı yayılacaq" sualına isə cavabında Ə.Əliyev bildirdi ki, adını çəkdiyiniz iki partiya arşında münasibətlər hər zaman gərgin olub: "Ola bilər ki, üzdə bu, hiss olunmasın. Ancaq məsələ vahid namizədin müəyyən olunmasına gəldikdə, "mehriban dostlar" amansız rəqibə, hətta qəddar düşmənə çevrilirlər. Ölkədə güclü siyasi müxalifətin zəif duruma düşməsi səbəbinin kökündə məhz bu amillər- mənəmlik iddiaları, şəxsi ambisiyalar, qrup və partiya mənafeyinin ümumi mənafedən üstün tutulması dayanıb. Dünən də belə olub, bu gün də belədir".

GÜLYANƏ

Digər xəbərlər