PDF Oxu

Müxalifət

  • 3 740

Gücsüz, pulsuz və dəstəksiz müxalifət

image

TƏRS BAXIŞ

Etirazçı düşərgəyə yalnız bu cür yanaşma doğru olardı

Bu gün ölkədə kifayət qədər müxalifət partiyaları var və bu partiyaların bir yerdə olmamaları qalsın bir yana, onlar, həmçinin, radikallıq, dağıdıcılıq, loyallıq və s. düşərgələrə parçalanaraq, bir-birləri ilə amansız mübarizələrə qatılırlar. Əlbəttə ki, belə olan məqamda, müxalifət xalq dəstəyindən də məhrum olur. Çünki yalnız siyasi ambisiyaları üçün, xal toplamaq üçün şəxsi məqsədlərini güdən "liderlər" zaman-zaman anti-dövlətçilik prinsipi sərgiləyərək, Azərbaycan dövlətinin əleyhinə çıxış edən xarici dairələrlə də əməkdaşlıq edirlər. Söz yox ki, belə olan məqamda, sağlam düşüncəli insanlar belə siyasi düşərgələri rədd edir və dəstəkləmirlər. Elə də uzağa getməyərək, AXCP, Müsavat, "Ümid", KXCP, AMİP, ALP və s. partiyalardan verilən kütləvi istefaları da nümunə kimi göstərə bilərik.

Xüsusilə, AXC-Müsavat cütlüyünün iqtidarı zamanı düşərgə qısa zamanda bir neçə yerə parçalandı

Müxalif düşərgədə çatışmayan əsas cəhətlərdən biri də alternativ fikrə dözümsüzlük anlayışıdır. Daha dəqiq desək, istənilən ictimai-siyasi proseslərdə fikir yürüdən bir partiya rəhbərinin digər partiya rəhbəri tərəfindən ironik şəkildə münasibət sərgilənməsi faktları kifayət qədərdir. Seçki blokları, hərəkat və birliklər fonunda siyasi ictimaiyyət bənzər mövzularla çox qarşılaşıb. Halbuki hələ sovet imperiyasının dağılması ərəfəsində, nəhəng xalq kütləsi kommunizmə qarşı vahid müxalifətdə birləşərək, milli-azadlıq hərəkatına start vermişdi. Yəni o dövrlərdə müxalifət vahid güc şəklində siyasi proseslərə müdaxilə edərək, istəyinə nail olurdu.

Yalnız ölkəmiz müstəqillik əldə etdikdən sonra həmin müxalifəti idarə edənlər toplumu ayrı-ayrılıqda partiyalar təsis edərək, hakimiyyətə can atmağa başladılar. Xüsusilə, AXC-Müsavat cütlüyünün iqtidarı zamanı düşərgə qısa zamanda bir neçə yerə parçalandı. Həmin parçalanmanın miqyası o qədər böyük oldu ki, bu gün də eyni vəziyyət davam edir. Qısası, müxalifət 25 ildir ki, öz çərçivəsindən çıxmağı bacarmayıb.

Sabiq KXCP üzvü: "Xarici donor təşkilatlardan maliyyə yardımı alan siyasi təşkilatlara yaxşı baxmıram"

Hətta xarici maliyyələşmələr sayəsində də irəli gedə bilməyən düşərgə sonda bu əməllərinin qurbanına çevrilib. Məsələn, bununla bağlı sabiq müxalifətçi, vaxtilə KXCP Ali Məclisinin keçmiş sədri Zəlimxan Məmmədli hesab edir ki, partiyaların xarici təşkilatlardan maliyyə almaları qəbuledilməzdir: "Biz xalq hərəkatı dövründə sahib olduğumuz gücə maliyyə ilə yiyələnməmişdik. Bu, millətin ruhu, gücü idi. Heç kim etdiyi fədakarlıqlara görə, qarşılıq gözləmirdi. Bu baxımdan, mən xarici donor təşkilatlardan maliyyə yardımı alan siyasi təşkilatlara yaxşı baxmıram".

Göründüyü kimi, müxalifət öz gücünü yalnız xalqdan almalıdır. Xalq isə, bu cür müxalifətə nəninki dəstək vermir, üstəlik, belə qondarma xarici təşkilatlara satılan "liderləri" xəyanətkarlar sırasına daxil edir. Bu zaman bir daha ortaya belə bir fraza çıxır - möövcud müxalifət gücsüz, dəstəksiz və pulsuz olaraq, ümumiyyətlə, yararsız siyasi yğınağın tərkib hissəsidir. Təəssüf ki, ötən illər ərzində düşərə "liderləri" reallığı dərk edərək, üzüsulu halda onlara yaramayan siyasi arenanı tərk etmirlər.

Rövşən RƏSULOV

Digər xəbərlər