Tahir Kərimli: "İsa Qəmbər başa düşdü ki, o, başqanlıqda olmaq kimi faydasız bir işlə məşğul olub"
Məlum olduğu kimi, son günlər AXCP-nin Müsavata, eləcə də, digər partiyalara qarşı ittihamları, getdikcə daha geniş xarakter alır. Demək olar ki, AXCP-yə yaxın saytlarda və "Meydan" TV və "Azadlıq" radiosunda Müsavat, ADP, KAXCP və "Ümid" rəhbərliyinin tənqid və təhqir olunması barədə yazılara və məlumatlara rast gəlinir. Bu isə, düşərgə daxilində yeni qarşıdurmaların yaranmasına yol açır. Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşan və uğurlara kölgə salmaq istəyən xaricdə olan bəzi qüvvələr daxili müxalifət düşərgəsinin təmsil edən şəxslərdən öz məqsədlərinə çatmaq üçün bir vasitə kimi istifadə etməyə çalışırlar: "Daxili müxalifət qüvvələri də həmin xarici qüvvələrə özlərini göstərmək üçün hər cür vasitə və üsüldan istifadə edirlər. Bir növ müxalifət düşərgəsində mövqe savaşı gedir. Ona görə də, müxalifət düşərgəsində biri digərini gözdən salmaq üçün əlindən gələni edir ki, xaricdən diqqət ancaq onlara olsun, nə isə lazım olanda, onlarla münasibət qurulsun və digərləri bura aid olmasın. Yəni müxalifət düşərgəsinin əsas təşkilatı və əsas lideri kimi öndə olsunlar. Bu baxımdan da, onlar arasında bu cür rəqabət gedir və gedəcək də".
T.Kərimlinin sözlərinə görə, qarşıdan gələn seçkilər müxalifətdaxili intiriqaları və qarşıdurmaları bir qədər də kəsginləşdirir: "Bu baxımda da, əsas təşkilatçı olaraq Müsavat və AXCP arasında ənənəvi rəqabət var. Bu partiyalar biri-birləri ilə yola getmirlər və biri digərinin axırına çıxmaq üçün əlindən gələni edir. Bu iki partiya olan AXCP və Müsavatın hər hansı bir birləşmə şansı da yoxdur".
"Zaman-zaman Əli Kərimli ilə İsa Qəmbər arasında gedən qarşıdurma bu gün Arif Hacılı - Əli Kərimli və Cəmil Həsənli arasında davam etməkdədir. Demək olarmı ki, müxalifətdaxili intriqaların genişlənməsinin səbəbkarı bu üçlərdir" sualına cavab olaraq, T.Kərimli bildirdi ki, İ.Qəmbər bunların arasında daha təcrübəli çıxdı və başa düşdü ki, o, başqanlıqda olmaq kimi faydasız bir işlə məşğul olub. Ona görə də, müxtəlif bəhanələrlə başqanlıqdan getdi: "İndi isə İ.Qəmbərin əvəzinə, orada A.Hacılıdır. Yəni A.Hacılı bu funksiyanı yerinə yetirir. Demək olar ki, A.Hacılı Ə.Kərimli və C.Həsənli birliyinə qarşı mübarizə aparmaqda çətinlik çəkir. Müəyyən zamanda bunların arasında münasibətlərin düzəldiləməsinə təşəbbüslər göstərilib, amma nəticəsiz olub. Bunların arasında savaşma, rəqabət və bir-birini qəbul etməmək gedir. Yəni ilk öncə, bu üçlük özlərinin daxildə olan problemlərini həll etməlidirlər. Belə olan halda da, müxalifət daxilində gedən bu cür söz-söhbətlər müxalifətin daha da zəifləməsinə səbəb olur. Müxalifətin daha da zəifləyərək, bu cür acınacaqlı vəziyyətə düşməsi də onların bir-birinə düşmən kəsilməsi ilə bağlıdır. Çünki öz rəhbərlərinin, liderlərinin bir-birinə savaş açmağına görə, nəinki kənarda olanlar, hətta həmin partiyada olan üzvlər belə öz rəhbərlərinə etimadlarını itirir, onlarla birgə hərəkət etmək qüvvəsində olmadıqlarını görür və məğlubiyyəti duyaraq, oradan uzaqlaşırlar".
GÜLYANƏ