Sərdar Cəlaloğlu: "Araz Əlizadə danışığını anlamayan, qeyri-ciddi və əxlaqi cəhətdən qüsurlu bir şəxsdir"
Fərəc Quliyev: "Milyondan çox insan növbəyə düzülüb ki, Araz Əlizadəyə "ürək sözləri"ni desinlər"
Elçin Mirzəbəyli: "Araz Əlizadənin faydalı iş əmsalı yox dərəcəsindədir"
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin "Facebookda olanların hamısı avara adamlardır" fikri, bir neçə gündür ki, cəmiyyətimizdə müzakirə mövzusuna çevrilib. A.Əlizadənin anormal fikrinə ən sərt şəkildə cavablar verilir. Nəzər almaq lazımdır ki, Facebookdan sadə vətəndaşlarla bərabər dövlət adamları, alimlər, siyasətçilər, həkimlər, bir sözlə, cəmiyyətimizin üzdə olan insanları da istifadə edirlər. İnsanların haqlı etirazlarından nəticə çıxarmayan A.Əlizadə növbəti dəfə sərsəm iddia ortaya qoyaraq, millətimizi təhdid etməkdən belə çəkinməyib: "Mənə qarşı təpkilər davam etsə, ABŞ və Avropa alimlərinə müraciət edərək, türk olmadığımızı tarixi faktlarla ortaya çıxaracam".
Əvvəla, bizim türk olmağımızın A.Əlizadəni bu qədər narahat etməsinin səbəbləri məni çox maraqlandırır. Digər tərəfdən, guya türk olmadığımızı sübut etmək üçün Avropa alimlərinə müraciət edcəyini deyən A.Əlizadə gərək başa düşsün ki, bu millətin şərəfli tarixi var və heç kim bizim qədər soyumuzu-kökömüzü bilməz. A.Əlizadə, sizi bilmirəm, amma biz türklərdə evin problemini həll etmək üçün evin kişisinə üz tuturlar, daha gedib qıraqdan-bucaqdan adam gətirmirlər. Halbuki bu problem də deyil, sadəcə bir partiya sədrinin şoumenliyidir.
Bir faktı da elə A.Əlizadənin nəzərinə çatdırmaq istəyirəm: "Milli Məclis üzvü 2013-cü ildə Facebookda öz adına yaradılmış - "Azərbaycan Sosial-Demokrat Partiyasının sədri A.Əlizadənin rəsmi səhifəsi" adında səhifə var". İndi mən sual edirəm: A.Əlizadə, siz avarasınızmı? Bu səhifədə ən axırıncı paylaşım isə, bu ilin fevral ayının 15-də edilib. O zaman belə çıxır və tam məsuliyyətlə deyə bilərik ki, A.Əlizadə fevralın 15-nə kimi avarçılıqla məşğul olub.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu A.Əlizadənin ünvanına sərt ifadələr işlədərək bildirib ki, sosial şəbəkələrdə dövlət adamları və cəmiyyətin ən müxtəlif təbəqələri də təmsil olunurlar: "İnsanları bu şəkildə təhqir etmək olmaz. Əslində, o şəxs barəsində Facebook şəbəkəsi məhkəməyə müraciət etməlidir. Çünki faktiki o adam bu şəbəkənin biznes fəaliyyətinə də ciddi zərbə vurur. Ümumiyyətlə, hamımızın yaxınları Facebook istifadəçisidir. Bu, nə deməkdir? Bu sözləri deyəndə, ölkədə dövlət xadimlərindən tutmuş, üzüaşağı hər kəsi aşağılayır. Sən kimsən ki, bu insanları təhqir edirsən? Mən özüm Facebookda yoxam. Deyə bilərsən ki, Facebooka aludəçilik, orada çox vaxt keçirmək düzgün deyil". Araz Əlizadənin danışığını anlamayan bir adam olduğunu bildirib: "Sözlərinin başına ip salmaq lazım deyil. Çünki qeyri-ciddi, əxlaqi cəhətdən qüsurlu bir şəxsdir. Amma istənilən halda hər bir Facebook istifadəçisi məhkəməyə verə, onu yerində oturda bilər".
Facebook istifadəçisi, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev də A.Əlizadəni yersiz fikirlərinə görə ən sərt sözlərlə tənqid edib: "Milyondan çox insan növbəyə düzülüb ki, A.Əlizadəyə "ürək sözləri"ni desinlər. Təbii ki, xoş olmayan ürək sözləri olacaq. Ona görə də, növbəmi onlara buraxıram, nə deyirlər-desinlər, onlarla razılaşacam. Orada olanları təhqir etməklə, birbaşa özünü təhqir edir. Deputata bunlar yaraşmır. Başqa məsələlərə toxunmuram. Deputat parlamentdə səsləndirdiyi fikirlərinə görə məsuliyyət daşımır, amma bu, o demək deyil ki, millətə və dövlətin ünvanına xoş olmayan ifadələr işlədəsən. İctimai qınaqdan böyük cəza olmur. Şərəfli millətimiz var, onun bir cümləsi heç nəyi dəyişmir. Hər kəs məsuliyyətini dərk etməlidir".
Politoloq Elçin Mirzəbəyli də bildirib ki, sosial şəbəkələr kommunikasiya vasitələridir: "Düzgün istifadə edildikdə, bütün sahələrdə fəaliyyət göstərən insanların işini rahatlaşdırır, kommunikasiya ilə bağlı xərclərin azaldılmasına imkan yaradır. Kəsəsi, sosial şəbəkələrdə hər kəsin öz işini inkişaf etdirməsi üçün geniş imkanlar var. İndi dunyada həm informasiya, həm biznes, həm də digər sahələrdə hər şeyi dəqiqələr və saniyələr həll edir. Bu reallıqdır və biz bu reallığı öz arzu və istəklərimizə uyğun dəyişə bilmədiyimiz üçün, ona uyğunlaşmalıyıq". E.mirzəbəyli A.Əlizadəni mənasız fəaliyyət yolu tutmaqda günahlandırıb: "Dünyanın bütün nüfuzlu alimlərini, mütəxəssislərini bir araya gətirib soruşun görün, səmərəli nəticə almaq üçün Araz Əlizadədən hansı sahədə istifadə etmək olar... Əminəm ki, bu suala heç kim cavab tapa bilməyəcək. Çünki bu sualın cavabı yoxdur. Araşdırın görək, Araz Əlizadənin bu xalqa, bu dövlətə hansı xeyri dəyib? Hansı qanunvericilik təşəbbüsü ilə çıxış edib? Onun bu günədək gördüyü işlərin hansısa nəticəsini çıxarın ortaya... Tapa bilməyəcəksiniz. Çünki yoxdur... Son olaraq, onu da deyim ki, əgər bir insan yaradıcı deyilsə, qov göbələyi kimi, hətta qidalandığı "ağaca" da fayda vermirsə, fəaliyyət göstərdiyi məkandan, yerdən və istifadə etdiyi vasitədən asılı olmayaraq, avaradır".
Samir