PDF Oxu

Müxalifət

  • 3 468

Pənah Hüseyn müxalifəti "savaşa" dəvət edir

image

"Vahid namizəd" məsələsi yenidən gündəmdə

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin müxalifətyönlü saytların birinə verdiyi müsahibəsində düşərgənin "birləşməsi" və 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün "vahid namizəd" məsələsi ətrafında seçim etməyin vacibliyi barədə irəli sürdüyü fikirlər yenidən qarşılıqlı ittihamlara səbəb olub. Bu günə qədər keçirilən bütün prezident seçkilərində ənənəvi düşərgə dağıdıcılıq prinsiplərinə sadiq qalaraq, nəinki "vahid namizədlik" ətrafında, eyni zamanda, ayrı-ayrılıqda belə, ümumi fikrə gələ bilməyiblər.

AXCP və Müsavat partiyalarının düşmənçiliklərini xatırlayıb Pənah Hüseynin, sadəcə gündəmdə qalması xatirinə bənzər çıxışlar etdiyini deyə bilərik

Bütün bunlara rəğmən, AXP sədri açıqlamasında bildirir ki, müxalifət hər şeyi bir kənara ataraq, 2018-ci il seçkilərinə hazırlaşmalıdır. Buna baxmayaraq, P.Hüseynin özü də dediyi fikirlərinə inanmadığını sərgiləyib. SİTAT: "2018-ci ili də orientir kimi götürərək, müxalifət daxilində birləşmənin və bir araya gəlmənin yollarından və üslubundan biri kimi müxalifətin prezidentliyə namizədi məsələsində 2018-ci il prezident seçkilərinin adını çəkmək də olar, çəkməmək də".

Digər tərəfdən, AXP sədri gah düşərgənin "vahid namizəd" məsələsində qəti olaraq seçim edilməli olduğunu deməsi isə, daha bir sual yaradır. SİTAT: "Müxalifətin prezidentliyə vahid namizədinin seçilməsi istiqamətində prosesi başlatmaq lazımdır. Bu, 2018-ci il prezident seçkiləri olacaq, 2020-ci ildə olacaq, ya bu gün olacaq, dəxli yoxdur. Amma müxalifətin prezidentliyə namizədinin müəyyən olunması prosesini başlatmaq lazımdır. Vahid namizəd olaraq. Mənim şəxsi yanaşmam müxalifətin bir araya gəlməsi ilə bir əməkdaşlıq formatının formalaşmasıdır. Mən belə görürəm". Sual isə belədir: məgər 2013, 2008, 2003 və daha öncəki prezident seçkilərindən öncə də eyni sözlər, eyni "ideyalar" ayrı-ayrı müxalifət "liderləri" tərəfindən səslənmirdimi? Səslənirdisə, niyə istəklərini reallaşdırmağı bacarmadılar? Əslində, bu sualın cavabı bəllidir...

Xalqın və dövlətin maraqlarını öz maraqlarından aşağı tutan siyasətbazlar toplumunun siyasi embrionları çoxdan ölüb

Məsələn, bəllidir ki, düşərgə "liderlərinin" içdikləri su, yedikləri çörək belə boğazlarından rahat keçmir, buna səbəb isə şəxsi mənafelərin, dividenllərin və s. halların digər "liderə" keçməməsi istiqamətində özləri tərəfindən yaradılan əngəllərdir. Hər halda, müxalifət real müxalifət olmağı bacarsaydı, hər şey başqa cür olardı. Ancaq bu, baş vermədi və baş verməyəcək də. Fakt budur ki, yararsız və xalqın və dövlətin maraqlarını öz maraqlarından aşağı tutan siyasətbazlar toplumunun siyasi embrionları çoxdan ölüb.

Yuxarıda da qeyd edildiyi kimi, dağıdıcı düşərgənin parçalanaraq, siyasi məhvolma girdabında batma səbəblərindən biri və birincisi, məhz "vahid namizəd" faktorunun ortaya atılmasıdır. Görünür, AXP sədri P.Hüseyn onu da unudur ki, həmin məsələ yenidən gündəmə gətirilərsə, parçalanaraq ayrı-ayrı cinahlara səpələnən müxalifət yeni qalmaqallar, qarşıdurma və ziddiyyətlər yaşamalı olacaq.

Mirmahmud Mirəlioğlu guya müxalifətdə "konsensusun" olduğunu nümayiş etdirərək, AXP sədrinin fikirlərinə "dəstək" verib

Düzdür, hələ ki, 2018-ci il deyil və seçkilərə bir ildən də artıq zaman var və çox yəqin ki, düşərgənin bəzi təmsilçiləri P.Hüseynin köhnəlmiş "ideyasına" dəstək də göstərə bilərlər. Misal üçün Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu guya müxalifətdə "konsensusun" olduğunu nümayiş etdirərək, AXP sədrinin fikirlərinə "dəstək" verib. Mirəlioğlu vahid namizədin müəyyənləşməsi istiqamətində müzakirələrə başlanmasında guya problem görmədiyini deyib. SİTAT: "İstənilən nəzəri məsələni müzakirə etmək olar. Əslində, seçki bitən günün səhəri növbəti seçkiyə hazırlaşılmalıdır. Pənah bəyin də dediklərinin hamısı doğru və reallaşması arzuediləndir...İstərdik ki, doğrulsun".

Maraqlıdır, əgər seçki günü olsaydı və düşərgə, hər dəfə olduğu kimi, ən sərt ittihamlarla bir-birini xəyanətlərdə, satqınçılıqda, iqtidara işləməkdə suçlasaydı, M.Mirəlioğlu yenə də eyni fikirlərini səsləndirərdimi? Əlbəttə ki, yox! Və əbəs yerə deyil ki, o, elə bəri başdan AXP sədrinin fikirlərinə reallıqdan deyil, sadəcə, nəzəri yanaşdığını deyib. Bu isə, özü-özlüyündə nəyinsə naminə "dəstək" kimi də qiymətləndirilə bilər...

ADP sədri Sərdar Cəlaloğlu isə Pənah Hüseynin həmişəki kimi tələsdiyi iddiasındadır

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə deyir ki, P.Hüseyn yenə tələsib. Çünki daha öncə müxalifətin funksional mərkəzində bur müddət bu barədə belə bir fikir irəli sürülmüşdü. AXP sədrinin həmin məsələni indidən açması isə doğru deyil. SİTAT: "...Görünür, Pənah bəy, həmişəki kimi, tələsib və hesab edib ki, vahid namizəd məsələsi barədə açıqlama və təklif verməyin vaxtı çatıb. Ona görə də, vaxtilə müzakirə edib qərarlaşdırdığımız məsələni ictimaiyyətə açıb..."

ADP sədri dolayı yollarla düşərgədə "vahid namizəd" məsələsində şər qüvvələrin bu işə xələl vura biləcəyini də istisna etməyərək, hədəf kimi dolayı yolla AXCP və Müsavatı götürüb.

Əgər Pənah Hüseynin köhnəlmiş "ideyası" gündəmdə formalaşarsa...

Sirr deyil ki, düşərgənin parçalanmasında adıçəkilən hər iki partiyanın, necə deyərlər, xüsusi əməyi olub: "...Şübhəsiz, müəyyən qüvvələr olacaq ki, vahid namizəd ideyasının əleyhinə çıxsın. Bunun da şərti odur ki, əleyhinə çıxmaq parçalanma yarada bilər..."

Beləliklə, məsələnin nə yerdə olduğu bəri başdan aydındır. Əgər P.Hüseynin köhnəlmiş "ideyası" gündəmdə formalaşarsa, bu zaman radikal müxalifətin dağıdıcılıq ənənələrinə sadiq qalaraq, yenidən bir-birlərinə qarşı savaş açacaqlarını proqnozlaşdırmaq olar.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər