Əjdər Əliyev: "AXCP-dən olan istefalar partiyanı zəiflədir"
Bugünkü mətbuatın siyasi arenada baş verən hadisələr fonunda AXCP-də cəryan edən qalmaqallı qopmalara daha çox diqqət ayırdığını qeyd etsək, səhv etmərik. Çünki Əli Kərimlinin mühafizəçisinin AXCP-dən istefa verməsinin ardınca gənc fəal Elvin Abdullayevin də təşkilatdan istefa vediyini bəyan etməsi və istefa bəyanatında Ə.Kərimlini bir növ ağ yuyub, qara sərməsi siyasi proseslərdə böyük marağa və diqqətə səbəb olub. Artıq demək olar ki, yaxın çevrəsi belə Ə.Kərimlinin məkrli bir insan olduğunu başa düşdüklərindən ondan ayrılırlar. Böyük Quruluş Partiyasının Ali Məclisinin sədri Əjdər Əliyev də o fikirdədir ki, Ə.Kərimli səhv siyasətinin qurbanına çevrilməkdədir: "Siyasi partiyaların üzvlərinin istefa vermələri, bir partiyadan digərinə keçmələri və yaxud siyasi fəaliyyətlərinə tamamilə xitam vermələri normal hal hesab edilməlidir. Amma bir partiyada bu proseslərin kütləvi şəkildə cərəyan etməsi, həmin təşkilatın başında duran şəxsə ən yaxın olan üzvlərin, müavinlərin, komandası sayıla biləcək şəxslərin bir-birinin ardınca istefa verməsi, ondan üz döndərməsi normal sayıla biləcək hadisələr deyil. Burada bir çox səbəblər rol oynaya bilər: partiyanın siyasi kursuna inamsızlıq, rəhbərin şəxsi keyfiyyətlərindən narazılıq, ona etimadsızlığın artması, ətrafına münasibətdə qeyri-səmimi davranması, laqeydliyi və s. bu kimi hallar partiya funksionerləri və üzvlərini bu cür qərarlar qəbul etməyə vadar edə bilər.
"AXCP-dən olan istefalar bu partiyanın növbəti dəfə parçalanacağını deməyə əsas verə bilərmi" sualına cavab olaraq, Ə.Əliyev bildirdi ki, AXCP-dən olan istefaları hər kəs bir cür qiymətləndirir. Bəziləri bunu özlərinə təskinlik vermək üçün "təmizlənmə", "saflaşma" adlandırsalar da, siyasi partiyalardan, o cümlədən, AXCP-dən olan istefalar partiyanı zəiflədir. Sosial bazanın daralması partiya fəaliyyətinin bütün istiqamətlərində mənfiliklər doğurur. Bugünkü AXCP 2000-ci illərin əvvəllərindəki güclü siyasi müxalifət partiyalarını canfəşanlıqla parçalamağa, şəxsi mənafedən tamamilə uzaq lider olan Ə.Elçibəyi siyasi səhnədən kənarlaşdırmağa və onu gözdən salmağa yönəldilmiş məkrli, qısır siyasi ambisiyaların acı nəticələri ilə üzləşməkdədir.
GÜLYANƏ