"VİP" sədrinin müavini: ""Mühacirət" etmək üçün arayışlar veririk"
ADP: "Həqiqətən, həmin şəxs partiyanın üzvü olubsa, arayış verilir"
Dağıdıcı müxalifət partiyalarının xarici ölkələrə getmək üçün insanlara 5-10 min pul müqabilində partiya bileti və üzvlük haqqında arayış satması son günlərin əsas müzakirə mövzusudur. Bu, bir faktdır ki, dağıdıcı müxalifətin əsas gəlir yerlərindən biri də "siyasi mühacir" biznesidir. Bu yolla dağıdıcı müxlaifət partiyalarının sədrləri, xüsusilə də, AXCP sədri Əli Kərimli böyük kapital əldə edə bilib. Təsadüfi deyil ki, xarici ölkələrə "siyasi mühacir" adı altında gedən şəxlərin cibindən AXCP üzvü olduğunu təsdiq edən üzvlük vəsiqəsi çıxır. Eyni zamanda, bu şəxslərin özləri etiraf edirlər ki, "siyasi mühacir" kimi xaricə getmək üçün AXCP sədri Ə.Kərimlinin ən yaxın adamları vasitəsilə ona pul çatdırıblar. Son vaxtlar Ə.Kərimlinin pul müqabilində arayış verdiyi şəxslər onu ifşa edirlər. Yəqin Ə.Kərimli başa düşmür, ya da başa düşmək istəmir ki, bu, bir ağır cinayətdir! Təsadüfi deyil ki, AXCP sədri Ə.Kərimli aprelin 21-ində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılmışdı. Təkcə AXCP deyil, Müsavat partiyasının da "siyasi mühacir" biznesi sahəsində "təcrübəsi" az deyildir. Hətta 2013-cü ildə "20-ci sahə"də yerləşən sürücülük məktəbinin həyətində "Milli Şura"nın keçirdiyi mitinq zamanı İsa Qəmbər tribunadan bəyan etmişdi ki, həqiqətən də, partiya üzvlərinin xarici ölkələrə "siyasi mühacir" kimi getmələrinə köməklik göstərirlər. Məsələ bundadır ki, insanlar banklardan kredit götürərək İ.Qəmbərə, Ə.Kərimliyə verirlər, nəticədə isə, özlərini inandırdıqları Avropada "yel əsib, qoz tökülüb" xəyalları da alt-üst olur. Ya qaçqın düşərgələrində yerləşdirilirlər, ya da görürlər ki, işləməsən, heç yerdə bir tikə çörək havayı verilmir. Beləcə, peşmançılıq çəkərək geri qayıdıb, doğma ölkələrində yaşamaq istəsələr də, artıq hər şey gec olur.
Bu gün təkcə AXCP deyil, digər dağıdıcı müxalifət partiyaları da insanlara mühacirət etmək üçün arayışlar verdiklərini etiraf edirlər. Məsələn, "Vətəndaş və İnkişaf Partiyası" sədrinin müavini Ramil Hüseynov bildirib ki, həqiqətən, partiya üzvü olan şəxslərə "siyasi mühacir" adı altında xaricə getmək üçün arayışlar verilir: "Səhv etmirəmsə, bizim partiyanın bir neçə üzvü mühacirətdə olub. Ümumiyyətlə, əgər mühacirətə gedən şəxs, həqiqətən də, partiyanın üzvüdürsə, ona arayış verilir. Ancaq partiya üzvü olmayanlara heç bir arayış verilmir". İndi sual olunur: cəmi bir neçə nəfər üzvü olan "VİP" sədri Ə.Əliyev bu arayışları və digər tələb olunan "sənəd"ləri partiya üzvlərinə pulsuzmu verir?
"Ümid" partiyası sədrinin müavini Taleh Əliyev heç kimə arayış təqdim olunmadığını desə də, ancaq belə deyil. Partiyanın sədri İqabal Ağazadə deputat olarkən "siyasi mühacir" biznesi ilə məşğul olmağı qismən arxa plana çevirsə də, bu gün deputat mandatı daşımayan bu adam da bütün gücü ilə "siyasi mühacir" biznesinə başlayıb. Hətta bir müddət öncə, Azərbaycanda xaos və qırğınlar arzuladığını deyən İ.Ağazadə gözləyirdi ki, məhz bu fikirlərinə görə, kimlərsə ona təzyiq etsin, o da "siyasi mühacir"lik üçün növbəti şans əldə etsin. Ancaq bu da olmadı, çünki bu simalar dövlətə də, millətə də tanışdır, əsl xislətləri də bəllidir.
Azərbaycan Demokratik Partiyası sədrinin müavini Taliyət Əliyev həqiqi üzvlərə arayışların verildiyini deyib: "Əsasən, 2003-cü ildən sonra bizim üzvlərimizdən bəziləri mühacirətə getdilər. O vaxt ADP idarə heyətinin üzvlərindən Natiq Cəbiyev, Yunis İsmayılov və Namiq Əlizadə mühacirət etdi. Bəzi hallar da olur ki, kimlərsə çıxıb gedir, sonra onların, həqiqətən, ADP üzvü olub-olmaması haqqında arayış istəyirlər. Həqiqətən, həmin şəxs partiyanın üzvü olubsa, bu haqda arayış verilir".
Heç şübhəsiz ki, ADP sədri Sərdar Cəlaloğlunun təmənnasız olaraq, partiya üzvlərinə arayış verdiyini iddia etmək, sadəcə, gülüş doğurardı. Ələkçidən də bir qıl qoprtmağı xoşlayan S.Cəlaloğlu əvvəllər bu işlə Rəsul Quliyevin köməkliyi ilə məşğul olurdusa, indi təkbaşına öhdəsindən gəlir.
Dağıdıcı müxalifət partiyaları içərisində ən çox "siyasi mühacir" biznesi ilə məşğul olan partiyalardan biri də Klassik Xalq Cəbhəsi Partiyasıdır. KXCP sədri Mirmahmud Mirəlioğlu zaman-zaman bunun doğru olmadığını iddia etsə də, son günlərdə baş verən hadisələr bunun əksini sübut edir.
Samir