"İdarə heyəti üzvü kimi mən vəzifəmin öhdəsindən gələ bilmədim"
Dağıdıcı müxalifət düşərgəsində hökm sürən gərginlik, özbaşınalıq və xaos "REAL"-dan da yan keçmir. Bu qurumun da üzvləri, rəhbərlikdə təmsil olunan şəxsləri öz bacarıqsızlıqlarını ört-basdır etmək üçün bu vaxta kimi müxtəlif vasitə və üsullardan istifadə edirdilər. Fəaliyyətlərini daha çox sosial şəbəkələrdə "like" üzərində quran, virtual aləmdə özləri haqqında "böyük iqtisadçı" süni tandemi yaradan və bu qurumu sivil, qabaqcıl siyasi təşkilat kimi cəmiyyətə sırımağa çalışan "REAL" rəhbərliyi artıq öz bacarıqsızlıqlarını və səriştəsizliklərini etiraf etməyə başlayıblar. Son vaxtlar bir neçə nəfər "REAL"-ı tərk edib. Səbəb də onu göstərir ki, bu təşkilatda diktatura hökm sürür.
Bu dəfə "REAL" idarə heyətinin üzvü, iqtisadçı Rövşən Ağayev istefa verib. R.Ağayev istefa səbəblərini açıqlayıb və öz timsalında, bütövlükdə "REAL"-ın acizliyini göstərib. O, istefasının səbəbləri barədə yazır: "Təşkilatın idarə heyətinin hər bir üzvü İlqar Məmmədovun yoxluğunu hiss etdirməməli və "REAL"-ı öz hədəflərinə yaxınlaşdırmaq üçün daha fədəkar olmalı idi. Bizə qoşulan üzvlərin, eləcə də təəssübkeşlərin idarə heyətindən gözləntisi də bu idi. Təəssüf ki, müxtəlif səbəblərdən bir idarə heyəti üzvü kimi mən vəzifəmin öhdəsindən gələ bilmədim. Bu qərarı qəbul edərkən, yanaşmam bu olub ki, hər bir kəs gərəkli ola biləcəyi yerdə olmalı, faydası toxuna biləcəyi işin qulpundan yapışmalıdır. Otən 6 ildə "REAL"-ın proqramının işlənməsi xarici bu təşkilata mənim heç bir köməyim dəyməyib". R.Ağayev onu da bildirib ki, bacarmayan kənara çəklib bacaranların yolunu açmalıdır: "Bilirəm ki, bəzi üzvlərimizin bizlərdən gözləntiləri yüksək idi. Gözləntilərini doğrulda bilmədiyim həmin insanların hamısına bir üzr borcum var...".
Göründüyü kimi, R.Ağayev təkcə istefasının səbəblərini açıqlamır, həm də "REAL"-da hökm sürən acınacaqlı durumdan danışır, qurumun rəhbərliyində təmsil olunan şəxsləri ümidləri doğrultmamaqda ittiham edir. "Hər bir kəs faydası toxuna biləcəyi işin qulpundan yapışmalıdır" deyən R.Ağayev, ümumilikdə "REAL" rəhbərliyində təmsil olunan şəxslərin heç birinin bacardığı işlə məşğul olmadığını vurğulamış olur. Təbii ki "REAL"-dakı istefalar bununla məhdudlaşmayacaq. Çünki əldə olunan informasiyalarda göstərilir ki, R.Ağayevin bu quruma gətirdiyi hər bir şəxs istefa verəcək.
Samir