Siyasiləşmiş QHT-lərin sıradan çıxmaları reallığa çevrilir
Son vaxtlar siyasi arenada müzakirə olunan məslələr sırasında diqqət çəkən əsas mövzu 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı müxalif QHT rəhbərlərinin və siyasi pariya yetkililərinin müxtəlif fikirlər səsləndirmələridir. Hətta "vahid namizəd" məsələsi iə bağlı Xədicə İsmayıl, Leyla Yunus, Əli Kərimli, İsa Qəmbər, Pənah Hüseyn və digərləri təkliflər və ideyalar da irəli sürürlər. Söhbət etdiyimiz müsahiblərimiz seçkilərə hələ bir müddət qalmasına baxmayaraq, dağıdıcı müxalif partiya sədrlərinin və siyasiləşmiş QHT nümayəndələrinin "vahid namizəd" uğurunda qızğın müzakirələrə başlamalrını onların anormal durumda olmaları ilə əlaqələndirdilər.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov:
- 2018-ci ildə keçiriləcək prezident seçkilərinə il yarım vaxt qalır və indidən dağıdıcı müxalifət arasında "vahid namizəd" uğrunda mübarizənin başlanması hiss olunur və bunun özü müxalifət daxilində müxtəlif iddiaların olmasını göstərir. Həmişə olduğu kimi, bu dəfə də müxtəlif adlarda bloklar təsis ediləcək, guya orada "birləşəcəklər" və bir müddətdən sonra bir-birilərini ittiham edərək, yenidən dağılışacaqlar. Yəni dağıdıcı müxalifətin xisləti budur. Hamı özünü prezident "görür" və heç biri də nə istədiyinin fərqində deyil. Bunların hakimiyyətə gəlmək üçün komandaları beş-altı nəfər qohum-əqrəbaları və ya aldadıb illərdir siyasi maraqları naminə istifadə etdikləri 10-15 gəncdən ibarətdir. Nə konkret proqramları yoxdur, nə də sosial bazaları. Onların özləri də çox gözəl bilirlər ki, xalqdan dəstəkləri yoxdur və heç vaxt da hakimiyyətə gələ bilməyəcəklər. Fikirləşirəm, bu "mübarizə"nin əsasında özünü siyasi cəhətdən aktiv göstərib, xaricdən daha çox vəsait almaq istəyi və siyasi spekulyasiyalar dayanır. Bunlara xaricdən vəsaitləri verən qurumlar isə Azərbaycanın dövlət olaraq güclənməsini, inkişafını istəməyən və regionda söz sahibinə çevrilməsində maraqlı olmayan, Azərbaycanı ərəb dövlətlərinin gününə salmaq istəyən qüvvələrdir. Həmin qüvvələr Azərbaycanda bu cür dekonstruktiv qüvvələrə dəstək verməkdən belə çəkinmirlər. Görünür, dağıdıcı müxalifət Azərbaycandakı siyasi stabilliyi pozmaq barədə göstərişləri icra etmək üçün xaricdən növbəti tapşırıq almışdır. Bunları ciddiyə almıram və hesab edirəm ki, növbəti prezident seçkilərində Azərbaycan xalqı həmişəki kimi, uğurlu seçimini zamanında edəcək. Yuxarıda da qeyd etdiyim kimi, onların sosial bazaları və yaxın ətrafları bir qrup aldadılmış insanlardan ibarətdir. Biz hər zaman həmin aldadılmnış insanlardan, eyni zamanda bu cür siyasi riyakarların təsiri altına düşmüş ətraflarından bunların məkrli sifətlərinə baxaraq, ayrılmış insanları görmüşük və hesab edirəm ki, bu proses yenə də davam edəcək. Bəzən çılğın gənclər, haradasa hüquqları pozulmuş insanlar ola bilsin ki, bunların vədlərinə inanıb sıralarına qoşulsunlar, amma sonradan həmin insanlar öz perspektivlərinin, arzularının və nəhayət, ümidlərinin bu düşərgədə puça çıxdığını dərk edərək oradan aralanacaqlar. Hesab edirəm ki, biz bu cür halların bir daha şahidi olacağıq.
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:
- Azərbaycanda özünü müxalifət hesab edən partiya sədlərinin bu günə qədər apardıqları siyasət düzgün olmadığı üçün müxalifətin hər hansı bir məsələ ətrafında birləşərək, bir ayara gəlməsi də qeyri-mümkündür. Demək olar ki, prezident seçkilərinin keçirilməsinə hələ zaman var. Lakin müxalif partiya sədrləri indi "vahid namizəd" uğurunda müzakirələrə başlasalar belə, 2018-ci il seçkilərinə qədər ortaya nə "vahid namizəd" çıxara biləcək, nə də vahid strategiya ətrafında formalaşmağa nail olacaqlar. Bir sözlə, hər zaman olduğu kimi, müxalifət düşərgəsini təmsil edən partiya sədrləri 2018-ci ildə keçiriləcək prezident seçkilərində də heç bir nəticə əldə edə bilməyəcəklər. Müxalifətin təməli düzgün olmadığı üçün bu düşərgədə istənilən məsələ qarşıdurmalara və qopmalara aparıb çıxarır. Bunun da səbəbi həmin partiya sədrlərinin şəxsi ambisiyaları və biri digərini qəbul etməməsidir. Yəni müxalifətdə qarşıdurmaların və qopmaların olması heç təəccüb doğurmur.
Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov:
- Demək olar ki, müxalifətin bu cür yersiz hərəkətlərə əl ataraq, gündəm gəlməyə çalışmasına artıq alışmışıq. Prezident seçkilərinə hələ bir müddət qalmasına baxmayaraq, müxalif partiya sədrlərinin "vahid namizəd" uğurunda müzakirələrə indidən başlamaları, onların özlərinə inamsızlıqdan irəli gəlir. Çünki müxalifdə başqa bir yenilik yoxdur ki, gündəmə gələ bilsinlər. Tarix və zaman göstərir ki, bütün bunların xalqın ictimai rəyinə heç bir təsiri olmayıb və olmayacaq. Müxalifət bu seçkilərdə də məğlub olacaq. Düşünürəm ki, 2018-ci ilə qədər siyasiləşmiş QHT-lərin, eləcə də Müsavat və AXCP-nin sıradan çıxacağı müşahidə olunmaqdadır. Müxalifət yetkililərinin belə bir çıxılmaz vəziyyətə düşmələrinin səbəbi də, məhz onların bu cür reallığı özündə əks etdirməyən xəyallar qurmaları ilə bağlıdır.
GÜLYANƏ