TƏRS BAXIŞ
ALP gündəmə çıxmaq üçün bu dəfə yeni "icad" edib
Ənənəvi dağıdıcı müxalifətin bu və ya digər cinahlarında yaradılan qurum və biliklərin hər biri, demək olar ki, ayrı-ayrılıqda çoxsaylı və bir-birindən fərqlənməyən "yol xəritələri" hazırlayaraq, bununla siyasi fəaliyyətlərini görmüş olduqlarını sansalar da, sonradan ortaya çıxan "əmmalar", bir daha sübut edir ki, belə "xəritələr" ölkə ictimaiyyəti üçün maraqsızdır. Daha dəqiq desək, Azərbaycan müxalifəti demək olar ki, plagiat müxalifət rolunu oynamaqla, yalnız post-sovet ölkələrində fəallıqları ilə seçilən müxalifət partiyalarının apardıqları siyasəti özününküləşdirməyə cəhd edirlər.
Söz yox ki, öz daxillərində yaranan çoxsaylı problemlərin, o cümlədən, istefaların qarşısını almaqda acizlik göstərən "lidelərin" sonradan pafoslu, hətta qlobal görüntülü siyasi pozalar vermələri axırda "aşsüzənlə su daşımaq" faktını ortaya qoyur. Məsələn, indiyə qədər düşərgədə yaradılan onlarla bloklar, birliklər, şuralar və s. ümumilikdə müxalifətin gücləndirilməsinə yönəlmiş addım kimi tərənnüm olunurdusa, hazırda onların heç biri ortada yoxdur.
Hansısa proqramın hazırlanmasının şərti, yaxud qeyri-şərti olmasının siyasi gündəmə nə aidiyyatı ola bilər?
Məhz bu kimi addımlardan biri, lideri uzun müddətdir ki, ortada görünməyən Azərbaycan Liberal Partiyası tərəfindən atılıb. Bəllidir ki, ALP "lideri"nin gah Rusiyada, gah da Azərbaycanın hansısa ucqar bölgələrinin birində dincəldiyi deyilən və Lalə Şövkətin adından danışan yeganə adam partiyanın sədri Əvəz Temirxandır.
Zaman-zaman ortaya çıxıb "lideri"nin sağ-salamat olduğunu deməsi, üstəlik, yeni siyasi plan üzərində iş aparması barədə fikirlər səsləndirən Temirxan bu dəfə də eyni sözləri deyib. Məsələn, ALP sədrinin sözlərinə görə, Lalə Şövkət şərti olaraq, "Barışa körpü" adlanan proqram hazırlayıb (?-R.R.). Elə ilk başdan sual yaranır ki, hansısa proqramın hazırlanmasının şərti, yaxud qeyri-şərti olmasının siyasi gündəmə nə aidiyyatı ola bilər?
Başqa tərəfdən, "lideri" ortada görünməyən partiyanın ölkənin siyasi-iqtisadi durumu ilə bağlı "islahatlar planı" hazırlanması iddiası isə, ümumiyyətlə gülünc təsir bağışlayır. Çünki Ə.Texirxan açıqlamasında bildirib ki, L.Şövkətin, sən demə "Azərbaycanın inkişafına böyük töhfə verəcək islahat proqramı yaxın vaxtlarda elan ediləcək"...
Yenə də sual yaranır - əgər bir partiyanın uzun müddətdir ortada görünməyən "lideri" birdən-birə yeni ideya ilə çıxış etməyə hazırlaşırsa, onda bu müddət ərzində ALP-yə sədrlik edən Ə.Temirxan nə işlə məşğul olub? Məgər onun özü sədr olaraq, bənzər planlar üzərində işləmək qabiliyyətində deyilmi? Yaxud niyə L.Şövkətin özü bu barədə çıxıb bəyanat səsləndirmir və neçə illərdir ki, Ə.Temirxanı danışdırır?
Yeganə həqiqi söz, müxalifətin yetənə yetməsi və yetməyənə daş atması etirafıdır
Ancaq bənzər suallara cavab verməsi yerinə, ALP sədri deyir ki, guya onlar "proqramın" açıqlanması üçün məqam axtarırlar (?!-R.R.). Bunu isə belə izah edib ki, guya ola bilər ki, kimlərsə o proqramı başa düşməyə bilər və s. Təbii ki, bu da qeyri-ciddi bir düşüncə tərzidir.
Düzdür, Ə.Temirxan sonda bir həqiqəti bildirib ki, bir sıra müxalifət partiyaları var və onlar yetənə yetirlər, yetə bilmədiklərinə isə daş atırlar və bu fikir doğrudur. Ancaq ümumilikdə, L.Şövkətin istər müxalifətdaxili, istərsə də digər şəkildə "barış körpüsü" qurmaq planı özündə heç bir gerçəkliyi əks etdirməməklə yanaşı, həm də nəticəsiz olacağını sübuta yetirir. Ən azından, bu fikirləri L.Şövkətin özü səsləndirsəydi hər halda, həmin fikirlərdə nəyə isə diqqət yetirmək olardı. Lakin göründüyü kimi, bu gün o, ortada yoxdur. Bu səbəbdən də, "icadının" səmərəsizliyi daha məntiqli görünməkdədir.
Rövşən RƏSULOV