PDF Oxu

Müxalifət

  • 3 855

Müxalifət xarici havadarlarına özünüreklam kursu seçib

image

Mais Səfərli: "Müxalifət heç vaxt bir araya gələ bilməyəcək"

Son günlər mətbuatda müzakirə olunan əsas mövzulardan biri də 2018-ci ildə keçriləcək prezident seçkiləri ilə bağlı dağıdıcı müxalif partiya sədrlərinin bir-birinə ünvanlanan ittihamlarıdır. Seçkilərə hələ bir müddət qalmasına baxmayaraq, dağıdıcı müxalif partiya sədrlərinin "vahid namizəd" uğurunda qızğın müzakirələr aparmaları onaların anormal durumda olmalarından xəbər verir. "Yurddaş" Partiyasının sədri Mais Səfərli də "Səs" qəzetinə açıqlamasında bildirdi ki, ağır və böhranlı durumda olan müxalifət başbilənləri taleyüklü məsələni qabartmaqla vəziyyətdən çıxmağa, ən azı, diqqət mərkəzinə çevrilməyə çalışırlar: "Bu gün müxalifət düşərgəsində fəaliyyət göstərən partiyaların normal bir siyasi fəaliyyətləri olmadığından hansısa məsələni süni surətdə qabardaraq, ondan yararlanmağa cəhdlər göstərirlər. Bununla da, özlərini xarici havadarlarına reklam edirlər. Amma onların bu cür çabaları mənasızdır. Prezident seçkilərinə hələ bir müddət - il yarımdan da artıq vaxt qaldığı halda, bunlar indidən öz düşərgələrində "vahid namizəd" uğurunda müzakirələrə başlayıblar. Bu da onların anormal durumda olmalarından xəbər verir".

M.Səfərlinin sözlərinə görə, bu günə qədər müxalifət təmsilçiləri ölkədə keçirilən bütün seçkilərdə, ancaq məğlubiyyət acısını yaşayıblar. Növbəti seçkilərdə də heç nə dəyişməyəcək: "Müxalifət düşərgəsini təmsil edən şəxslər, bütün seçkiləri uduzduğu kimi, 2018-ci ildə keçiriləcək prezident seçkilərini də uduzaraq, məğlub olacaqlar. Çünki müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur".

"Müxalifətin partiyalararası qarşıdurmalarının növbəti qopmalara gətirib çıxaracağını proqnozlaşdırmaq olarmı" sualına cavab olaraq, M.Səfərli bildirdi ki, müxalifət daim konfliktlərə yüklənmiş qeyri-ciddi siyasi qüvvələr cərgəsində olubdur: "Onların arasında uzun illərdir ki, davam edən bir çox ciddi ziddiyyətlər var. Bu ziddiyyətlər, hətta böyük dava-dalaşlar nəticədə qopmalara səbəb olubdur. Uzun illərdir ki, müxalifət duşərgəsini təmsil edən qüvvələrin ancaq öz aralarında didişməkdən başqa bir fəaliyyətləri yoxdur. Birlik çağrışları səmimi olmadığına görə, hər zaman müəyyən siyasi etikadankənar davranışlara yol verilir. Ona görə də, müxalifət heç vaxt bir araya gələ bilməyəcək. Yəni heç vaxt müxalifət partiyaları arasında mehribançılıq olmayıb. Birinin dediyi söz digərinin boğazından keçmir. Yalnız nəyinsə xatirinə və hansısa xarici qüvvələrin sözü ilə birləşirlər. Amma bu birlik çox çəkmədən dağılmaqla sona çatır. Bu cür çəkişmələr müxalifətin axırına çıxacaq".

GÜLYANƏ

Digər xəbərlər