PDF Oxu

Müxalifət

  • 3 712

"Milli Şura"nın "ölü" mitinqləri

image

Yaxud Əli Kərimliyə verilən bitməyən sifarişlər

AXCP və "Milli Şura" cütlüyünün mitinqləri artıq müxalifət düşərgəsində istehza ilə qarşılanmaqla yanaşı, "cəbhəçi"lərin sədri Ə.Kərilmli də bir sıra ittihamlara tuş gəlməkdədir. Xüsusilə, uğursuzluqla nəticələnən "Milli Şura"nın 8 aprel mitinqinin ardınca sosial şəbəkələrdə qarşılıqlı ittihamlar səngimək bilmir və hətta artır. Məhz bunun səbəbidir ki, son iki həfdətə AXCP sıralarından Ə.Kərimlini müdafiə edən ən fəal üzvlərdən 3 nəfər istefa verib. Sonuncu istefa isə "facebook" aktivi Vasif Alışlıdır. O, AXCP-nin Sabirabad rayon təşkilatı sıralarını tərk etdiyini bəyan edib. V.Alışlı, eyni zamanda, partiyanın rayon şöbəsinin sədr müavini və təşkilat şöbəsinin üzvü olub.

Onsuz da partiyanın fəaliyyəti passivlik dərəcəsindən də düşərək, yox səviyyəsinə qədər enib

Məsələ yalnız bunda deyil. Belə ki, istefa verənlər AXCP sədrinə, məhz bu cür sualla müraciət edirlər ki, ölkədə heç bir sosial sifariş olmadan mitinq keçirmək və bununla da, özünü biabır etmək Ə.Kərimlinin nəyinə lazımdır? Onsuz da partiyanın fəaliyyəti passivlik dərəcəsindən də aşağı düşərək, yox səviyyəsinə qədər enib və bu amilin özü də son istefalara səbəb olmaqdadır.

Heç bir siyasi bazası və elektoratı olmayan "Milli Şura"-AXCP cütlüyünün aldıqları sifarişləri yerinə yetirməyə gücləri çatmır, nəticədə, Ə.Kərimli və onun əlaltısı Cəmil Həsənli "ölü" mitinqlərlə çullarını sudan quru çıxarmağa cəhd göstərirlər. Nəticə isə, onların istədikləri kimi alınmır.

Əli Kərimlinin şəxsi maliyyə maraqlarına hesablanmış digər məsələdir - siyasi mühacir biznesi...

Yenə də 8 aprel şou-mitinqini xatırlayaq. Heç bir müxalifətçi aprelin 8-də etibar etmədiyi və müxalifət adına iddia edən bu qurumun təşkil etdiyi mitinqə qatılmaq istəmədi. Lakin burada, daha bir faktor üzə çıxdı ki, bu da Ə.Kərimlinin şəxsi maliyyə maraqlarına hesablanmış digər məsələdir - siyasi mühacir biznesi...

Artıq media qurumları və düşərgə təmsilçiləri yalnız mitinqlərdən deyil, həmçinin, Ə.Kərimlinin bu mitinqlərdə şəkil çəkdirənlərə 3000 avroya saxta arayışlar verib, mühacir kimi Avropa ölkələrində göndərməsi barədə danılmaz faktları ortaya qoyurlar. Bu barədə ötən yazılarımızda kifayət qədər məlumatlar vermişdik. Məlum olduğu kimi artıq AXCP sədri bununla bağlı müvafiq orqanlara çağırılıb və bu məsələ barəsində istintaqa başlanılıb. Düzdür, AXCP sədri iddia edir ki, o, heç vaxt saxta partbilet sataraq, insanların mühacirət yollarını açmayıb. Ancaq bu gün Avropada yaşayan bir çox mühacir hansı yollarla ölkədən getmələrini müfəssəl şəkildə etiraf edirlər. Əlbəttə, Ə.Kərimli günahkar olduğu üçün boynundakı təqsirini hakimiyyətin üzərinə yıxmağa cəhdlər göstərir. Lakin bu cəhdlər artdıqca, onun günahları daha çox üzə çıxmağa başlayacaq. Hər halda, bundan sonra "Milli Şura"-AXCP cütlüyü mitinq keçirəcəkləri ilə bağlı fikir bildirəcəklərsə, demək, "mühacir biznesi"nin növbəti mərhələsinin vaxtının çatdığı bəlli olacaq. Amma Ə.Kərimli bunun bədəlini partiyasında olan-qalan insanların da istefaları ilə ödəməli olacaq. Necə deyərlər, onun maddiyyat nəfsi siyasi nəfsini üstələməyə başlayıb.

Rövşən RƏSULOV

Digər xəbərlər