TƏRS BAXIŞ
Yaxud bir gün fərqi dağıdıcı ünsürləri niyə qane etmir?
Bəlli olduğu kimi, "Milli Şura"-AXCP cütlüyü Bakı Şəhər İcra Hakimiyyətinə aprelin 30-da növbəti mitinq keçirmək üçün müraciət edib. Belə ki, BŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov mətbuata açıqlamasında deyib ki, BŞİH mitinqin aprelin 30-da deyil, 29-da keçmiş "Məhsul" stadionunda keçirilməsini təklif edib.
Lakin Bakı meriyasının təklifi nədənsə dağıdıcı ünsürləri "qane" etməyib və onlar öz siyasi şoularını, məhz aprelin 30-da keçirmək niyyətində olduqlarını deyirlər.
Haqlı səbəb kimi göstərilib ki, istirahət günü mitinq keçirmək insanların istirahət hüququnu pozur
Hətta Cəmil Həsənli və Əli Kərimli dueti öncədən pozuculuq fəaliyyətlərini sığortalamaqdan ötrü BŞİH-in qərarı ilə razılaşmadıqlarını (?!-R.N.) bəyan edirlər. Məsələ ondadır ki, AXCP-nin gənclər komitəsinin sədri İlham Hüseyn mətbuata açıqlamasında BŞİH-ə göndərilən müraciətdə mitinqin ünvanı kimi Nərimanov parkı və Sahil bağı göstərilib: "Ancaq Bakı Şəhər İcra Hakimiyyəti vaxtı və yeri dəyişib. Haqlı səbəb kimi göstərilib ki, istirahət günü mitinq keçirmək insanların istirahət hüququnu pozur. Əslində isə, heç bir əsaslandırılmış səbəb yoxdur. Ona görə də, biz təkliflə razılaşmadıq və mitinqin 29-da keçirilməsi ilə bağlı qərarımız yoxdur. Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət ediləcək".
İ.Hüseyn bir az da irəliyə gedərək, onu da bildirib ki, BŞİH-in bu qərarına görə məhkəməyə müraciət edilə bilər və cəbhəçinin bu qədər canfəşanlıq etməsinin arxasında bir sıra maraqların dayanması da şübhəsizdir.
Göründüyü kimi, BŞİH-nin haqlı və ədalətli təklifi, ilk öncə Bakı şəhərinin və şəhərimizə gəlmiş qonaqların istirahət hüquqlarını qorumağa əsaslanıb. Xüsusilə, həftənin istirahət günü sayılan bazar günü təqvimində bir qrup qaragüruhçunun öz şəxsi məqsədləri naminə hay-küy salmaları, ümumiyyətlə, heç bir məntiqə sığmır. Əgər nəzərə alsaq ki, Bakının mərkəzi hissələri xarici turistlərin ən çox gəzdikləri və əyləndikləri məkanlardır, bu zaman ortaya digər məqamlar çıxır.
Bütün bunlar, ilk növbədə, Azərbaycanın beynəlxalq siyasi arenadakı yüksək mövqeyinə, yerinə və roluna qarşı atılan xəyanətkar addımların aşkar göstəricisidir
Məsələ ondadır ki, AXCP sədri Ə.Kərimli son zamanlar mühacir biznesi istiqamətində rəhbərlik etdiyi siyasi təşkilatı adından sui-istifadələrə yol verir, xaricə köçmək niyyətində olan insanlara 3 min dollara partiya biletləri və arayışlar satır. Həmin arayışlarda isə mühacirət etmək istəyənlərin sutkalıq həbs cəzaları almaları, polislə qarşıdurmalara getdiklərini əks etdirən fotolar yer alır. Əlbəttə, bütün bunlar, ilk növbədə, Azərbaycanın beynəlxalq siyasi arenadakı yüksək mövqeyinə, yerinə və roluna qarşı atılan xəyanətkar addımların aşkar göstəricisidir. O da sirr deyil ki, ümumiyyətlə, istər "Milli Şura", istərsə də AXCP xarici ölkələrdə fəaliyyət göstərən ermənipərəst anti-Azərbaycan meyilli qüvvələrə nökərçilik göstərib, bundan mənfəət əldə edib.
"Milli Şura"-AXCP-nin şou göstərişləri və artistlikləri elə düşərgənin digər cinahları tərəfindən də qınanılır
Bu baxımdan, onlara təklif edilən zamanı və yeri öz təbirlərincə, münasib bilmədiklərini deyərək, siyasi şou göstərərək, mühacir bizneslərinə daha çox adam cəlb etməyə cəhd göstərirlər. Hətta onlardan növbəti dəfə icazəsiz aksiya keçirmək cəhdini də gözləmək olar.
Yeri gəlmişkən, bu gün "Milli Şura"-AXCP-nin şou göstərişləri və artistlikləri elə düşərgənin digər cinahları tərəfindən də qınanılır. Müxalifət partiyalarının rəhbərlikləri mitinq keçirmək və etiraz etmək üçün heç bir sosial sifarişin olmadığını deyir, bununla da, yuxarıda qeyd edilən fikirləri bir daha sübuta yetirmiş olurlar.
Rövşən NURƏDDİNOĞLU