Daxili çəkişmələrdən xilas ola bilməyən dağıdıcı müxalifət partiyalarının yeni qopmalara düçar olacağı proqnozlaşdırılır. Çünki partiya sədrlərinin apardıqları səhv və düşünülməmiş siyasəti partiyaları həlli mümkün olmayan problemlərlə üz-üzə qoyub. AXCP sədrinin keçmiş müşaviri Sahib Kərimlinin açıqlamasına görə, müxalifətin dağılmaq təhlükəsi ilə üzləşməsinin başlıca günahkarları "Milli Şura"nın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimlidir. Onun sözlərinə görə, xarici maraqlı qüvvələrin təmsilçiləri rolunda çıxış edən bu şəxslər 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qədər əksər müxalifət partiyalarının sıradan çıxarılmasına nail olacaqlar. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov da "Səs" qəzetinə açıqlamasında bildirdi ki, seçkilərə qədər AXCP və Müsavat kimi partiyaların sıradan çıxması real görünür. O, bunun səbəbini sıravi partiya üzvlərinin öz liderlərinə inamsızlıq göstərmələri ilə əlaqələndirib: "Müxalif siyasi partiyalar adlandırılan yetkililərin başqa bir işi-gücü olmadığı üçün, bir-birilərini hədəf seçirlər. Çəkişmələr onlara əlavə problemlər gətirəcək. Yəni parçalanmalar və qopmalar qaçılmazdır".
R.Qonaqov maraqlı məqama toxunaraq bildirdi ki, müxalifət düşərgəsində olan şəxslər ümidlərini 2018-ci il prezident seçkilərinə bağlayırlar: "2018-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlaşdıqlarını bildirməklə, yenidən xarici dairələrin diqqətini özlərinə cəlb etmək istəyirlər. Hansı ki, onları indiyə qədər himayə edərək maliyyələşdiriblər. Həm də, daxili olmayan elektoratlarını səfərbər etmək və bütün diqqəti özlərinə yönəltmək istəyirlər. Bununla da, onlar bir müddət gündəmdə qalacaqlar. Ümumiyyətlə, müxalifət hər hansı bir seçkidə qalib gəlməyib. Belə olan halda, müxalifət düşərgəsini təmsil edən şəxslərin yenidən seçkilərə ciddi hazırlıq görməsi boş məsələdir. Çünki yenə də onlar bu seçkilərdə qalib yox, məğlub olacaqlar. Demək olar ki, müxalifət yarandığı gündəm bu günə parçalana-parçalana gəlib. Bunun da səbəbkarları elə özləridir".
R.Qonaqov, sonda onu da bildirdi ki, partiya sədrləri özlərinin maraqlarını partiya maraqlarından üstün tuturlar. Belə olan halda, həmin partiyalar istər-istəməz parçalanma prosesinə qədəm qoyurlar. Məhz elə bu səbəbdən partiyalarında bir özləri, bir də köməkçiləri qalıb. Bu vəziyyətdə olduqları bir yana qalsın, üstəlik, onlar vahid lider məsələsinin ortalığa atanda olduqca gülməli görünürlər. Çünki onlar heç öz partiyaları daxilində arasında bir vahid namizəd seçə bilmədilərsə, onda onlar müxalifətdə olan digər partiyalarla bir yerdə hardan vahid lider seçəcəklər və o lider hardadır ki, onu da müxalifət düşərgəsində olan hər kəs qəbul etsin? Bütün bunları nəzərə alaraq, demək olar ki, müxalifətin bu cür məsələləri ortalığa atıb, müzakirələr qurması reallığı özündə əks etdirmir. Çünki müxalifət partiya rəhbərləri öz düşərgələrində birincilik uğurunda biri-biri ilə mübarizə aparırlar. Yəni birinin dediyi söz digərinin boğazından keçmir".
GÜLYANƏ