Köşə
Ağıla fikir gələr, başa hadisə...
Hər nədirsə, bu "professor" (?) nədən danışmır ki... Qısası, deyib birbaşa mətləbə keçirəm, çünki söhbət AXCP sədrinin müavini Nurəddin Məmmədlidən gedir. Onun son statusunu oxuyun, yazır: "Əgər Kim Çen İnn AXCP sədri Əli Kərimlinin dediyinə qulaq assa idi...". Daha ardını oxumuram, cümləni olduğu kimi diqqətinizə çatdırdım və təəccüblənməyə də ehtiyac yoxdur. Nitqi ilə şüuru arasında rabitə qurmağı bacarmayan Nurəddin 2014-ci ilin mart ayında da bir "ilk"ə imza ataraq, söyləmişdi ki, əgər Ukrayna Ə.Kərimliyə qulaq assa idi, Rusiyaya birləşdirilmək mümkün olmayacaqdı... Bu adam başa düşürmü ki, Ə.Kərimli Şimali Koreyanın prezidentinin yanında danışsa, onu hansı aqibət gözləyir? Son model "zenit" raketinin quyruğuna bağlayıb, AXCP sədrini göyə uçurtmazmı? Görün ha, dünya nə günə qalıb ki, hamı Ə.Kərimlidən məsləhət almalıdır. Guya Ə.Kərimliyə qulaq assalar, ABŞ Şimali Koreyadan üzr istəyib, donanmasını da geri çəkəcək, hələ yekə bir üzrxahlıq eləyib, "bir səhvdir elədim, Kim Çen müəllim" deyəcək...
Dünyada elə insanlar var ki, onlar tam zavallıdırlar... Məsələn, Nemət Pənahlı kimi. Bu adam hələ də elə bilir ki, SSRİ-ni o dağıdıb, hələ də elə bilir ki, kim olduğu unudulub... 11 dəfə ali məktəbə imtahan verəsən, hamısında da kəsiləsən... Vaxtilə əlindən öpdüyü, ayaqqabısını təmizlədiyi şəxsləri indi ittiham edir. Bu adamın ağlına normal fikir gəlmədiyinə görə, həmişə başına iş gəlib. İndiki gənclər xatırlamaz, o vaxt Nemət silahdaşlarına o qədər xəyanət etmişdi ki, kim Neməti harda görürdüsə, böyük şair Bəxtiyar Vahabzadənin söylədiyi məşhur hadisə yada düşürdü. Bir gün B.Vahabzadə məscidə tələsirmiş. Amma əlindəki bazarlığı da evə verməli imiş. Məhlədə qonşusunu görür:
- Qonşu, evə gedirsən?
- Bəli!
- Zəhmət çəkib bu çantaları da bizə verərsən?
- Evdə kişi var?
- Qapını döyən kişi olsun, evdə kişi olub-olmamasının fərqi yoxdur!
Tak çto, Nemət, kişi olmaq lazımdır! İndi bir adam nə sənə çanta verir, nə də... bütün qapılar üzünə bağlıdır. İnsan su kimidir, dolduğu qabın formasını alır. Yanvar ayında bu adam deyirdi ki, uzağı may ayının 1-nə kimi Azərbaycanda ən böyük partiyanın sədri olacam. Belələri may ayının çoxdandı vurğunlarıdırlar, əllərindən bir şey gəlməyəndə, deyirlər ki, ma ayını gözləyirik. Sanki qəlbimi oxuyub, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov maraqlı bir status yazıb: "1992-ci ildə hakimiyyətə gəlmək ərəfəsində çoxsaylı adamlar AXC-yə üzv oldular, müxtəlif yollarla. Sonra onların xeyli hissəsi vəzifə də əldə etdi. Kütləvi axın may ayında olduğu üçün onlara maygülü deyirdik".
İndi bu maygülülərin cəbhəçi qanadı da iddia edirdi ki, apreldə mitinqlərə başlayırıq, uzağı mayın 1-i hakimiyyətdəyik. Maydanlıq da bir şey deyil axı... Sahib müəllim doğru deyir, o vaxt kim AXC-yə tez yazılmışdısa, onu icra başçısı qoyurdular, bir-iki gün gec yazılanları da başçının müavini. Yəni bunların kadr siyasəti bu prinsip əsasında qurulurdu. Məsələn, Pənah Hüseynə "bəy" yox, "müəllim" deyə müraciət etdiyinə görə, cəbhəçini "sovet adamı" kimi damğalayıb bayıra atdılar, o da axırda özlərinə qənim oldu. Nəhayət, əvvələ qayıdaq. Nurəddin illərdir "Ə.Kərimliyə qulaq assaydılar..." deyir ha.., fikir verməyin, yoxsa bunun dedikləri ilə oturub-dursanız, abrınız da əlinizdən gedəcək...
Samir