TƏRS BAXIŞ
"Onun yenidən sədrliyə qayıtmasına ehtiyac yoxdur"
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan son günlər mətbuatda aktiv görünməyə başlamaq planını işə salaraq, partiyanın ictimai-siyasi fəaliyyətinin güclənməsi görüntüsünü nümayiş etdirməyə çalışır. Xüsusilə, ALP-nin sabiq sədri, eləcə də, "lideri" Lalə şövkət Hacıyevanın üzərində siyasi manipulyasiyalara yol verən Ə.Temirxan zaman-zaman açıqlamalarında hansısa "yeni planların" üzərində çalışdıqlarını deyərək, artıq bir neçə ildir ki, sözügedən vasitə ilə gündəmdə qalmağa səy göstərir. Lakin fakt budur ki, ölkədə fəaliyyət göstərən çoxsaylı müxalifət partiyalarının heç biri, ALP də daxil olmaqla, siyasi proseslərdə istər elektorat, istərsə də siyasi uğur baxımından, gözəgəlimli addımlar atmağı bacarmayıblar. Hətta "ana müxaifət" partiyaları kimi özlərini zorla ictimai rəyə sırıyan Müsavat və AXCP kimi siyasi təşkilatlar mitinq keçirməklə, mövcud vəziyyətlərini daha da ağırlaşdırıblar.
Əvəz Temirxan öz "liderinə" qarşı fəaliyyət göstərir, hətta bu fəaliyyətini dolayısı ilə etiraf da edir
Belə olan halda mini aksiya keçirmək gücündə belə olmayan ALP-nin ölkənin ictimai-siyasi həyatına hər hansı bir təsir göstərməsi, ümumiyyətlə, inandırıcı görünmür. Ancaq buna baxmayaraq, partiyadakı sədrlik kürsüsünü əlində saxlamaq üçün Ə.Temirxan öz "liderinə" qarşı fəaliyyət göstərir, hətta bu fəaliyyətini dolayısı ilə etiraf da edir. Məsələn, ölkədə fəaliyyət göstərən saytların birinə açıqlama verən Temirxan nə qədər qəribə görünsə də, "qurultay" keçirəcəklərini bildirib. Lakin Temirxanın ötən il də, ondan öncəki il də qurultay keçirəcəkləri ətrafında fikirlərini xatırlayarsaq, onda bu il də həmin tədbirin keçirilməyəcəyini düşünmək olar.
Ortaya atılan "qurultay" mövzusu
Yuxarıda da, qeyd edildiyi kimi, məsələ ondadır ki, Ə.Temirxan "qurultay" mövzusunu ortaya ataraq, əslində, "lideri" L.Ş.Hacıyevanı ALP kandarından daha da uzaqlaşdırmaq məqsədini güdür. "Bu il nəzərdə tutmuşuq ki, qurultayımızı keçirək. Ancaq Lalə Şövkət Hacıyevanın yenidən sədrliyə qayıtmasına ehtiyac yoxdur"-deyə qeyd edən ALP sədri bununla öz yerini möhkəmləndirmək və uzun illərin uğursuzluqlarına baxmayaraq, təşkilatda yeni sədrin seçilməsinin qarşısını almaq məqsəsini ortaya qoyur.
Bununla yanaşı, o, hətta L.Şövkətə mesaj da yollayır ki, əgər yenidən ALP-də bütün rıçaqları əlində cəmləşdirməyə çalışarsa, mövcud "liderlik" statusunu da itirmək təhlükəsini yaşayar.
Niyə Lalə Şövkətin özü bu barədə danışmır?
"Onsuz da partiyada Lalə xanımın siyasi təcrübəsi nəzərə alınır, hədəfləri əsas olaraq götürülür...Bu hədəflər həm də partiyanın proqramına salınıb"- deyə qeyd edən Temirxan, hətta bir az da irəliyə gedərək, L.Şövkətin yerinə də danışıb, onun ALP sədrliyinə geri qayıtmaq planının olmadığını deyir: "Lalə Şövkətin yenidən partiya sədrliyinə gəlməsinə ehtiyac yoxdur. Üstəlik, onun özü də buna ehtiyac duymur".
Maraqlıdır ki, əgər Ə.Temirxan bu qədər demokratik insandırsa, nəyə görə, L.Şövkətin açıqlama verməsi üçün şərait yaratmır? Yaxud L.Şövkət, həqiqətən də, ortadadırsa, niyə onun özü yenidən ALP sədrliyinə iddialı olduğunu bəyan etmir?
Yəqin ki, uzun illərdir bu sualların cavabı, elə cavabsız qaldığı kimi, yenə də belə olacaq. Çünki Ə.Temirxan ALP sədrliyi kreslosundan, nəinki ikiəlli, hətta iki ayaqları vasitəsilə də yapışıb. Onu bu kürsüdən L.Şövkət də ayırmaq gücündə deyil.
Rövşən RƏSULOV