KÖŞƏ YAZISI
Dağıdıcı düşərgə liderlərində havalar qızandan üzü bu yana yenidən mitinq keçirmək sindormları baş qaldırmağa başlayıb. Kimisi Qərbdəki ağalarından umacaqlarını qoparmaları üçün, kimisi siyasi gündəmdə qalmaqdan ötrü, kimisi də "al-ver" məqsədilə. Əslində, bu amillərin üçü birinə, biri də üçünə dəyməz. Çünki bu vaxta qədər nə isə edə bilən, yaxud da edə biləcək qədər iddiada olan adam öz məqsədinə çoxdan çatardı. Fəqət, məqsədə çatmaq qalsın bir tərəfə, heç həmin məqsədin kandarından belə keçilə bilinməyib və nə yaxşı ki, belə də davam edir. Ona görə ki, ataların "dəvə-qanad" məsələsi yada düşür. Gör ki, bu "dəvələrin" qanadları olsaydı, hansı həngamələrdən çıxardılar?!.
Saç yolub - üz cırmaq, ətəyi, tumanı başa çəkib haray-şivən qoparmaq, özünü zorla polisin qolları arasına atıb, üstəlik, o biri polisin də dəyənəyini əlindən alaraq, öz başına vurmaq...Təki öz planı həyata keçsin, öz alveri baş tutsun. Məsələn, Ə.Kərimlinin mühacirət biznesi işə düşsün, Cəmil Həsənlinin Qərbdən nə isə tələb etmək üçün əlində "şüarı" olsun və s. Bunların sağalmaları, mövcud sindormlardan qurtulmaları isə düzələn məsələ deyil.
Bu arada yadıma bir köhnə lətifə düşdü, onu deyim. Demək, Makedoniyalı İsgəndərlə İran şahı Dara arasında müharibə gedir və Daranın ordusundakı filin belinə mancanaq qoyulur. Həmin mancanaqdan guppagupla atəşlər açılır və İsgəndərin ordusu məğlub olur. İsgəndər də növbəti döyüş üçün düşməni Daranın fil fəndindən istifadə etmək istəsə də, fil tapa bilmir və vəziri ona filin dəvə ilə əvəzlənməsini məsləhət görür. Ancaq haradan dəvə gətirirlərsə, mancanaq belinə qoyulan kimi həmin dəvənin beli ağırlığa tab gətirməyərək, qırılır. Axırda bir böyük nər tapılır və onun beli mancanağı saxlayır. Beləliklə, növbəti müharibədə İsgəndər Daraya qalib gəlir.
Müharibədən sonra İsgəndər fərman verir ki, belində mancanaq daşıyan dəvə bundan sonra kimin ərazisinə girib nə etsə, onunla kimsənin işi olmamalıdır. Əks halda, dəvəyə güldən ağır söz deyənin boynu vurulacaqmış. Dəvə də sanki bunu bilirmiş kimi, xurmalıqlara, meyvə bağlarına girib insanlara ziyan vurur. Bir gün də gedib çıxır bazara və Ərəbistandan kişmiş gətirən bir tüccarın xurcunundakı kişmişi yeməyə başlayır. Ərəb istəyir dəvəni qovsun və bu zaman yerli sakinlərdən biri ona deyir ki, bəs dəvənin boynundan asılan fərmanı oxusun. O da çar-naçar qalıb, malının gözünün qarşısında yeyilməsini izləməyə başlayır və birdən durub tərəzinin gözlərini götürərək, bir-birinə vurmağa başlayır ki, dəvə hürksün. Bu zaman yanındakı yerli sakini gülməkdən yerə yıxılır. Ərəb də soruşanda ki, niyə gülür, yerli sakin cavabında ərəbə deyir ki, bu dəvənin belində bir neçə ay mancanaq atılıb, sən də onu tərəzinin gözlərini dınqıldada-dınqıldada qorxurmağa çalışırsan...
İndi, həmin bu müxalifət liderləri həmin o bədbəxt ərəbə dönüb və öz ölüvay, kimsəyə lazım olmayan mitinqləri ilə dınqhadınq salıb, ölkədə səs-küy yaradacağını sanırlar. Ancaq unudurlar ki, bu dövlətin ayaqda qalması, müstəqilliyinin qorunması, güclənməsi üçün daha hansı ağır sınaqlardan keçilməyib və belələri öz ucuz siyasətləri ilə heç vaxt bu faktora təsir göstərmək gücündə deyillər. Hər halda, istəsələr bunu da qulaqlarına sırğa edib, taxsınlar.
RÖVŞƏN