PDF Oxu

Müxalifət

  • 3 835

Müxalifətin "yeni qüvvələri" köhnə düşüncə tərzindən ayrılmır

image

TƏRS BAXIŞ

Başqalarında günah axtarmaq yolu ilə siyasi uğur qazanmaq olmaz

Uzun müddətdir ki, ölkə müxalif partiyadaxili ziddiyyətlərdən yaranmış parçalanmaların və bu parçalanmalardan əmələ gələn yeni siyasi təşkilatların sayının artmasına baxmayaraq, düşərgə daxilində ölü sükut, fəaliyyətsizlik ənənələri qalmaqda davam edir. Məsələ ondadır ki, bəzi müxalif partiya və hərəkat rəhbərləri də etiraf edirlər ki, əgər yenilik olmasa, bu müxalifətdən yaxın zamanlarda əsər-əlamət qalmayacaq.

Qopan tərəflər bənzər ifadələri ilə sadəcə ətraflarına elektorat toplamaq üçün bu cür siyasi gedişlər edirlər

Xüsusilə, bir-birləri ilə "ana müxalifətçilik" uğrunda didişən AXCP, Müsavat və s. partiyalardan qopan tərəflər ölkədaxili siyasi arenaya "yeni ab-hava" gətircəklərini iddia etsələr belə, onların da fəaliyyətlərindəki durğunluq, belə qənaətə gəlməyə əsas yaradır ki, verilən açıqlamalar, bəyanatlar, sadəcə, boğazdan yuxarı deyilmiş boş sözlərdir. Eyni zamanda, ictimai rəyə də məlumdur ki, qopan tərəflər bənzər ifadələri ilə, sadəcə, ətraflarına elektorat toplamaq üçün bu cür siyasi gedişlər edirlər. Yəni onların özləri də anlayırlar ki, bu gün ölkədə müxalifətin hər hansı bir sosial, ya da siyasi nöqteyi-nəzərdən çıxış edərək, bunu "xalqın sifarişi" kimi təqdim etməyə mövzusu yoxdur. Ən azından, "Milli Şura"-AXCP cütlüyünün, eləcə də, Müsavatın ayrı-ayrılıqda keçirdikləri mitinqlərindən də həmin mənzərəni görmək çətin olmadı.

Düzdür, bu gün Müsavat partiyasının sıralarından qopan "Ağ" partiya, "ADR" kimi təşkilatların, AXCP-dən qopan alternativ AXCP-nin, eyni zamanda, başqa siyasi qurumların mitinq keçirmək, aksiyalarla baş qatmaq fikirləri olmasa da, görünən budur ki, həmin təşkilatlar da qarşılarına qoyduqları məqsədlərinə nail ola bilməyiblər. Ancaq ümumilikdə, müxalifətdəki fəaliyyətsizliyin, iflasın səbəbi yenə də özlərini aparıcı müxalifət partiyaları kimi təqdim edən partiyalarda axtarılır.

"Ağ" partiyanın sədri Tural Abbaslı özü-öz sözlərini necə "vurdu"?

Bu arada, vaxtilə Müsavatda postlar tutmuş, hətta partiyanın qurultayında başqanlığa namizədliyini vermiş, ancaq saxtakarlıqlardan sonra oradan uzaqlaşaraq, özünə "Ağ" partiya adlı siyasi təşkilat yaradan Tural Abbaslının mediaya açıqladığı fikirləri maraq doğurur. SİA-nın məlumatına görə, partiya sədrinin fikrincə, düşərgədəki partiyaların siyasi səhnədə rolunun azalması, fəaliyyətinin zəifliyi iki səbəbdən baş verir. Onlardan biri digər hadisələrlə yanaşı, maliyyə mənbələrinin sıradan çıxarılması və sairdir. Maraqlıdır ki, T.Abbaslı müxalifətin zəif düşməsinin ilk tərəflərindən biri kimi guya hakimiyyətin düşərgənin fəaliyyətinə mane olması kimi göstərib. Ancaq həmin iddia fonunda, belə bir sual yaranır ki, əgər müxalifət hakimiyyətə yiyələnmək uğrunda öz gücünü ortaya qoya bilmirsə, hakimiyyətin burada hansı günahı ola bilər? Yəni günah yenə də müxalifətdə deyilmi?

"Ağ" partiyanın sədri ikinci səbəb kimi müxalif partiyaların özlərinin içində idarəetmədə, mübarizə metodlarında, hadisələrə yanaşma tərzində, müasir siyasi çağırışlara uyğunlaşma siyasətində, gənclərin və yeni adların ortaya çıxarılması işində, beynəlxalq əlaqələr siyasətində və sair sahələrdə islahatlar aparmamasında gördüyünü deyir. Lakin ikinci səbəbi ortaya qoyan T.Abbaslı bununla birinci səbəbdə irəli sürdüyü iddialarını, necə deyərlər, "vurur".

Daha dəqiq desək, bir tərəfdən hakimiyyətin müxalifətin fəaliyyətinə "əngəl" yaratdığını deyən T.Abbaslı sonradan müxalifətin yeniləşə bilməməsini elə ənənəvi düşərgə liderlərinin maneçilik göstərməsi ilə əlaqələndirir. Bu baxımdan, sözügedən açıqlamanı yalnız açıqlama vermək xətrinə deyildiyini və yaxud uğursuz nəticəçıxarma kimi qiymətləndirmək olar.

Mətbuatda müxalifətçilik heç vaxt alınmayıb

Əlbəttə ki, T.Abbaslı fəaliyyətsizliyin günahını özlərində axtarmaq yerinə, daha əvvəllər olduğu kimi, başqalarının üzərinə yıxmağa çalışır. Düzdür, onun düşərgə daxilindəki ənənəvi müxalifət partiyalarının liderlərinin maneə olduğu barədə dedikləri həqiqətdir, ancaq nəyə görə "Ağ" partiya bu məsələdə qətiyyət göstərmir, həmin partiyaların siyasi məzarlığa gömüləcəyi vaxtını müəyyənləşdirərək, tələblərlə çıxış etmir? Ancaq bunun yerinə partiyasının reklamını apararaq, özünün "yeni qüvvə" olduğunu nümayiş etdirir. SİTAT: "Artıq əminliklə deyə bilərəm ki, yeni siyasi qüvvələr yaranmaqda və siyasi meydana atılmaqdadır. Mən özümüzü, yəni "Ağ" partiyanı da, məhz belə siyasi qüvvələrdən biri hesab edirəm".

Lakin bu gün T.Abbaslı ilə yanaşı, elə digər sabiq müsavatçı funksioner-"ADR" hərəkatının rəhbəri Qubad İbadoğlu, alternativ AXCP-nin sədri Razi Nurullayev və başqaları da "yeni qüvvə" olduqlarını desələr də, xalq və ictimai rəy həmin iddiaların heç birini görmür, uzağı mətbuatda izləyir. Mətbuatda isə müxalifətçilik heç vaxt alınmayıb. Bu səbəbdən, T.Abbaslının da səbəblər axtararaq, zəifliklərini müxtəlif üsullarla gizlətməsi, əlbəttə ki, onun səmimi fikir ortaya qoymadığını təsdiq edir.

Rövşən RƏSULOV

Digər xəbərlər