"Özünüzə, ailənizə, nəsil-kökünüzə layiq şərhlər yazırsınız"
AXCP sədrinin keçmiş müavini Razi Nurullayevlə Əli Kərimli arasında 2015-ci ilin fevral ayından açıq müstəvidə başlayan düşmənçilik münasibətləri artıq pik həddinə çatıb. AXCP sədri Ə.Kərimlinin atdığı uğursuz addımlara etiraz əlaməti olaraq, partiyadan istefa verən R.Nurullayev orada baş verənlərlə bağlı ciddi ittihamlar səsləndirmişdi. İttihamlardan, partiyadakı kütləvi istefalardan heç bir nəticə çıxarmağı bacarmayan Ə.Kərimli bu gün də öz ənənəvi mövqeyindədir. Ə.Kərimlinin düşüncəsinə görə, əgər kim onun kimi düşünmürsə, kim cəbhəçi deyilsə, deməli, satqındır. Təsadüfi deyil ki, ən xırda tənqidlərə dözümü olmayan Ə.Kərimli 30 ildir tanıdığı insanları sosial şəbəkələrdə, məhz buna görə təhqir etdirir. Keçmiş müavini R.Nurullayevlə düşmənçilik münasibətlərini davam etdirməkdə israrlı görünən Ə.Kərimli bir neçə gündür ki, müxtəlif saxta profillər vasitəsilə onun ünvanına təhqirlər yağdırır, ittihamlar irəli sürür. Hətta deyərdim ki, Ə.Kərimli R.Nurullayevi sosial şəbəkələrdə təhqir etdirmək üçün bütün cəbhəçiləri "səfərbər" edib. Alternativ AXCP-nin sədri R.Nurullayevin də Ə.Kərimliyə cavabı çox gecikməyib. Ə.Kərimlinin trolları vasitəsilə ünvanına səslənən təhqirlərə cavab verən R.Nurullayev bildirib ki, artıq ənənəvi qaragüruhçular sıradan çıxıb, onlara qətiyyən heç kim inanmır: "Siz bu millətə nə verirsiniz, ay qaragüruh yığıncağı, ay yurdsuz "Yurd"çular? Mənim hər statusumun altında özünüzə, ailənizə, nəsil-kökünüzə layiq şərhlər yazırsınız. Söyüş, təhqir, aşağılayıcı ifadələr sizin qanınızda axan qandan, bir də geninizdən gəlir. Sizinlə mədəni, sivill və kübar cəmiyyət qurmaq olarmı? Siz vəzifə sahibi olsanız, bu ölkənin altını üstünə çevirərsiniz. Bu, heç zaman olmayacaq. Çürük qoz kimi ayaqlar altında əzilib, üfunət iyinizi ətrafa yayacaqsınız".
Samir