PDF Oxu

Müxalifət

  • 3 701

AXCP və Müsavat - siyasi düşmənçilikdən amansız biznes rəqabətinə doğru

image

Qeyri-qanuni siyasi mühacir ticarəti hər iki müxalifət partiyasını qarşı-qarşıya qoyub

Müxtəlif saxta yollarla Avropada sığınacaq almağa çalışan şəxslərin hələ sentyabr ayında Fransanın Strasburq şəhərində "Azərbaycan Naminə Demokratiya" adlı qondarma qurum yaratmalarının ardınca yeni təfərrüatlar meydana çıxmaqdadır. Xatırladaq ki, adıçəkilən qurum təsis edilərkən, orada "Milli Şura"nın sədri Cəmil Həsənli, eyni zamanda, həmin təşkilatın koordinasiya şurasının üzvü, Müsavat başqanının müavini Tofiq Yaqublu da iştirak edib. Yeri gəlmişkən, Müsavat partiyasının "Milli Şura"da təmsil olunmamasına baxmayaraq, T.Yaqublu həmin təşkilatda koordinasiya şurasının üzvü olaraq qalmaqdadır.

"AND" adlı qurumun təsis olunmasının pərdəarxası məqamları

Artıq bəlli olmağa başlayıb ki, "AND" adlı qurumun yaradılmasının məqsədi qeyri-qanuni mühacir biznesini inkişaf etdirmək, siyasi partiya və təşkilatlar adı altında sui-istifadə yolları ilə xaricə köçmək istəyən adamlara saxta sənədlər verməkdən ibarətdir. Qısacası, "AND"ın Azərbaycanda mühacir biznesinin Avropadakı mərkəzi olacağı artıq sübuta yetirilib. Belə ki, C.Həsənlinin təsis iclasında iştirak etməsi də belə qənaətə gəlməyə zəmin yaradır ki, o, AXCP sədri Əli Kərimlidən tapşırıqlarını alıb.

Maraqlı məqamlardan biri də mühacir biznesi məsələsində AXCP-"Milli Şura" cütlüyünün onlara ciddi şəkildə mane olan Müsavatın siyasi mühacir bazarından çıxarılması məqsədinin dayanması barədə iddiaların ortaya çıxmasıdır. Çünki Ə.Kərimliyə qədər bu məsələdə Müsavatın sabiq başqanı İsa Qəmbər və hazırkı başqanı Arif Hacılı daha çox cəhdlər göstəriblər. AXCP sədri isə, gec də olsa, ayılıb və indi də siyasi mühacir bazarını müsavatçıların inhisarından qoparıb, öz monopoliyasına salmağa çalışır.

Üzvlük vəsiqəsi 500, saxta arayış 6000 AZN, yaxud Müsavatın "bazarkomları" kimlərdir?

Məsələn, hələ ötən il İsveçdə yaşayan müxalifətyönlü jurnalist, "Yeni Müsavat"ın sabiq yazarı Elbəyi Həsənli mövzu ilə bağlı ciddi faktlar açıqlayaraq, dəlil və sübutlarla çıxış etmişdi. Həmin vaxt bəlli olmuşdu ki, Müsavat partiyasının son illərdəki mühacir biznesinin aparıcı fiqurları, məhz partiya rəhbərliyini təmsil edən şəxslər olub. Hətta düşərgədə onları "bazarkom" adalandırılmaları haqqında fikirlər də mövcuddur. Başqan A.Hacılı, partiyanın mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı, o cümlədən, tanınmış funksionerlər - Razim Əmiraslanlı, Səxavət Soltanlı, Rafiq İsmayıl, Vaqif Davud, Nemət Kərimli və başqaları. E.Həsənlinin sözlərinə görə, Müsavat rəhbərliyinə bu işdə Avropada mühacirətdə olan azərbaycanlılar - Əli Ağayev, Eldəniz Yusibov, Yusif Abiov və Qabil Rzayev yardım ediblər.

Daha bir maraq doğuran məqam həmin şəxslərin Avropaya mühacirət etmək istəyən vətəndaşları ən müxtəlif yollarla tapmaları olub ki, nəticədə, mühacir biznesinin əsası qoyulub. Məsələn, yuxarıda adları çəkilən şəxslər onlarla cinayət əlaqəsinə girərək, öncə həmin adamları partiyaya yazdırırlar, lazım olan say düzələndən sonra, icazəsiz piket, ya da mitinq təşkil edib, onların fotolarını çəkdirirlər, polisə qarşı təxribatlar törədib sutkalıq həbs cəzaları aldırırdılar, sonra isə sənədlərini hazırlayıb, siyasi mühacir etmək üçün bazarlığa girişirdilər. Qiymət preskurantı isə təxmini olaraq bu cür olub: Müsavat partiyasının üzvlük vəsiqəsi 500 AZN, arayış isə 6000 AZN...

Əli Kərimli siyasi mühacir bazarını Müsavatın inhisarından alıb AXCP-nin monopoliyasına salır - üzvlük vəsiqəsi 600, "təqib olunmağı təsdiq edən araypış" isə 7000 AZN

Məhz bu cür gəlir mənbəyinə sahib olmaq üçün AXCP sədri Ə.Kərimli əzəli və əbədi düşməni olan Müsavat partiyasını sözügedən bazardan çıxdaş etmək qərarına gəlib. Son uğursuzluqla nəticələnən mitinqlər də buna hesablanmış addım idi desək, heç də yanılmarıq. Hətta AXCP sədri Qərbə mühacirət etmək niyyətində olan adamlara daha "etibarlı" sənədlər vermək üçün yeni qiymət müəyyənləşdirib. AXCP-yə üzvlük vəsiqəsi 600 AZN, "hakimiyyətin təqib etdiyini təsdiq edən arayış" isə 7000 manat...

Bəlli olan budur ki, Ə.Kərimlinin Azərbaycandan Avropaya "siyasi mühacir", yaxud "qaçqın" statusu ilə sığınacaq istəyənlərə "yardım" etdiyi barədə sübutlar kifayət qədərdir. Bu sübutlara əsasən, Azərbaycanın nüfuzlu turizm şirkətlərindən biri ilə gizli razılaşma əldə edən AXCP sədri bazarını artırmaq üçün yazının əvvəlində qeyd etdiyimiz "AND" adlı qurumu siyasət alətinə çevrilmiş C.Həsənli və T.Yaqublu vasitəsilə təsis etdirib. Məhz Strasburq şəhərində qurulmuş bu təşkilat həmin turizm şirkəti ilə əlbir olacaq. Hətta bunun üçün turizm şirkətinə müəyyən dərəcəli faizlər də veriləcək. Beləliklə, AXCP və Müsavat arasında yalnız siyasi düşmənçilik mövcud deyil və bu partiyalar arasında həm də amansız biznes rəqabəti də var. Belə olan halda, biz yaxın vaxtlarda hər iki partiya rəhbərliyi arasında daha şiddətli qarşıdurmaların şahidlərinə çevriləcəyik.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər