Dağıdıcı müxalifət partiyalarının, xüsusilə də, AXCP və Müsavat rəhbərliyinin İslam Həmrəyliyi Oyunları ərəfəsində cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə nəzarətlərində olan mətbu orqanlar vasitəsilə təxribatçı məlumatlar yaymasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı münasibət bildirib. Komitə sədri M.Qurbanlı "SƏS" qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitlik yüksək səviyyədədir: "Hüquq-mühafizə orqanlarımız təhlükəsizliyimizi qorumaq üçün kifayət qədər qabaqlayıcı tədbirlər həyata keçirirlər. Azərbaycanda hansısa qrupların, dairələrin ictimai-siyasi sabitliyi pozmaq cəhdləri heç bir nəticə verə bilməz. İctimaiyyət də dövlət qurumları ilə həmrəylik nümayiş etdirir. Mediamız da öz təbliğatını yüksək səviyyədə qurub. Bədxah və məkrli niyyətli adamların bu cür məlumatlar ətrafında ajiotaj yaratmaq cəhdləri qəbuledilməzdir. Azərbaycanda İslam Oyunları ilə bağlı ən yüksək səviyyədə hazırlıqlar həyata keçirilib. Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin toplantısında çıxışlar oldu və məruzələr dinlənildi".
M.Qurbanlı dağıdıcı müxalifətin nzəarətində olan təxribatçı xəbər saytlarının fəaliyyətinin ölkəmizdə məhdudlaşdırılması ilə bağlı məsələyə də münasibət bildirərkən qeyd edib ki, bu məsələlər hüquqi müstəvidə həllini tapacaq: "Kimlərinsə bunu siyasiləşdirməsi doğru deyil. Onların informasiya ilə əlaqədar qanunvericilikdə tələb olunan halları pozması ilə bağlı məhkəmə gedir. Hesab edirəm ki hər bir media qurumu milli maraqları və dövlət maraqlarını hər şeydən öndə tutmalıdır. İnformasiya yayılarkən ölkənin taleyüklü məsələləri nəzərə alınmalıdır. Hər hansı bir informasiya qurumunun, xüsusi olaraq qanunvercilik çərçivəsində məhdudlaşdırılması hər bir ölkədə ola bilər, o cümlədən də, Azərbaycanda...".
Samir