PDF Oxu

Müxalifət

  • 3 780

Ənənəvi düşərgə liderləri müxalifətdən pensiyaya çıxmağa razıdırlar?

image

İDDİA

AXCP sədri: "Bəlkə siyasətdən getdikləri zaman onları heç universitetlərdə belə müəllim götürməyəcəklər"

AXCP sədri Əli Kərimlinin partiyasına alternativ olaraq fəaliyyət göstərən alternativ AXCP-nin sədri Razi Nurullayev növbəti dəfə ənənəvi düşərgədəki müxalifət partiyalarını, eləcə də, onların rəhbərlərini sərt şəkildə tənqid edib. Xüsusilə, "ana müxalifət" adı uğrunda mübarizə aparan liderləri hədəfə alan R.Nurullayev onların 24 ildir ki, xalqın adından danışdıqlarını, lakin ictimai rəyin onları qəbul etmədiyini bildirib. Onun sözlərindən belə qənaətə gəlmək olar ki, Ə.Kərimli, Arif Hacılı, İ.Qəmbər, İqbal Ağazadə, Sərdar Cəlaloğlu, Əli Əliyev, Mirmahmud Mirəlioğlu və müxalifətçilərin məqəsdləri heç də hakimiyyətə yiyələnmək deyil, onların əsas maraqları elə müxalifətdə qalmaqdan ibarətdir.

"Bu insanlar müxalifətdə olduqlarının zamanını uzatmaq üçün çalışırlar"

Digər tərəfdən, alternativ AXCP-nin sədri hesab edir ki, həmin adamlar ömürlərinin yalnız müxalifətçilikdə keçmələrini arzulayırlar, çünki xalqın onların sözlərinə etinasız yanaşdığının fərqinə varıblar: "Bu insanlar müxalifətdə olduqlarının zamanını uzatmaq üçün çalışırlar. Onların 90%-i əmindir ki, xalq heç zaman onları dəstəkləməyəcək". Nurullayev, həmçinin, əlavə edib ki, artıq insanların gözləri onları görməkdən yorulub. SİTAT: "Onlar dalbadal seçkiləri ya uduzublar, ya da uduzdurulublar. Xalqa verdikləri vədləri yerinə yetirə bilməyiblər. Hər zaman deyirlər ki, xalq ayağa qalxacaq, biz hakimiyyətə gələcəyik. Amma bunların heç biri baş verməyib və bəlkə siyasətdən getdikləri zaman onları heç universitetlərdə belə müəllim götürməyəcəklər".

"Qurdral Vadisi"nə bənzər vəziyyət - "Qələmləri qırılıb"

Müxalifətçi partiya sədri istehzalı şəkildə iddia edib ki, həmin adamlar təqaüdə, məhz müxalifətdən çıxacaqlar: "Artıq bu şəxslər müxalifətə iş yeri kimi baxmaq, gələcəkdə pensiyaya çıxmaq istəyirlər. Bəlkə də onlara aylıq təminatı yüksək olan iş təklif olunarsa, inandırıram ki, müxalifətdə olanların 60-70%-i bununla razılaşar".

R.Nurullayev Türkiyədə yayımlanmış məşhur "Qurdlar Vadisi" teleserialından misal gətirərək, ənənəvi müxalifət liderlərinin qələmlərinin qırıldığını deyib.

"Xalq müxalifətin nasaz velosipedinin təkərləri altında qalıb əzilə bilər"

"Qurdlar Vadisi"ndə olduğu kimi, qələmləri qırılıb"-deyə qeyd edən alternariv AXCP-nin sədri əlavə edib ki, xalqın müxalifətin arxasınca getməməsi liderlərin köhnə təfəkkürə sahib olmalarından da irəli gəlir: "...Burada yeni velosiped icad etməyə gərək yoxdur. Biz sovet dövründən qalan velosipedlə xalqı arxamızca aparmaq istəyiriksə, təbii ki, heç bir gözlənti ola bilməz. Velosipedin təkərlərini, yaxud başqa yerlərini dəyişmək lazımdır. Düşünürəm ki, biz yeni qüvvələr - tək özümüzü demirəm - həqiqəti görə bilir, zamanla uyğunlaşırlar. Velosipedə dəyişiklik etmək üçün fəaliyyət göstərirlər..."

Nurullayev ənənəvi müxalifətin "velosipedinin mexanizmlərinin sıradan çıxdığını" deyərək, onların hərəkət etdikcə qəza törədəcəklərini bildirib: "Xalq arasından da o velosipedin təkərləri altında qalanlar olacaq. Yeni qüvvələrə və simalara çox ehtiyac var".

Göründüyü kimi, alternativ AXCP-nin sədri R.Nurullayev yeniliyə ehtiyacın olduğunu deyir, ancaq bunun üçün köhnələrin getmələrini vacib sayır. Ancaq bu kimi fikirlərin uzun müddətdir ki, müxalifət düşərgəsində səsləndirilməsinə baxmayaraq, nə liderlər yerlərindən tərpənir, nə də bu kimi təkliflərə ciddi yanaşılır.

Rövşən RƏSULOV

Digər xəbərlər