Əli Kərimli hansı sualların qarşısında acizdir?
Azərbaycanda fəaliyyət göstərən dağıdıcı müxalifət partiyalarının bəzi xarici dairələrin "zombi"ləşmiş "filial"ı kimi fəaliyyət göstərməsi zaman-zaman faktlarla öz təsdiqini tapmışdır. Müsəlman-türk ölkələrinə inqilablar icra etməyə çalışan xarici təxribatçı dairələrin maraqlarına xidmət edən, Azərbaycanda xaos yaratmağa çalışan dağıdıcı müxaifət partiyalarının "lider"ləri öz antimilli əməllərini gizlətməyə çalışsalar da, inkaredilməz faktlar başqa söz deyir. Heç vaxt maliyyə hesabatı verməyən AXCP sədri Əli Kərimli açıqlanan faktlar qarşısında şər-böhtan maşınını işə salmaqdan başqa bir şey bacarmır. Ancaq bir çox suallar hələ də açıq qalır...
Məsələn, AXCP sədri Ə.Kərimlinin vaxtilə bank sektorunda işləyən qaynı Elnur Seyidovun 2011-ci ilin yanvar ayının 28-dən 2012-ci ilin fevral ayının 24-nə qədər "Texnikabank"ın Yasamal filialından 4 milyon 680 min manat nağd pul çıxarmışdı. O, imkanları hesabına Bristol Universitetinə qəbul olması münasibətilə Ə.Kərimlinin oğlu Türkel Kərimliyə bahalı maşın da hədiyyə etmişdi. Bacısı Aytən Seyidova da Ə.Kərimliyə məxsus evdə yaşayırdı. Lakin bu pulun nəyə sərf olunması ilə bağlı yaranan sualları Ə.Kərimli cavablandırmaq əvəzinə sosial şəbəkələrdə "trol"lar vasitəsilə dövlətə qarşı şər kampaniyasına start verdi. T.Kərimlinin illik 40 min dollar təhsil haqqının necə ödənildiyi ilə bağlı səslənən suallar da cavabsız qaldı. Bakının Dübəndi kəndində yerləşən Ə.Kərimliyə məxsus villanı hansı pulla tikdirməsi məsələsinə heç vaxt aydınlıq gətirilməyib. Sadəcə, AXCP sədrinin müavini N.Məmmədli mətbuata açıqlama verərək, Dübəndidəki villanın Ə.Kərimliyə məxsus olmadığını bildirdi. Ancaq Ə.Kərimliyə məxsus "Mazda CX-7" markalı 01-BM-636 dövlət nömrə nişanlı avtomobilin nə üçün günün böyük hissəsində, məhz həmin villanın həyətində olmasına cavab verən olmadı. Ə.Kərimli 2008-ci ildə "Texnikabank"ın Yasamal filialından 145 min manat məbləğində kredit götürmüşdü. Maraqlıdır ki, gecə-gündüz "pulsuzluq"dan ağlayan AXCP sədri bu kredit borcunu cəmisi bir neçə ayın içində heç bir ləngimə və problem olmadan ödəyib qurtarmışdı. Özü də təkcə öz borcunu yox, oğlu T.Kərimlinin də 20 min 640 funt-sterlinq və 12 min 147 manatlıq iki kredit borcunu ödəyərək, borc hesablarını bağlamışdı. Ə.Kərimli bu pulları hardan və necə əldə etmişdi?
Söyüş söyməklə və sosial şəbəkələrdə "demokrat" donu geyinməklə siyasi fəaliyyət olmur axı...
Heç şübhəsiz ki, ölkəmizdə normal müxalifətçiliyin formalaşmasına mane olan əsas şəxslər, məhz AXCP sədri Ə.Kərimli və Müsavatın sabiq başqanı İ.Qəmbərdir. Özlərini nə qədər "demokrat" göstərməyə çalışsalar da, xalqı aldatmaq mümkün deyildir. Bütün addımları ilə antimilli olduqlarını əyani şəkildə sübut edən bu şəxslər, uzun illərdir ki, ətraflarındakı başısoyuq adamların boğazına kəndir salıb, sağa-sola fırladırlar. Məsələ bundadır ki, özlərini "əsas" müxalifət partiyaları adlandıran Müsavat, AXCP, KXCP və digər bu tip siyasi təşkilatlar heç vaxt maliyyə hesabatları vermirlər, kağız üzərində, yalnız ildə iki dəfə mitinqlər keçirməklə, yaxud öz nəzarətlərində olan mətbu orqanlarda şantaj və şər-böhtan xarakterli bəyanatlar verməklə, işlərini bitmiş hesab edirlər.
Hələ bir neçə ay bundan öncə, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov bildirmişdi ki, hər bir partiya Mərkəzi-Seçki Komissiyasına maliyyə hesabatını təqdim etməlidir: "Əfsuslar olsun ki, bir sıra partiyalar, ümumiyyətlə maliyyə hesabatı vermir. Bəziləri isə verdiyi hesabatın qarşısında sıfır rəqəmi yazır. Halbuki kifayət qədər işçiləri var, fəaliyyət göstərir, gündəlik işləyir. Bunlar gedib gündüzlər müəllimlik edib, sonra işləmirlər. Səhərdən-axşama qədər ofislərində fəaliyyət göstərirlər. Amma adına əməkhaqqı yoxdur. Yəqin hava ilə yaşayırlar. Bu baxımdan, digər partiyaların balansında maşınları, cangüdənləri və böyük ştatlı aparatları var. Bu, qeyri-şəffaflığa yol açır və qaranlıq mənbələrdən qidalanmanın bariz nümunəsini ortaya qoyur".
Bəli, dağıdıcı müxalifət rəhbərləri, həqiqətən də, özlərini gülünc vəziyyətə salırlar. Axı heç yerdən pul almadığını iddia edən dağıdıcı müxalifət partiya sədrləri bəs 4 mühafizəçini, ofis işçilərini necə saxlayır və onlara necə maaş verir? Həqiqətən də, ildə iki dəfə-yazda və payızda cücərən partiyalar öz fəaliyyətsizliklərini müxtəlif üsullarla pərdələməyə çalışırlar". S.Novruzov onu da bildirib ki, Azərbaycanda fəaliyyətsiz partiyaların fəaliyyəti dayandırılacaq: "Azərbaycanda 100-ə yaxın partiya var və onlardan 54-ü qeydiyyatdan keçib. Yəni 46 partiyanın qeydiyyatı yoxdur. Qeydiyyatda olanların böyük əksəriyyəti isə kağız üzərində fəaliyyət göstərir. Partiya nizamnaməsinin qarşıya qoyduğu tələblər-seçkidə iştirak, kadrların hazırlanması, alternativ layihələrin verilməsi və digər bu formada olan məsələlər yerinə yetirilmir. Təəssüflər olsun ki, onlar heç bir işlə məşğul olmurlar. Ancaq aradabir bəyanat verməklə, funksiyalarını başa çatmış hesab edirlər. Bu baxımdan, dünyanın hər yerində, məsələn, Avstriyada iki il belə fəaliyyət göstərən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv edilir. Yaponiyada, o cümlədən, onlarla ölkədə prosedur ləğv edilir".
"Beşinci kolon" üzvlərinin mənfur niyyətləri puç olacaq
"Beşinci kolon" üzvlərinin, anti-milli qüvvələrin atdığı son addımlardan görünür ki, onlar yeni təlimatlar alıblar. Bu gün Azərbaycanda ən mötəbər tədbirlərdən biri keçirilir. Turistlər ölkəmizə axışırlar. Ölkəmizi daha yaxından tanımaq üçün yeni fürsət yaranır, Azərbaycan dövlətinin tolerantlığı və iqtisadi gücü bir daha dünyaya nümayiş olunacaq. Bu isə, dağıdıcı müxalifətə sərf etmir, ona görə də "beşinci kolon" üzvləri dövlətimizi ləkələmək və xarici qonaqların təsəvvüründə mənfi təəssüratlar yaratmaq üçün, əllərindən gələni etməyə çalışırlar. Heç şübhəsiz ki, antimilli qüvvələrin bu niyyətləri də puç olacaq. Doğma ölkəsinə qarşı əsl düşmənçilik mövqeyi ortaya qoymaq, hətta telayüklü məsələlərdə belə ermənipərəst mövqeyi ilə gündəm yaratmağa cəhd etmək heç kimə başucalığı gətirməyib və cəbhəçilərə və müsavatçılara da gətirməyəcək. Nəticə çıxarmağın zamanıdır!
Samir