Ramin Hacılı müxalifətçilərin həmişə böhtanlarla yaşadıqlarını bildirib
Son günlər dağıdıcı müxalifət düşərgəsində mühacirət "biznesi" ilə bağlı yaranan qarşılıqlı ittihamlar səngimək bilmir. Siyasi arenada hər hansı uğuru olmayan ideyası xatırlanmayan bu düşərgənin adı, daha konkret desək, Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun rəhbəri Əli Kərimli pul müqabilində mühacirlər üçün saxta sənəd təşkil etməkdə ittiham obyektinə çevrilib. Bu günlərdə növbəti qalmaqal siyasi sığınacaq almaq üçün Almaniyaya üz tutmuş "Dalğa" Gənclər Hərəkatının keçmiş rəhbəri, Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı ilə bağlı olub. Bildirilir ki, R.Hacılı xaricdən sığınacaq almaq istəyən şəxslərə saxta partiya biletləri, saxta məhkəmə qərarları, polis tərəfindən saxlanma ilə bağlı saxta protokollar satıb. Həmin şəxslər də bu saxta sənədlərlə digər ölkələrdə siyasi sığınacaqlar alırlar.
Maraqlıdır ki, AXCP sədrinin müavini Gözəl Bayramlı R.Hacılının saxta partiya sənədi düzəldərək, azərbaycanlıların Avropaya mühacirət etməsinə şərait yaratdığına dair iddia irəli sürüb. G.Bayramlı sosial şəbəkələrdə Türkel adlı cəbhəçiyə istinad edərək, Almaniyaya mühacirət etmiş azərbaycanlının bu faktın üstünü açdığını qeyd edib: "Ramin Hacılı həmin şəxsə 3 min manata AXCP-yə məxsus partiya bileti və naməlum şəxslər tərəfindən döyülməyi ilə bağlı sənəd verib. Türkel Azərtürk adlı feysbuk istifadəçisi Almaniyaya mühacirət etmiş azərbaycanlıya məxsus saxta sənədin də fotosunu paylaşıb".
Ramin Hacıcılı: "Müxalifət yenə də alçaqlığa əl atır?"
R.Hacılı G.Bayramlının ittihamlarına cavab olaraq mətbuata açıqlamalarında zaman-zaman AXCP üzvlərinin hücumlarına məruz qaldığını bildirib: "Mən 2012-ci ildə Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyinin rəhbəri kimi Brüssel tərəfindən tanındım. Bir neçə namizəd var idi. O cümlədən, cəbhəçi Qənimət Zahid də namizədlərdən biri idi. Amma mərkəz mənim göstəricilərimi məqbul saydı və adımı təsdiqlədi. O zaman AXCP-çilər üstümə hücuma keçdi. Dedilər ki, guya avropalılara kürü vermişəm. "Azadlıq" qəzetinin qoşa səhifəsində yazı yayımlandı. 2013-cü ildə Demokratik İslahatlar Partiyasından ayrıldım. Cəbhəçilər onlara qoşulmağı təklif etdilər, amma razılaşmadım. Daha sonra "Ümid" partiyasına getdim. Yenə hücum başladı. Hətta utanmadan 2015-ci ildə "Azadlıq" qəzeti Milli Məclisə seçkilərdə saxtakarlıq etdiyimi yazdı. Axı bunu necə edə bilərdim?! Neçə vaxtdır ki, xaricdə yüzlərlə turizm şirkətləri kimi, mən də təhsil və səyahət, qısaca, turizm sahəsində çalışıram. Avropaya gedənlər arasında sənəd alıb sığınacağa üz tutanlar olur. Danışanda sənədi kimlərdən və hansı qiymətə aldıqları bilinir. Bu pullar hesabına hansı partiya və təşkilatlar yaşayır, bu ölkədə çox adama bəllidir".
R.Hacılı siyasi partiyaların özlərinin sığınacaq almaq istəyənlərə sənədlər satdıqlarını və bu sahədə biznes qurduqlarını da açıq-aydın iddia edib: "Açıq şəkildə, kişi kimi deyin ki, bəli, sənəd veririk, insanlar mühacirətə gedir. Siz ki "hamıdan yaxşı" müxalifətçisiniz. Hanı sizin ədalət hissiniz? Ədaləti elə yalnız hakimiyyətdən tələb etməklə, iş bitmir. AXCP-nin sədr müavini Nürəddin Məmmədlinin dediyinə görə 3 ildir, heç kimə partiya adından heç bir sənəd verilməyib: "Biz rəsmi şəkildə bütün beynəlxalq təşkilatlara, aidiyyəti qurumlara ərizə vermişik ki, 3 ildir, AXCP heç kimə sənəd verməyib. Ona görə də cinayətkarları başqa yerdə axtarsınlar".
Göründüyü kimi, bu günə qədər mətbuatın dəfələrlə gündəmə gətirdiyi mühacir biznesi məsələsində AXCP-nin və onun rəhbəri Ə.Kərimlinin adı yenə də "qırmızı xətlə"" keçməkdədir.
Rəfiqə HÜSEYNOVA