Son günlər diqqətçəkən əsas mövzulardan biri də müxalifətdaxili intriqaların daha da gərginləşməsi və bunun fonunda yeni qopmaların baş verməsidir. Siyasi ekspertlər proseslərin bu formada davam etməsi nəticəsində bir neçə müxalif partiyanın da fəaliyyətini dayandıracağını bildirirlər. "Yurddaş" partiyasının sədri Mais Səfərli daxili mübarizənin son dərəcə kritik xarakter alması da əsas günahkar rolunu Müsavatla AXCP funksionerlərinin oynadığını qeyd etdi: "Bütün hallarda müxalifətin dağınıq və pərakəndə halda olmasının başlıca günahkarı AXCP və Müsavat partiyasıdır. Yəni bu iki partiya arasında gedən çəkişmələr müxalifətin birləşmək arzusunu alt-üst edib. AXCP və Müsavat arasında gedən qarşıdurmalar müxalifət düşərgəsinin normal inkişaf etməsinə və islahatların aparılmasına mane olan amillərdəndir. Yəni AXCP və Müsavat arasında gedən dava-dalaş müxalifəti tamamilə iflıc vəziyyətinə salıb".
Müxalifətin hədəfləri bir-birinə qarşıdır
M.Səfərlinin sözlərinə görə, müxalifət partiya rəhbərləri hesab edirlər ki, biri digərini siyasi səhnədən sıxışdırıb çıxarmaqla maraqlarını təmin edə biləcəklər: "Məhz müxalifət partiya rəhbərlərinin arasında gedən dava-dalaş bunun üzərində qurulub. Adlarını siyasi qüvvə qoyanlar normal təşəbbüslər, proqramlar irəli sürə və cəmiyyəti cəlb edə biləcək normal ideyalarla çıxış edə bilmirlərsə, onda həmin partiyaların cəmiyyət tərəfindən heç bir siyasi dəstəyi də olmayacaq. Bugünkü müxalifətin bu cür çıxılmaz bir vəziyyətə düşməsinin də səbəbi, məhz müxalifətin yersiz hərəkətləri, yalan vədləri və şəxsi ambisiyalarının olması ilə bağlıdır. Demək olar ki, bu gün müxalifət partiyalarının mövcudluğu cəmiyyət üçün heç bir əhəmiyyət daşımır".
Müxalifət üçün siyasət gəlir mənbəyinə çevrilib
Böyük Quruluş Partiyasının Ali Məclisinin sədri Əjdər Əliyev də o fikirdədir ki, müxalifətin cəmiyyətdə gedən ictimai- siyasi proseslərdən kənarda qalmasının və düşərgə daxilində səngimək bilməyən qalmaqalların baş verməsinin əsas günahkarları Müsavatla AXCP arasında gedən mövqe savaşıdır: "Bəzi müxalifət partiyaları arasında seçki kampaniyaları ərəfəsində hansısa siyasi blokların və ittifaqların yaranması gözləniləndir. Ancaq yaradılan həmin birliklərin uzun müddət fəaliyyət göstərməyəcəyi şübhəlidir. Çünki iddialar yeni yaranan bloların uzunömürlü olmasına imkan vermir. Təsis edilən qrumların dağılmasını şərtləndirən səbəblərdən biri də bloklarda təmsil olunan təşkilatların hər birinin məhdud partiya mənafeyini, firqəçilik təəssübkeşliyini ümummüxalifət mənafeyindən üstün tutmağa daha cox cəhd etmələridir. Bu da həmin blokların dağılmasına gətirib çıxarır".
GÜLYANƏ AĞAKƏRİMOVA