TƏRS BAXIŞ
Yaxud sosial şəbəkələrdə müxalifətçilik olurmu?
Son illər istifadəsi daha da populyaralaşan sosial şəbəkələr, artıq adından da göründüyü kimi, yalnız sosial məcrada deyil, demək olar ki, bütün sahələr üzrə istifadə olunan bir məkana çevrilib. İqtisadçılar, idmançılar, mədəniyyət adamları, siyasilər və digər çoxsaylı sahələri təmsil edən insanlar həyat axarlarının bir hissəsini, məhz sosial şəbəkələrdə keçirirlər.
Məsələ yalnız bunda deyil və eyni zamanda, məqsəd sosial şəbəkələrin insan həyatına nə qədər səmərə, ya da zərər verməsi barədə fikrə də yönəlməyib. Daha doğrusu, burada məqsəd sosial şəbəkələrdən sui-istifadə edərək, siyasət yürüdənlər ətrafında mövqe bildirməkdir.
Sadəcə, özünü aldatmaq üçün...Yaxud dağıdıcı müxalifət liderlərinə tərəf atılan daş...
Azərbaycanın siyasi arenasında çoxsaylı müxalifət partiyaları var ki, onların fəaliyyətləri əməli şəkildə deyil, məhz "facebook", "twitter", "v kontakte" və s. adlı sosial şəbəkələrdə virtual şəkildə görünməkdədir. Hətta bu gün özlərini "ana müxalifət" kimi ictimai rəyə zorla sırıyan tərəflər də virtual aləmə baş vuraraq, saxta profillər vasitəsilə guya "yüz minlərlə" (?!) tərəfdarlarının olduğunu deyərək, sinələrinə döyürlər. Halbuki belə partiyaların mitinq və piketlərinə nəzər salarkən biz bunun heç də belə olmadığını, əksinə, üç yüz-beş yüzdən artıq dəstəkçilərinin olmadığını deyə bilərik. Bu isə sosial şəbəkələrdəki "yüz minlərdən" fərqli olaraq, faktdır. Beləliklə, sual yaranır: əgər siyasi müxalifətçilik bu qədər rahat bir məsələdirsə, o zaman istənilən adam partiya yaradıb, onun "fəaliyyətini" sosial şəbəkələrdə göstərə bilərmi? Əlbəttə ki, yox. Lakin bunu edə də bilər, sadəcə özünü aldatmaq üçün...
"VİP" sədri Əli Əliyev: "Partiyaların cəmiyyətdəki problemləri sosial şəbəkələr vasitəsilə müzakirə etmələri yanlışdır"
Bu arada siyasi fəaliyyətlərini sosial şəbəkələr vasitəsilə uğurlu istiqamətə aparmaq iddiasında olmayan müxalifət partiyaları da var ki, onlar bənzər halları özünü və cəmiyyəti aldatmaq kimi qəbul edirlər. Məsələn, "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyev virtual ünsiyyətin və siyasi fəaliyyətin canlı təmasların yerini vermədiyi fikrindədir. Onun fikrincə, partiyaların təbliğatlarını ancaq "facebook" üzərində aparmaları yanlışdır. "Partiyalar yalnız "facebook"dan istifadə etsələr, cəmiyyətlə təmaslarını tamamilə itirə bilərlər"-deyə qeyd edən "VİP" sədri əlavə edib ki, şəxsən onun özü rəhbərlik etdiyi partiyasını canlı təmaslar yönündə fəaliyyət göstərməyə üstünlük verir: "Partiyaların cəmiyyətdəki problemləri sosial şəbəkələr vasitəsilə müzakirə etmələri yanlışdır. Bu gün cəmiyyət siyasətə, bütövlükdə etinasız yanaşır. Bu baxımdan, partiyalar sosial şəbəkələrin operativliyindən mümkün qədər istifadə etməyə, cəmiyyətlə ünsiyyət qurmağa çalışırlar. Ancaq heç bir halda, virtual əlaqə canlı ünsiyyəti əvəz edə bilməz. "Facebook" fəaliyyəti təbliğatın yalnız bir hissəsi kimi nəzərdə tutulmalıdır".
ADP sədri Sərdar Cəlaloğlu: "İnternet şəxsiyyətin çiçəklənməsinin və inkişafının qarşısını alan bir vasitədir"
Elə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da, demək olar ki, eyni düşündüyünü nümayiş etdirib. O, hesab edir ki, internet aludəçiləri özlərini cəmiyyətdə ifadə edə bilmirlər. Belə ki, daim internetdən istifadə edənlər aparılan təbliğatın köləsinə çevrilirlər.
"Ünsiyyət sözü iki insan arasında ruhi əlaqələrin yaradılması deməkdir. Əgər internet vasitəsilə insanlar bir-biri ilə əlaqə yaradırsa, bu, o deməkdir ki, canlı ünsiyyət yoxdur"-deyə qeyd edən Cəlaloğlu əlavə edib ki, məhz bu səbəblərə görə internetlə həddən artıq ünsiyyət quran insanlar, faktiki olaraq, sosial ünsiyyətlərdən məhrum olur və internet asılılığına çevrilir: "Bu baxımdan, internet şəxsiyyətin çiçəklənməsinin və inkişafının qarşısını alan bir vasitədir".
ADP sədri də "VİP"-dəki həmkarı kimi sosial şəbəkələr vasitəsilə saxta profillər yaradaraq, qondarma siyasət yürüdən Ə.Kərimlini, C.Həsənlini, A.Hacılını və sairləri nəzərdə tutaraq, bildirib ki, belə olan halda, onların savadsızlıqları daha da artır: "İnternet sırf informasiya təminatçısı rolunu yerinə yetirir. İnformasiyanı alırıq, ondan bilik əldə edirik və savad qazanırıq. İnternet aludəçiləri olan bəzi siysətçilər isə buna məlumat yığını kimi baxırlar. Ona görə də, onlar savadsız olurlar, cəmiyyətdə özlərini ifadə edə bilmirlər".
Beləliklə, fakt budur ki, sosial şəbəkələr həyatımızın bir parçası ola bilər, ancaq onu hər hansı bir fəaliyyətin inkişafında və bu inkişafa dəstəyində rol alması müsbət nəticələr verməyə də bilər. Necə ki, radikal və dağıdıcı müxalifət partiyaları öz lüzumsuz fəaliyyətlərini, məhz virtual aləmdə reklam etdirməklə "uğur" qazanacaqlarını hesab edirlər. Ancaq digər tərəfdən, onlar həm də virtual aləmdə buxarlanaraq, yox olurlar. Hər halda, faktlar və sübutlar da onu göstərir ki, sosial şəbəkələrdə pafoslu çıxışlarla müxalifətçilik olmur...
Rövşən RƏSULOV