Bakı Apellyasiya Məhkəməsi onların iclasa məcburi gətirilmələri haqqında qərar qəbul edib
Məlum olduğu kimi, may ayının 17-də Bakı Apellyasiya Məhkəməsində "Sülh və Demokratiya İnstitutu"nun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Yunusların vəkili Elçin Sadıqov çıxış edib. O bildirib ki, Yunuslar başqa ölkədə müalicə aldıqları üçün iclaslara gələ bilmirlər. Vəkil onların internet vasitəsi ilə məhkəmə prosesinə qoşulmalarının təmin edilməsini xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib. Hakim onların iclasa məcburi qaydada gətirilmələri haqqında qərar qəbul edib. Proses mayın 31-də davam edəcək.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra Arif Yunus məhkəmə zalından azadlığa buraxılıb. 2015-ci il dekabrın 9-da isə apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən, L.Yunus barəsində təyin olunan 8 il 6 ay, A.Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrumetmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla, şərti hesab edilib. L.Yunus məhkəmə zalından azadlığa buraxılıb. Hazırda onlar müalicə üçün Hollandiyadadırlar.
Cinayətkarlar qanun qarşısında öz cəzalarını almalıdır
Dövlətə xəyanət maddəsi ilə həbs olunan "Sülh və Demokratiya İnstitutu"nun direktoru L.Yunus daima dələduzluq və cinayət əməlləri törətməkdən də çəkinməyib. Bunu "hüquq müdafiəçisi" L.Yunusun və onun həyat yoldaşı Arif Yunusun məhkəməsi də sübuta yetirdi. Azərbaycan məhkəməsinin Leyla və Arif Yunus barəsindəki qərarı ədalətli, bir daha hər kəsin qanun qarşısında məsuliyyət daşımasının təsdiqidir. Leyla və Arif Yunus antimilli və cinayətkar fəaliyyətlərinin acı nəticələrini yaşayırlar və tam qanunauyğun şəkildə cəzalandırılıblar. Amma içimizdəki antiazərbaycançı şəbəkənin bəzi üzdəniraq əlaltıları Leyla Yunusun müdafiəsinə qalxıb, erməni lobbisinə dəstək verirlər. Ancaq bu dəstək heç də onların Leyla Yunusa olan rəğbətlərindən irəli gəlmir.
Fəaliyyətinin bütün dövrlərində antimilli, anti-Azərbaycan mövqeyi ilə tanınan L.Yunusu müdafiə edənlərə sual olunur: siz kimi müdafiə edirsiniz? Müdafiə Nazirliyinin cəbhəyə göndəriləcək qida məhsullarını bazara çıxararaq satan və bundan əldə etdiyi vəsaiti Almaniyadakı bank hesabına köçürən Leyla Yunusumu? Yoxsa onun erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın tədqiqatçı Jurnalistlər Təşkilatından 50.000 (əlli min) avro məbləğində iki dəfə aldığı qrantda sizin də payınız olub? Hələ "xidmətləri"nin müqabilində aldığı külli miqdarda vəsait hesabına Türkiyədə, Çexiyada mülklər, obyektlər aldığını və yüksək qrantlar mənimsədiyini demirik. Vaxtilə Rəhim Qazıyevin dostu kimi "toxunulmazlıq immuniteti" qazanan bu qadın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və video- materialları erməni tərəfinə ötürməsi və bunun müqabilində külli miqdarda pul əldə etməsi də heç kəsə sirr deyil.
Beləliklə, onlar məhkəmənin qanuni hökmü ilə layiqli cəzalarını və cavablarını aldılar. Hüquq müdafiəçisi adı ilə maskalanmış Leyla və Arif Yunusların antimilli, anti-Azərbaycan təbliğatları, erməni lobbisinin sifarişlərini yerinə yetirməklə respublikamızda təxribat törətmək, qarşıdurma yaratmaq cəhdləri, dələduzluqları və Vətənə xəyanət əməlləri uzun müddət davam edə bilməzdi.
R.HÜSEYNOVA