PDF Oxu

Müxalifət

  • 4 062

Bu göstərici ilə nə siyasi uğura, nə də xalq dəstəyinə imza atmaq olmaz

image

TƏRS BAXIŞ

Müxalif düşərgə funksionerləri qeyri-real ittihamları ilə öz vəziyyətlərini etiraf etmiş olurlar

Hər zaman olduğu kimi, ənənəvi müxalifət düşərgəsində təmsil olunan bir sıra partiyalar seçkilərə kifayət qədər vaxt qalmasına baxmayaraq, özlərini siyasi gündəmdə göstərməyə, bununla fəaliyyətdə olduqlarını nümayiş etdirməyə çalışırlar. Halbuki, faktlar tamamilə başqa istiqaməti göstərir. Daha dəqiq desək, Azərbaycan müxalifətinin "aktivliyi" yalnız seçkilərdən-seçkilərə olan müddətlərdə dəyişməyə hesablanıb.

Müxalif düşərgə təmsilçilərinin hazırkı dövrə qədər seçki birlik və bloklarında birləşmələrinə rəğmən, ortaya istədikləri siyasi gücü qoya bilməmələri, xalqın, ictimai rəyin dəstək sarıdan partiyalara dəstək göstərməmələri də belə qənaətə gəlməyə zəmin yaradır ki, ümumiyyətlə, ölkədə siyasi mühitin tam azad şəkildə mövcud olmasına baxmayaraq, müxalifət bundan yararlanmağı bacarmır. Bu isə əlbəttə ki, siyasi zəifliyin, uğursuz fəaliyyətin və s. bənzər amillərin bariz göstəricisidir.

Yeri gəlmişkən, bu dəfə də eyni ssenari təkrarlanmaqdadır. Bu, gələn il ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Düzdür, partiyalar siyasi uğursuzluqlarını etiraf etsələr də partiya rəhbər və funksionerlərinin bu uğursuzluqlara özlərinə sərf edən və reallığı gizlətməyə hesablanan don geyindirməyə cəhdlər göstərmələri açıq şəkildə görünməkdədir.

"Ümid" partiyasının sədr müavini Taleh Əliyev: "Siyasi partiyaların durumu qeyri-qənaətbəxşdir"

Məsələn, "SƏS"in əldə etdiyi informasiyaya görə, "Ümid" partiyası sədrinin müavini Taleh Əliyev mətbuata verdiyi açıqlamasında təmsil etdiyi partiyanın müzakirələri davam etdirdiyini deyib. Baxmayaraq o, bəzi müxalifət partiyalarından fərqli olaraq, radikalizm və dağıdıcılıq prinsipini dəstəkləmədiklərini desə də, fikirlərini hakimiyyətin guya müxalifətə qarşı "təzyiq" göstərməsinə tərəf yönəldib. Belə ki, "hazırkı mərhələdə siyasi partiyaların durumu qeyri-qənaətbəxşdir"-deyə qeyd edən "Ümid" partiyasının funksioneri həmin ifadəsi ilə düşdükləri uğursuz və çıxılmaz vəziyyəti etiraf etməyib. Misal üçün, T.Əliyev iddia edib ki, "ölkədə siyasi institutlara qarşı hakimiyyətin apardığı məqsədyönlü təzyiqin nəticəsidir ki, bu gün siyasi partiyalar tədbir, iclas keçirə bilmir" və s. (?-R.N.) "Ümid" üzvü hətta qanunvericilikdən əsaslar gətirməyi unutmasa da bir faktı yadından çıxarıb ki, hazırda ölkədə bir sıra müxalifət partiyalarının cəmləşdiyi qurumlar var ki, onlar zaman-zaman öz tədbirlərini rahat və maneəsiz qaydada keçirirlər. Sadəcə, müxalifət funksionerləri hakimiyyətə qara yaxmaqla işlərini bitmiş hesab edirlər. Buna isə əlbəttə ki, müxalifətçilik adı vermək olmaz. Beləliklə, "Ümid" səlahiyyətlisi partiyasında baş verən süstlüyə qeyri-dəqiq və qeyri-səmimi don geyindirməyə çalışıb: "Qarşıdan gələn seçkilərdə bağlı "Ümid" Partiyası konkret mövqe ifadə etməsə də müzakirələri davam etdirir".

AXCP sədrinin müavini Ehtiram Mehdiyev: "Fəaliyyətimizə qısqanc yanaşan "cırtdan" partiyalar bu təklifə biganə yanaşdılar"

Digər müxalifət partiyasının - Əli Kərimlinin sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasının alternativi olaraq Razi Nurullayev tərəfindən təsis edilən AXCP təmsilçisi, partiyanın sədr müavini Ehtiram Mehdiyev iddia edib ki, təmsil olunduğu partiyanın hədəfi 2018-ci il prezident seçkiləridir. Söz yox ki, Azərbaycanda siyasi mühitin demokratik əsaslara söykənməsi istənilən siyasi təşkilatın siyasi hədəf ortaya qoymasına kifayət qədər zəmin yaradır. Ona görə də, alternativ AXCP rəsmisinin iddialı danışmasında qeyi-adi heç nə görünə bilməz. Ancaq onun dünyada baş verən qlobal sosial-iqtisadi çətinlikləri bir kənara qoyub, bunu tək Azərbaycanın üzərinə yıxmağa çalışması nə ədalətli mövqe, nə də siyasətçi baxışı kimi qiymətləndirilə bilməz. Məsələn, E.Mehdiyev məhz yuxarıda qeyd edilən amili əlində "bayraq" edib, öz siyasi vəziyyətlərinin çətinliklərini başqa tərəfin - guya iqtidarın "günahı" olduğunu "sübuta" yetirməyə cəhd göstərib. Bu zaman sual yaranır, heç onun özü öz dediklərinə nə qədər inanır? Axı belə bir iddianın irəli sürülməsi üçün möhkəm əsaslar da gətirmək lazımdır. Öz zəifliyinin səbəblərini araşdırıb qeyri-qənaətbəxş fəaliyyətini etiraf etməsi yerinə, bir siyasi partiyanın səlahiyyətlisinin belə "arqumentlərlə" çıxış etməsi sadəcə gülüş doğurur. Alternativ AXCP üzvünün ifadəsinə nəzər salsaq görərik ki, sən demə, ölkədə müəyyən iqtisadi çətinliklərin mövcudluğu müxalifətin yerləşdiyi cinahın kasad olması ilə nəticələnir (?!-R.N.). Belə bir iddianın ortaya atılmasının nə qədər istehza doğurmasını isə dəyərli oxucuların özləri qiymətləndirsinlər. Çünki onun iddiasının ardınca növbəti fikirləri elə öz sözlərini necə deyərlər, "vurur". SİTAT: "Ölkəmizdə strukturu möhkəm olan, müstəqil və müxalif fikri cəmiyyətə daha asan yollarla çatdıra bilən partiyalar demək olar ki, iki-üç dənədir...". Yenə sual yaranır ki, əgər təmsil olunduğunuz partiyanın strukturu möhkəmdirsə, fikirlərini cəmiyyətə çatdırmağa nail olursa, onda kasadlıq amilinin sizə hansı aidiyyatı var? Demək, fəaliyyətiniz də normaldır və hakimiyyətin üzərinə qara yaxmaq heç də siyasi baxımdan müxalifətçiliyin tərkib hissəsi kimi qəbul oluna bilməz.

Ancaq AXCP funkioneri müxalifətin illərdən bəri bulaşdığı xəstəliyin onlarda da olduğunu sərgiləyib. Daha dəqiq desək, E. Mehdiyev sədri R.Nurullayevin 2018-ci il seçkiləri ilə bağlı hədəflərini müəyyənləşdirdiyini hətta partiyalara təkliflər göndərdiyini desə də, həmin partiyaların bu təkliflərə etinasız yanaşıldığını bildirib və üstəlik onları "cırtdan partiyalar" da adlandırıb: "Azərbaycan daxilində olan siyasi partiyalarla münasibətlərin yaxşılaşdırılması üçün bir neçə dəfə AXCP lideri Razi Nurullayev təkliflər də vermişdi. Düzdür, fəaliyyətimizə qısqanc yanaşan "cırtdan" partiyalar bu təklifə biganə yanaşdılar..."

İlgincdir, əgər E. Mehdiyevin "cırtdan" adlandırdığı müxalifət partiyaları sədri R.Nurullayevin təkliflərinə biganə yanaşmasaydı, təkliflər qəbul olunsaydı, o, həmin siyasi təşkilatlara "cırtdan" deyə müraciət edərdimi? Yaxud, həmin partiyalar "cırtdan" siyasi təşkilatlar idisə, AXCP kimi "böyük" partiyanın onlara nə dərəcədə ehtiyacı yaranmışdı?

Məsələ də ondadır ki, müxalifətin sağalmaz xəstəliyi fonunda mənəm-mənəmlik iddiaları bu düşərgəni demək olar ki, iflic vəziyyətinə gətirib.

AMİP siyasi şurasının üzvü Əli Orucov: "Siyasi partiyaların vəziyyəti bərbaddır"

Ona görə də, digər müxalifət partiyasının aparıcı funksionerlərindən biri - Azərbaycan Milli İstiqlal partiyasının siyasi şurasının üzvü Əli Orucov da etiraf edir ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların durumu heç vaxt bugünkü kimi acınacaqlı vəziyyətdə olmayıb. Ancaq digər müxalifətdəki həmkarları kimi mütləq şəkildə iqtidara qara yaxmaqdan çəkinməyib. Həmçinin, iddia irəli sürərək deyib ki, guya ölkədə "seçki mühiti yoxdur". Hansı ki, müxalifət partiyaları seçkilərdən-seçkilərə bu prosesə qoşulur, seçkilərdə məğlub olsalar da seçki mühitinin olduğunu sübuta yetirirlər. Əlbəttə ki, bəzilərinin "boykot" tipli çağırışlarından fərqli olaraq...

Başqa tərəfdən, AMİP səlahiyyətlisi də digərləri kimi xalqın adından danışmağa cəhd edib. "Siyasi partiyaların vəziyyəti bərbaddır. Eyni zamanda əhali də seçkilərə inanmır" tipli köhnə, reallıqdan kənar fikirləri ilə öz siyasətlərini təmizə çıxarmağa çalışan Ə.Orucovun özünün də hansı mövqedən danışmasının fərqinə varmır. Ancaq sonda bir faktı yerli-yerində deyir ki, müxalifət sıradan çıxma təhlükəsini aradan qaldırmaq üçün birləşməlidir. Ancaq bu halın 25 ilə yaxındır ki, baş tutmadığı və reallaşmaması əsaslı fakt olaraq düşərgənin durumunu tam çılpaqlığı ilə əks etdirir.

KXCP sədrinin müavini Xəzər Teyyublu: "Partiyaların fəaliyyəti sıfırdan da aşağı səviyyədədir"

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublunun da fikirləri düşərgədəki həmkarlarının fikirləri ilə demək olar ki, üst-üstə düşsə də, onun müxalifətin vəziyyətini aşkar olaraq etiraf etməsi yuxarıda qeyd edilən fikirlərimizi sübuta yetirmiş olur. "...Əksər partiyalar qeydiyyatdan keçsə də onların vəziyyəti heç də ürəkaçan deyil...Ümumiyyətlə bu gün partiyaların fəaliyyəti sıfırdan da aşağı səviyyədədir"-deyə qeyd edən X.Teyyublu 2018-ci ilin seçkilərinə hazırlığın tez olduğunu da deyib.

Beləliklə, ortada olan fakt budur ki, müxalifətin mövcud vəziyyəti düşərgənin öz günahından doğan bir halın aşkar göstəricisidir. Bu göstərici ilə nə siyasi uğura, nə də xalq dəstəyinə imza atmaq olmaz.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər