Xədicə İsmayıl və Əli Kərimli sosial şəbəkələrdə yenidən qarşı-qarşıya
Dağıdıcı müxalifət yenə də qondarma "siyasi məhbus" siyahıları dərc etməklə növbəti uğursuz planlarını işə salıb. Məqsəd isə bəllidir: "Siyasi məhbus" məsələsini özlərinə gəlirli biznes sahəsinə çevirmək, varlanmaq, qrant almaq ehtiras. Bu yerdə yaxşı deyilir: aşığın sözü qurtaranda, necə "dalay-dalay" deyirsə, dağıdıcı müxalifət də nə danışdığını, necə hərəkət etdiyini bilmir. Elə buna görə də, son vaxtlar tamamilə tükənən, iflas edən dağıdıcı müxalifət şər-böhtanları ilə insanları təhqir edir, cəmiyyətimizdə çaşqınlıq yaratmağa çalışır, öz nəzarətlərində olan mətbu orqanlarda şərəfli insanların həyat və fəaliyyət yoluna kölgə salmağa cəhd edir.
Vaxtı ilə hakimiyyətə qarşı dağıdıcı müxalifət çiliyi ilə seçilməklə yanaşı, eyni zamanda bir əhatə dairəsindən çıxış edən bu kəslər hazırkı məqamda ayrı-ayrı düşərgəyə transfer olunublar. Buna səbəb isə yazının əvvəlində qeyd olunduğu kimi, "siyasi məhbus" məsələsidir. Artıq bəllidir ki, X.İsmayılın Avropa və beynəlxalq insan haqları təşkilatlarına təqdim olunacaq siyahısının 94 nəfər olması faktı Ə.Kərimlinin rəhbərlik etdiyi "işçi qrup" tərəfindən rədd edilib. Onlar qondarma siyahılarına 166 nəfərin adını qeyd edib, "Milli Şura"nı idarə edən Ə.Kərimli guya siyahıların onlar tərəfindən hazırlandığını deyib. X.İsmayılın "siyasi məhbus" siyahısı isə natamamdır. O zaman bu məsələlərin kökündə dayanan maraqlar nədən ibarətdir? Səbəb bəllidir. Belə ki, X.İsmayılın AXCP sədrinin müavini Fuad Qəhrəmanlının adı hallanan həmin "siyahını" qəbul etməməsidir. Eyni zamanda, Ə.Kərimlinin "siyahısındakı" 120 nəfərin bilavasitə Nardaran hadisələri zamanı həbs olunanların adlarının yenə də qeydə alınmasıdır. Halbuki, bu adamlar birbaşa Azərbaycan qanunlarına qarşı çıxıblar və dövlət quruluşunun pozulmasına yönəlmiş cinayət törədiblər. Artıq onlar məhkəmənin qərarı ilə cəzalarını alıblar.
Əli Orucov: "Qondarma "siyasi məhbus" siyahıları alver vasitəsidir"
Məsələyə münasibət bildirən Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvü Əli Orucov məlum olmayan "siyasi məhbus" terminindən dağıdıcı müxalifət həmişə istifadə etdiyini bildirib: "Siyasi məhbus" termininin özü məlum deyil. Bu ifadənin özünü zəruri edən şərtlər, kriteriyalar mövcud deyil. Beynəlxalq hüquqi sənədlərdə də "siyasi məhbus" termini yoxdur. Yəni "siyasi məhbus" terminin mahiyyəti, mənşəyi konkret olaraq bəlli olmadığına görə radikal müxalifət həmişə bundan istifadə edib daha çox provokasiya ilə məşğul olur".
Ə.Orucov müxalifət düşərgəsində baş verən qarşılıqlı ittihamlara da münasibət bildirərək qeyd edib ki, dağıdıcı müxalifətin həbs edilənləri "siyasi məhbus" kimi qələmə vermək cəhdi subyektiv yanaşmadır: "Bu bir təzyiq və alver vasitəsidir. Radikla müxlaifət qondarma "siyasi məhbus" siyahıları hazırlamaqla sırf öz məqsədlərini güdür".
Göründüyü kimi, qrant, pul ehtirasi dağıdıcı düşərgədəkilərin düşmən olmaları üçün yetərlidir.
Rəfiqə HÜSEYNOVA