"Qanunlara riayət etməyən hər bir insanı, o cümlədən Leyla və Arif Yunusları Azərbaycan qanunvericiliyinin tələbinə uyğun olaraq sərt cəza gözləyir"
Məlum olduğu kimi, haqlarında müvafiq qaydada cinayət işi olan Leyla və Arif Yunuslar məhkəməyə gəlməkdən imtina edirlər. Bu da qanunvericiliyin tələbinə uyğun olaraq, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı dindirilmə, izahatalma qaydalarının həyata keçirilməsinə problemlər yaradır. Ötən həftə keçirilən növbəti prosesdə məhkəmə xaricdə olan qondarma hüquq müdafiəçiləri Leyla və Arif Yunusların məcburi qaydada məhkəməyə gətirilmələri barədə qərar qəabul edib. Maraq doğuran məqam ondan ibarətdir ki, AXCP sədri Ə.Kərimli qondarma hüquq müdafiəçilərini geniş və əhatəli şəkildə müdafiə edir, onların xaricə qaçaraq gizlənmələrinə bir növ haqq qazandırmağa çalışır. Sual yaranır: onları birləşdirən maraqlar nədən ibarətdir? "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinin müxbiri ilə söhbətində bildirdi ki, L.Yunus ilə Ə.Kərimlinin eyni mövqedən çıxış etmələrinin arxasında maraqlı qüvvələrin istəyi dayanır: "Hüquq müdafiəçi"ləri olan Leyla Yunus və Arif Yunus Azərbaycan vətəndaşlarıdır. Bu baxımdan da, açılmış cinayət işi ilə bağlı aparılan istintaqda mütləq onlar iştirak etməli və ifadə verməyə borcludurlar. Əgər Leyla və Arif Yunus bunu etmirlərsə, deməli, onlar Azərbaycan vətəndaşlığına, konstitusiyasına, qanunlarına meydan oxuyur və hörmət etmirlər. Məhz Leyla və Arif Yunusun bu cür hərəkətlərinə haqq qazandıran insanlar da onlarla bir sırada dayanırlar".
"Azərbaycanın qanunlarına hörmət etməyən insanları hansı cəza gözləyir" sualına cavab olarq M.Səfərli bildirdi ki, qanunlara riayət etməyən hər bir insanı, o cümlədən, Leyla və Arif Yunusları Azərbaycan qanunvericiliyinin tələbinə uyğun olaraq sərt cəza gözləyir: "Müxalifət düşərgəsində bir sıra şəxslər, o cümlədən də, AXCP sədri Ə.Kərimli bir müddət gündəmdə qalmaq üçün nə isə bir qalmaqallı mövzu axtarırlar. Ona görə də, bu şəxslər bu cür mövzulardan yapışaraq, özlərinin var olmayan varlıqlarını göstərmək istəyirlər. Bu da mənasızdır. Çünki Azərbaycan xalqı onların iç üzlərini çox yaxşı tanıyır, necə pozuculuğa meyilli insanlar olduqlarını bilir".
"Qondarma hüquq müdafiəçiləri Leyla və Arif Yunus məhkəməyə gəlməkdən imtina edirlər. Məhz buna görə də, məhkəmə onların məcburi qaydada məhkəməyə gətirilmələri barədə qərar qəbul edib. Sizcə, onlar xaricdə gizlətdikləri halda necə və hansı formada məhkəməyə gətirilə bilər" sualına hüquqşünas Səməd Vəkilov cavab olaraq bildirdi ki, hər bir məsələni demokratik qaydada, hüquqi prosedurları həyata geçirməklə həll etmək olar: "Məhkəmə bunlar haqqında qərar qəbul edibsə, birinci növbədə, məhkəmə müəyyənləşdirməlidir ki, Leyla və Arif Yunuslar hansı ölkədədirlər. Onların yerləşdikləri ölkə ilə bizim ölkə arasında ikitərəfli hüquqi yardım haqqında müqavilə mövcuddursa, onda həmin ölkənin öhdəliyi bunları geri verməklə bağlıdır ki, ancaq bu halda onlar geri qaytarılacaqlar. Əgər Leyla və Arif Yunusun yerlərini müəyyən etmək mümkün olmasa, bu halda, qanunvericiliyə görə axtarış elan olunmalıdır. Bundan sonrada axtarışla bağlıda prasedurlar həyata keçirilməlidir".
GÜLYANƏ