Sərdar Cəlaloğlu: "Sual ola bilər ki, nə üçün müxalifət mitinqləri intensiv keçirmir..?"
Siyasi gündəmdə qalmaq üçün var-gəl edən, çıxış yolu tapmayanda isə mitinq keçirəcəklərini deyən AXCP-"Milli Şura" cütlüyünün "liderləri" bu dəfə də köhnə vərdişlərini işə salıblar. Artıq bir neçə gündür ki, "möhtəşəm mitinqə" hazırlaşdıqlarını ağızdolusu bəyan edən Əli Kərimli-Cəmil Həsənli cütlüyünün bu "bəyanatına" müxalifət düşərgəsindən cavab verildi.
ADP sədrindən: "Oyunbaz "lider"lər mitinqləri də oyunbaz olacaq"
ADP sədri Sərdar Cəlaloğlu "Milli Şura"nın və AXCP-nın son günlər keçirməyi planlaşdırdıqları mitinqin "çox yüksək səviyyədə" olacağı barədə iddialarına münasibət bildirərək, vurğulayıb ki, çayı hoppanmamış "bərəkallah" deməyin: "Bu günə kimi, hələ ki, o çayı keçə bilməmisiniz. Bu mitinqləri keçirməkdə məqsədləri odur ki, desinlər ki, Azərbaycanda ən güclü müxalifət onlardır, çünki mitinq keçirirlər. Bu məqsəd isə mitinqlərin guya xalqın hansısa problemlərini həll etmək üçün keçirildiyi fikrini təkzib edir.
ADP sədrinin sözlərinə görə, mitinqlər o zaman effektli ola, artan tendensiya ilə inkişaf edə bilər ki, bu mitinqlərin arasındakı məsafə qısa olsun. Ancaq onlar ard-arda belə, mitinq keçirmək gücündə deyillər: "Sual ola bilər ki, nə üçün müxalifət mitinqləri intensiv keçirmir: Bir ay keçirir, 3-4 ay sonra təkrar keçirir? Çünki bu mitinqlər sosial tələbat deyil. Sosial tələbat olsa, xalq gündə 3-4 dəfə mitinq keçirməyi tələb edər. Mitinqlərdə nəticə olmadığına görə, iştirakçıların sayı azalır".
Göründüyü kimi, bu gün özlərini "ana müxalifət" adlandıran dağıdıcı müxalifət "liderləri" özlərini zorla ictimai rəyə sırımağa çalışırlar. Guya "möhtəşəm mitinq" keçirəcəklərini iddia etməklə, naftalin iyi verən meydanlarında nəyəsə nail olacaqlarını düşünürlər. Ancaq görünən odur ki, həmin tərəflər, həqiqətən də, oyunbaz "lider"lərdir. Bunu müxalifətçilər də deyir...
Rəfiqə HÜSEYNOVA