Qənimət Zahid-Əli Kərimli qarşıdurması qızışır
AXCP daxailində baş verən gərginliklər Əli Kərimlinin partiyadakı vəziyyətini ağırlaşdırıb. Belə ki, hələ bir müddət öncə, "Azadlıq" qəzetinin Fransada mühacir həyatı yaşayan baş redaktoru Qənimət Zahidin ABŞ-ın erməni lobbisinə yaxın fondları tərəfindən qəzetə ayırdığı maddi vəsaitləri mənimsəməsinin ardınca, partiya sədrinin çətin durumda qalması öz təsdiqini tapmışdı. Daha dəqiqi, on minlərlə avro dəyərində vəsaitin bir hissəsinin, məhz Ə.Kərimli tərəfindən mənimsənilməsi "Azadlıq" qəzetinin baş redaktorunu bu dəfə daha tez tərpənməyə, pulları Ə.Kərimlidən qabaq əldə etməyə məcbur edib. Bundan sonra daxili çəkişmələr artmağa başlayıb. Baş verən bu hadisə artıq onun sədrlik postu ilə yanaşı, olan-qalan nüfuzununun da ciddi təhlükə qarşısında qalmasından yetərincə xəbər verməkdədir. Çünki Q.Zahid bir tərəfdən iddia edir ki, AXCP sədri hakimiyyətlə gizli iş birliyinə gedir və bu günə qədər əldə etdiyi gəlirləri də, məhz verdiyi vədlərinə xərcləyir, digər tərəfdən də, "Azadlıq" qəzetinin çap olunmamasının fəlakət olmadığını deyərək, onun yerinə vəsaitlərin "Turan" TV-yə xərclənməsini daha məqsədəuyğun hesab edir. Ona görə də, bu amil Ə.Kərimlini dalana dirəyib və zəifləmiş nüfuzunu yox səviyyəsinə qədər endirib.
Kərimli həm partiyadaxili, həm də düşərgədaxili revanşa hazırlaşır
Baş verənlər ictimai rəylə yanaşı, AXCP daxilində fəaliyyət göstərən ayrı-ayrı qrupların da bəlli nəticələrə gəlmələrinə səbəb olub. Yəni partiya daxilində Ə.Kərimlinin sədrliyinin, sadəcə, formal olduğu barədə iddialar da irəli sürülməkdədir.
Ancaq Ə.Kərimlinin uzun müddətdir müxalifət daxilində istifadə etdiyi bicliklərinin ona bu məsələdə yardım edəcəyini düşünənlər də var. Məsələn, adının açıqlanmasını istəməyən AXCP-dəki mənbələrdən birinin dediyinə görə, Kərimli həm partiyadaxili, həm də düşərgədaxili revanşa hazırlaşır. Hazırda onun əsas məqsədlərindən biri müxalifətin birliyini əngəlləməkdən ibarətdir ki, buna da səbəb düşərgədə müəyyən birliklərin formalaşmasıdır. Əgər bu, baş verərsə, AXCP-nin, eləcə də, Ə.Kərimlinin nəzarətində olan ölü qurum - "Milli Şura"nın aqibəti daha acınacaqlı duruma düşəcək.
O da sirr deyil ki, bir sıra müxalif siyasi partiyalar, birlik və qurumlar 2018-ci il seçkilərdə iştirak edəcəklərini gizlətmirlər. Amma Ə.Kərimli artıq bəri başdan pozuculuq işinə start verərək, həm diqqəti yenidən özünə tərəf cəlb etməyə, həm də bu vasitəylə son zamanlar başına gələn siyasi müsibətləri unutdurmağa cəhd göstərməyə başlayıb.
Qənimət Zahidlə olan pul davası birincinin Əli Kərimli haqqında Qərb dairələrində mənfi rəylər verməsi ilə nəticələnib
Amma məsələ həm də ondadır ki, cəbhədəkilərin və düşərgədəki digər partiya və birliklərin çoxu Ə.Kərimlinin yalanlarına inanmırlar. Ona görə də, indidən seçki prosesinə qatılacaqlarını bəyan edirlər və əlbəttə ki, seçkilərdə iştirak etmək niyyətində olan müxalifətçilər, o cümlədən, AXCP sədrinin yeni aşkar düşməni - "Azadlıq" qəzetinin baş redaktoru Q.Zahid də bu ipucundan yapışaraq, iddia edirlər ki, Ə.Kərimli bacardıqca digər siyasi qurumları seçkilərdə iştirakdan kənarda saxlamağa cəhdlər göstərməklə, əslində, "hakimiyyətə işləmək" niyyətindədir.
Fəqət, görünən budur ki, AXCP sədrinin vəziyyəti və çoxsaylı gedişləri heç də onun istədiyi nəticələri vermir. Hətta o, Qərbdəki dəstəkləyiciləri önündə də, demək olar ki, bütün ümidlərini itirib. Artıq nə səfirliklər, nə də Avropanın çoxsaylı maraqlı qurumları belə Ə.Kərimlini ciddiyə almamaqdadırlar. Bu isə, onun 2018-ci il seçkilərinə qədər ayaqda qala bilməsinə kifayət qədər əngəl törədən amildir. Ən azından, onun Q.Zahidlə olan pul davası birincinin Ə.Kərimli haqqında Qərb dairələrində mənfi rəylər verməsi ilə nəticələnib.
Rövşən NURƏDDİNOĞLU