PDF Oxu

Müxalifət

  • 8 700

Kərimlinin "Gözəl"i bayram yaşada bilmədi

image

KÖŞƏ YAZISI

Bəlli olduğu kimi, Dövlət Sərhəd Xidməti AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanılması ilə bağlı rəsmi məlumat yayıb. Bununla bağlı mətbuata da məlumat verilib ki, Azərbaycan Respublikasının vətəndaşı Bayramova Gözəl Oruc qızı (yəni AXCP sədri Əli Kərimlinin müavini Gözəl Bayramlı-R.) Gürcüstandan Azərbaycan ərazisinə keçərkən, Qazax rayonunun Şıxlı sərhəd nəzarət- buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Cəbhəçinin saxlanılmasına səbəb isə, onun özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən, bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaitinin üzə çıxmasıdır. Nəticədə, bu məsələ ilə bağlı müvafiq tədbirlər görülüb və sözügedən cinayət işi üzrə zəruri istintaq tədbirlərinə start verilib.

AXCP üzvünün belə bir cinayətdə iştirak etməsi, əslində, kimsədə təəccüb doğurmayıb. Təəccüb doğurmayıb ona görə ki, ümumiyyətlə, başda cəbhəçilərin sədri Əli Kərimli olmaqla, AXCP üzvləri ilə bağlı bu vaxta qədər onlarla belə hadisələr baş verib və G.Bayramlının da gömrüyü aldadaraq, çantasında bəyan edilməmiş külli miqdarda pul vəsaitini keçirmək cəhdi sıradan cəbhəçi cinayətlərinin tərkib hissəsidir.

Ancaq gəlin görək, bu barədə dərhal G.Bayramlının vəkili kimi çıxış etməyə başlayan Elçin Sadıqov hansı havanı çalıb? Belə ki, onun sözlərinə görə, guya G.Bayramlının çantasından 12 min ABŞ dolları deyil, 10 min saxta (?!-R.) ABŞ dolları aşkarlanıb. Hələ bu, harasıdır? Cəbhəçilərin vəkili bir az da irəli gedərək, gömrük xidmətinin əməkdaşlarına və sərhədçilərə qarşı iftira ataraq, guya "saxta dollarları" gizlin şəkildə G.Bayramlının çantasına atdıqları iddiasını irəli sürüb. Hətta sən demə, bu "əməliyyat" keçirilərkən, işıqlar və müşahidə kameraları söndürülüb (???!!!-R.). Belə yerdə adama deyərlər ki, get özünə bir ağıl duası yazdır, ay binəva! O boyda Gömrük Xidməti və Sərhəd Keçid Məntəqəsi bir G.Bayramlıya görə buraxılış zonasında elektriki kəsməyə məcbur idimi? Bəlkə G.Bayramlıdan əvvəl, ya da sonra keçən insanların birində daha təhlükəli predmet, qanunsuz yük ola bilərdi və əməkdaşlar onların sərhəd-buraxılış məntəqəsini keçmələrinə şəraitmi yaradacaqdı? Bax, məsələ də budur ki, "arqument" gətirəndə, eləsi olmalıdır ki, adamın ağlına batsın. Yoxsa "saxta dollar" belə gəldi, qəsdən "çantaya atıldı" belə getdi, "işıqlar və müşahidə kameraları söndürüldü" də bu yandan çıxdı...

Əslində, belə böhtançılıq zatən cəbhəçilərin qanlarına işləyib. Məgər bilən bilmirmi ki, bunların başda oturanları - Ə.Kərimli ömrü boyu düşmən dəyirmanına su tökməklə Azərbaycanın dövlətçilik maraqlarını satmaqla məşğul olub? Bilən bilmirmi ki, Gürcüstanda hər zaman Azərbaycan əleyhinə işləyən dairələr olub və onlar Ə.Kərimlini və tərəfdarlarını daim təlimatlandırmaqla yanaşı, maddi tərəfdən də təmin ediblər. Bir az uzağa gedərək, Ruslan Bəşirli olayını xatırlasaq, nəyin nə və necə olmasını bir daha təhlil edə bilərik.

Bu dəfə də bənzər məsələdir desək, yanılmarıq. Çünki uzun müddət idi ki, Gürcüstanda Azərbaycanın dağıdıcı müxalifətini dəstəkləyən xarici qüvvələrin kök salması barədə məlumatlar yayılmışdı və çox yəqin ki, bu gün Gözəl Bayramlının çantasında "saxta" olduğu iddia edilən, əslində, tər-təmiz dollarlar 2018-ci il seçkilərinə qədər reallaşdırılmasına planlaşdırılan ölkədaxili qarşıdurmalara, sabitliyi pozmağa yönəldilmiş pul vəsaitləridir. Ona görə də, Bayramlının vəkilinin nala-mıxa döyəcləyərək, fikirləri ayrı səmtə yönəltmək cəhdləri, yayındırmaq səyləri nəticəsiz qalacaq. Çünki fakt ortadadır və araşdırıldıqdan sonra, onsuz da, həqiqət üzə çıxacaq. Qaldı ki, Ə.Kərimliyə, bundan sonra onun işi, həqiqətən də, yaman qəlizə düşdü. Hər halda, Ə.Kərimlinin Gözəli ona bayram yaşada bilmədi...

RÖVŞƏN

Digər xəbərlər