TƏRS BAXIŞ
Müxalifətin "yeni qüvvələri"ndən düşərgənin "köhnə qüvvələri"nə ismarıc
Dağıdıcı müxalif düşərgənin demək olar ki, bütün qanadlarında uzun illərdir ki, davam edən parçalanmalar sonradan "yeni qüvvələrin" yaranması ilə nəticəsini tapır ki, sonradan tərəflər arasında yaşanan qarşıdurmalar daha da şiddətlənir. "Köhnə qüvvələrdən" qopanların ittihamlarında isə həqiqətlərin olduğunu inkar etmək mümkün deyil.
Məsələn, inkar etmək olmaz ki, bu gün "Ağ Partiya"nın sədri Tural Abbaslının vaxtilə Müsavat partiyasının ən aparıcı funksionerlərindən biri olmasına rəğmən, bu gün həmin partiyanın sabiq və hazırkı başqanlarını hədəfə alması, həqiqətən də, yerinə düşən bir amildir. Xüsusilə, Müsavatın qurultayı zamanı sabiq başqan İsa Qəmbərin Arif Hacılıya açıq dəstək verməsi, onu saxtakarlıqlar vasitəsilə başqan seçdirməsi T.Abbaslının Müsavatdan gedişini, üstəlik, özünə siyasi təşkilat yaratması amilini reallaşdırdı. Bu baxımdan, o öz fikirləri üzərində qalaraq, köhnələrin geri çəkilməli olduqları qənaətindədir. SİTAT: "Yeni müxalifət gəlirsə, köhnələr geri çəkilməlidir".
Abbaslı, həmçinin, bildirib ki, əgər hansısa köhnə və uğursuz müxalifət "lideri" yenilərinin gəlməsinə əngəl yaradırsa, bu, onlarda alınmayacaq: "Amma yeniliklərin qarşısını dirənişlə və süni yollarla almaq çətin məsələdir. Əgər bu proses təbiidirsə və cəmiyyətin sosial sifarişidirsə, bunun qarşısını almaq mümkün deyil".
Göründüyü kimi, T.Abbaslı fikirlərində ciddidir və qısa zamanda, onun yolunu kəsən keçmiş "liderlərinə" qarşı kəskin mübarizəyə başlayacağını gizlətmir.
Yeri gəlmişkən, daha bir ənənəvi dağıdıcı müxalfət partiyası - Əli Kərimlinin sədri olduğu AXCP-nin keçmiş üzvləri, hazırda Razi Nurullayevin alternativ olaraq təsis etdiyi AXCP funksioneri, partiyanın mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev də iddia edir ki, illərdir eyni partiyanın başında oturan, sədrliyi zəbt edən insanlarda daşlaşmış eqo, şəxsi ambisiya formalaşıb. SİTAT: "O şəxslər üçün bu eqolar və ambisiyalar bütün milli, dövlətçilik dəyərlərindən daha üstündür. Onlar məğlub olduqlarını, dövlətə, dövlətçiliyə, vətəndaşa bu illər ərzində heç bir xeyir verə bilmədiklərini yaxşı anlasalar da, kənara çəkilib yeni güclərə, yeni liderlərə yol açmaq ərdəmliyini özlərində tapa bilmirlər".
V.Qarayev əlavə olaraq, bildirib ki, zaman-zaman bir çox perspektivli gənclər və yeniyetmələrin həyatları bu cür "liderlərin" əllərində puç olub, kimlərinsə siyasi maraq və hədəflərinin qurbanlarına çevbriliblər. Hətta mədəniyyətlərini, ictimai davranış qaydalarını itirərək, əxlaqsızlara, şəratanlara və şantajçılara dönüşüblər: "Gənc, intellektual, savadlı, perspektivli gənclər isə bu "liderlərin" əlində, sadəcə, bir maşa kimi məhv olurlar, "işverənə", "torbatikənə", söyüş söyüb, şər atıb, şantaj edənə, "facebook" əxlaqsızlarına çevrilirlər".
Nəticədə isə, görünən budur ki, artıq gec, ya da tez - ənənəvi və dağıdıcı müxalifət siyasi ölümdən yaxa qurtara bilməyəcək. Həmin müxalifəti isə məhv edəcək qüvvələr" məhz düşərgənin daxilində formalaşmış konstruktiv baxışlı insanlardır ki, onlar küçə müxalifətini tədricən sıxışdırıb təcrid etməyi qarşılarına real şərt olaraq qoyublar.
Rövşən RƏSULOV