Mais Səfərli: "Xarici qüvvələr pul verir, yerli təşkilatlarda xaricdən verilən göstərişlərə əsasən, pozuculuq aktları törətməyə cəhd edirlər"
Müxalifətin dağıdıcı qanadının üzdəniraq liderlərindən olan "Milli Şura"nın sədr Cəmil Həsənlinin tez-tez Avropaya səfərlər etməsi müəyyən şübhələr yaradıb. Daha doğrusu, onun xarici qüvvələrlə görüşdüyü barədə yayılan məlumatlar tam dəqiqliyi ilə öz təsdiqini tapmaqdadır. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalif partiya sədrlərinin xarici anti-Azərbaycan qüvvələrlə görüşüb, milli və dövlətçilik maraqlarına yönələn müzakirələr aparmaları satqınlıq və xəyanət kimi qiymətləndirilməlidir: "Milli Şura"nın sədri C. Həsənli səfərləri zamanı Avropanın ən yaxşı otellərində qalaraq, istirahət edir. Əslində isə, sadə insan bu tip səfərləri reallaşdıra bilməz. Çünki bu gün Avropaya gedib-gəlmək heç də asan məsələ deyil. Birinci adamın ağılına gələn odur ki, bu maliyyə haradandır ki, C.Həsənli xaricə tez-tez gedib gəlir? "Milli Şura" elə bir güclü qurum da deyil ki, deyəsən, bu qurumun yaxşı maliyyə qaynaqları var. Bu gün Qərbdə elə qüvvələr var ki, Azərbaycanda bəzi müxalif partiya sədrlərinə açıq və ya gizli şəkildə dəstək verirlər. Münasibətlər qarşılıqlı maraqların təmun olunması üzərində qurulur. Xarici qüvvələr pul verir, yerli təşkilatlar da xaricdən verilən göstərişlərə əsasən, pozuculuq aktları törətməyə, bəzən isə mini-aksiyalar keçirməyə cəhd edirlər".
"Niyə görə, müxalifət partiya sədrləri Azərbaycan sərhədlərini aşan kimi ölkəmizin əleyhinə qərəzli təbliğat aparırlar" sualına cavab olaraq, partiya sədri bildirdi ki, ümumiyyətlə, istər müxalifət partiyaları, istərsə də müxalifət olmayan partiyalar Azərbaycanın milli maraqlarını hər şeydən yüksək tutmalıdırlar: "Hər bir azərbaycanlı istər ölkə daxilində, istərsə də ölkə xaricində olarkən, iştirak etdiyi tədbirlərdə Azərbaycanın milli və dövlət maraqlarını üstün tutmalıdır. Çünki həmin insanlar müxalifət düşərgəsində təmsil olunsalar belə, onlar da azərbaycanlıdırlar. Amma görünür, bir sıra qüvvələr var ki, doğurdan da, onlar üçün şəxsi maraqları hər şeydən üstündür. Demək olar ki, müxalifət düşərgəsini təmsil edən şəxslər öz düşərgələrində normal partiya fəaliyyəti ilə məşğul olmaqdansa, xaricdə Azərbaycanı istəməyən qüvvələrə xoş gəlməkdən ötrü ölkəmiz haqqında reallığı özündə əks etdirməyən fikirlər səsləndirməklə məşğul olurlar. Bu da anormallıqdır".
M.Sərəfli müxalifətdaxili qarşıdurmalar və bu qarşıdurmaların yaranma səbəblərindən danışarkən, bildirdi ki, Müsavatla AXCP arasında olan savaş müxalifətin formalaşmasına və inkişafına ciddi zərbələr vurur: "Uzun illərdir ki, bu iki partiya arasında savaş gedir. Bu savaş da müxalifət düşərgəsində birincilik uğrunda gedir. Bu da birliyin pozulmasına və düşəgə daxilində ciddi problemlərin yaranmasına gətirib çıxarır. Müxalifət partiya sədrləri üçün özlərinin şəxsi ambisiyaları o qədər üstündür ki, onlar bu gün həmin partiyalarda ancaq özlərinin maddi maraqlarını güdürlər. Yəni bu şəxslər üçün partiya maraqları yox, özlərinin şəxsi maraqları daha üstündür. Müxalifət düşərgəsində birinin digəri ilə yola getməməsi, biri digərini sıradan çıxartmaq uğurunda apardığı mübarizə hələ çox davam edəcək".
GÜLYANƏ