Yaxud ortada qrantyemə ittihamları var
Özünü gah "araşdırmaçı jurnalist", gah da "hüquq müdafiəçisi" kimi təqdim edən Xədicə İsmayılın sosial şəbəkədəki fikirləri növbəti dəfə müxalif düşərgədə kəskin qarşıdurmalara səbəb olub. Belə ki, X.İsmayıl ofisi Almaniyada yerləşən və bilavasitə, Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxan, eyni zamanda, erməni lobbisinin maraqlarını müdafiə edərək, qrant adı altında rəsmi rüşvətlər alan "Meydan" TV internet üzərindən yayımlanan media qurumunu tərifləyib. Hətta korrupsiyaya bulaşaraq düşmən dəyirmanına su tökən qurumun fəaliyyətini "keyfiyyətli" və "prinsipial" olaraq da qiymətləndirib.
Müxalif düşüncəli insanların bir-birlərinin söz və fikirlərini həzm edə bilməmək xəstəliyinə məruz qalmalarını nəzərə alarsaq, bu zaman X.İsmayılın "bəy tərifinin" heç də hamı tərəfindən qəbul olunacağını da deyə bilərik.
"Meydan" TV-nin ildə 600 min avro qrant alması faktı üzə çıxıb!
X.İsmayıla qarşı çıxan əsas fiqurlardan biri isə digər "araşdırmaçı jurnalist" Hafiz Babalı olub. Onu da xatırladaq ki, bu adam vaxtilə "Azadlıq Radiosu"nda da çalışıb. Beləliklə, H.Babalı "Meydan" TV-nin hər il 600 min (!!!-R.R.) avro qrant aldığını, ancaq aldığı qrantların müqabilində müvafiq fəaliyyət göstərmədiyini iddia kimi irəli sürüb. Bundan sonra isə, tərəflər arasında qarşılıqlı ittihamlar səslənib, hətta bu ittihamlar sonradan qarşılıqlı təhqirlərlə də müşayiət olunub.
Əlbəttə ki, X.İsmayılın yaxınları da sosal şəbəkədə H.Babalının üzərinə hücuma keçərək, dərhal onu "xəyanətkar" və "satqın" adlandırıblar.
Hafiz Babalı bu günahı sona qədər elə Xədicə İsmayılın özündəcə axtararsa, daha yaxşı olar...
Lakin fakt budur ki, X.İsmayılın da qoşulduğu polemikalar (yəni söyüşlər) sonda elə "Meydan" TV-ninin tərifinə dəstəklə başa çatdı. Görünür, H.Babalı hələ də anlamayıb ki, X.İsmayıl ona nə qədər siyasi təhlükə yarada biləcək şərbaz fərdlərdəndir. Əgər sabah-birigün şantajlara məruz qalarsa, dərhal hakimiyyətə tərəf baxıb günahkar axtarmaqdansa, bu günahı elə X.İsmayılın özündə axtarsa, daha yaxşı olar...
Rövşən RƏSULOV