SİYASİ RAKURS
"Unutmamalıdır ki, vaxtilə siyasi plagiatlıqla məşğul olub"
Uzun illər Müsavat sıralarında təmsil olunmuş, hətta partiyanın müxtəlif strukturlarında funksioner kimi fəaliyyət göstərmiş və başqanlığa namizədliyini də vermiş Tural Abbaslı yenidən mətbuata çıxaraq, vaxtilə üzvü olduğu siyasi təşkilatın rəhbərliyini kəskin şəkildə ittiham edib. Hazırda "Ağ Partiya" adlı təşkilata sədrlik edən Abbaslı rəhbəri olduğu siyasi qurumun səhnədə aktiv olmadığını etiraf etsə də, Müsavatın bostanına daş atmağı da unutmayıb.
"1 ay içində 600 nəfər müraciət edib deməklə ucuz işlərlə məşğul olmuruq"
"Biz partiyamızı təsis edən ərəfədə cəmiyyətdə və siyasi səhnədə aktivlik vardı. Son zamanlarda isə müxalifət sıradan çıxmaq üzrədir"-deyə qeyd edən müxalifətçi partiya sədri Müsavata eyham vuraraq deyib: "Uzun illərdir fəaliyyət göstərən partiyalar var ki, bəlkə də media və sosial şəbəkədə bizdən daha az görünürlər. Bəzi partiyalar kimi pafoslu şəkildə "bizə 1 ay içində 600 nəfər müraciət edib" deməklə ucuz işlərlə məşğul olmuruq, milli-mənəvi dəyərləri özündə birləşdirən sağ-mərkəzçi partiya formalaşdırmaq niyyətindəyik".
"Ağ Partiya"nın sədri ənənəvi düşərgədə AXCP və Müsavat, eləcə də, digər partiyaların onların siyasi təşkilatlarının Türkiyədəki AK Partidən kopyalanması iddiasına da cavab verməyi unutmayıb. O, xatırladıb ki, bu gün özlərinə "lider" deyənlər unutmamalıdırlar ki, vaxtilə özləri siyasi plagiatlıqla məşğul olublar.
SİTAT: "Onlar narıncı rəngi "kopya"layanda demokratiya olur, Buşun şəkli ilə "vi vont demokrəsi" deyəndə, Avropa İttifaqı, ABŞ və Fransanın layihəsində iştirak edib söz azadlığından danışanda bu, təqlidçilik yox, ümumbəşəri dəyərlər olur? Qanı, dini və dili bir Türkiyə ilə əməkdaşlıq etmək onu yamsılamaq, ona yarınmaqdır? Müxalif düşərgənin ən çox güvəndiyi Qərb dövlətləri Azərbaycan hakimiyyəti ilə sıx əməkdaşlıq edir. ABŞ prezidenti artıq 2 dəfə məktub göndərib. Müxalifətin olduğu siyasi arenada isə savadsızlıq və qərəzlilik baş alıb gedir".
"Müsavatın möhürü Arif Hacılının əlində deyil"
T.Abbaslı Müsavat başqanı Arif Hacılını hədəfə alaraq, iddia edib ki, hətta bu gün müsavatçıların "lideri"nin partiya möhürü belə, onun özündə deyil: "Müsavatın əlində bu partiyanın möhürü olan adama aidiyyatı yoxdur. Özünə ateist deyən, milli dəyərlərimizi və türkçülüyümüzü inkar edən adam müsavatçı ola bilməz".
Beləliklə, hazırda ənənəvi müxalifət düşərgəsində kəskin qalmaqalların yaşanmamasına baxmayaraq və gərginliyin hökm sürməsi reallıqdır. Yeni yarana müxalifət partiyaları isə, məhz bənzər ismarışlarla köhnələri ənənəvi düşərgə sıralarından çıxdaş etməyə çalışırlar. Ancaq alınacaqmı? Yəqin ki, qarşıdan gələn növbəti seçki ilində biz hadisələri daha müfəssəl şəkildə görəcəyik.
Rövşən RƏSULOV