İflasın real səbələri
Müxalif partiya yetkililəri 24 ilə yaxındır ki, öz aralarında satqın axtarışında olublar. Ancaq çirkab içində çabalayan, əqidə dostlarına şər-böhtan atmaqda, ad çıxarmış AXCP sədri Əli Kərimliyə çatan olmayıb. Elə bu səbədən də, artıq o, xüsusi "titula" sahib olub və bu "titul" tərəfdarları sosial şəbəkələrdə onlara qarşı çıxanların üzərinə ən ağır küçə söyüşləri ilə hücuma keçirlər. Səbəb isə bəllidir. AXCP sədrini tənqid edən istənilən şəxs cəbhəçilərin gözündə xain və satqın olur. Ən yaxın dostlar belə...
Fazil Mustafa: "Satqın, riyakar olan Əli Kərimli cəmiyyəti müxalifətdən iyrəndirir"
BQP-nin sədri, millət vəkili Fazil Mustafa facebook profilində məsələyə münasibət bildirərkən Azərbaycan siyasətində söyüşün yolverilməz olduğunu, belə halların başında Ə.Kərimli dayandığını bildirir. Satqın və riyakar olan Ə.Kərimli cəmiyyəti müxalifətdən iyrəndirir: "Cəmiyyətdə fikir formalaşdırır ki, ondan başqa müxalifət yoxdur. Buna görə də, cəmiyyətin AXCP deyilən qurumdan heç bir gözləntisi yoxdur. Sosial şəbəkələrdə Kərimli tərəfdarları daha aktiv görünürlər. İstənilən insanı çox asanlıqla qaralaya bilirlər. 24 ildən artıqdır ki, bu proses gedir. Çoxsaylı saxta profillər arxasında gizlənən cəbhəçilər sosial şəbəkələri söyüş məkanına çeviriblər".
AXCP-nin Nərimanov rayon təşkilatının keçmiş sədri Şirvan Qasımov isə "Yurd" şefinin adını çəkənlərə qarşı əxlaqı aşınmış şəxslər vasitəsilə çirkin kampaniyaya rəhbərlik etdiyini bildirir: "Ə.Kərimlinin işi sosial şəbəkələrdə saxta profillər açaraq, insanlara şər və böhtanla qara yaxmaq olub. Facebook-a saxta profillər ənənəsini Ə.Kərimli gətirib. Partiya daxilində özünə monarxiya quran Ə.Kərimlinin artıq partiyanı siyasi bir mübarizə metodu deyil, şəxsi obyekti kimi istifadə etdiyini gördüm və buna səssiz qala bilmədim".
Sərdar Cəlaloğlu: "Əli Kərimlinin özü dedi ki, adı satqın kimi çıxıb"
AXCP üzvlərinin sosial şəbəkələrdə və mətbu orqanlarda ADP sədri Sərdar Cəlaloğlu da tuş gəlib və onların təhqir dolu ifadələr işlətmələrə cavab verib: "O, Əli Kərimlini yıxıb-sürüyüb: "Əli Kərimli deyir ki, Elçibəy liderimdir. Qeyd edim ki, ölənə qədər Elçibəy onu yaxına buraxmamışdı. Çünki ona sağlığında xəyanət etmişdi. Müxalifətin bu günə düşməsinin baiskarı Ə.Kərimlidir. 2003-cü ildə İsa Qəmbərin namizədliyi məsələsində Əlinin hansı oyunları oynadığını çox gözəl bilirəm. Onun həmin vaxt mənə dediyi bir sözü açıqlayacağam. Demişdi ki, adım satqın kimi çıxdığına görə, sən bütün qüvvələrin İ.Qəmbərin ətrafında birləşməsi ideyasını irəli sür, mən də Etibara təzyiq edəcəm. İ.Qəmbəri dəstəkləməsi üçün onun xahişini yerinə yetirdim. Amma onun xarakteri özünü büruzə verdi. Bax, sən busan".
Rəfiqə HÜSEYNOVA