Hər kəs əməllərinə görə qanun qarşısında cavab verməlidir
Məlum olduğu kimi, may ayının 17-də Bakı Apellyasiya Məhkəməsində "Sülh və Demokratiya İnstitutu"nun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesində iştirak etmədiyinə görə, proses may ayının 31-nə keçirildi.
Lakin həmin tarixdə də keçirilən məhkəmə prosesində Yunuslar iştira etmədilər. Yunusların vəkili Elçin Sadıqov çıxış edərək, Yunusların başqa ölkədə müalicə aldıqları üçün iclaslara gələ bilməliyini bildirib. Hakim onların iclasa məcburi qaydada gətirilmələri haqqında qərar qəbul edib.
Vətənə xəyanət əməlləri uzun müddət davam edə bilməzdi
Vətənə xəyanət maddəsi ilə həbs olunan "Sülh və Demokratiya İnstitutu"nun direktoru L.Yunus daima dələduzluq və cinayət əməlləri törətməkdən də çəkinməyib. L.Yunus Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərərək, dünya ictimaiyyətində ölkə haqqında yanlış təsəvvür yaradıb. O "Sülh və Demokratiya İnstitutu"nun direktoru, hüquq müdafiəçisi adı altında gizlənərək, Azərbaycan əleyhinə fəaliyyət göstərib.
Torpaqlarımızın 20 faizinin 24 ildən artıq erməni işğalı altında olması, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi L.Yunus və onun kimi insanları o qədər də düşündürməyib. O özündən "hüquq müdafiəçisi" obrazı yaratmaqla, Azərbaycan haqqında beynəlxalq ictimaiyyətə qeyri-obyektiv məlumat çatdırmaqla, cinayəti sübuta yetirilmiş bəzi insanları "siyasi məhbus" kimi dünya ictimaiyyətinə təqdim etməklə, Azərbaycan haqqında yalan məlumatlar yaymaqla, heç bir məhdudiyyət qoymadan ermənilərlə əməkdaşlıq etməklə və s. əməllərlə məşğul olub.
Fəaliyyətinin bütün dövrlərində antimilli, anti-Azərbaycan mövqeyi ilə tanınan L.Yunusu müdafiə edənlərə sual olunur: siz kimi müdafiə edirsiniz? Məlumdur ki, bir sıra Qərb ölkələri, Qərb strukturları Azərbaycanı işğalçı Ermənistanla münasibətləri bərpa etməyə, faktiki olaraq isə, işğalla barışmağa sövq etməyə çalışırlar. Bədnam "xalq diplomatiyası" planının da, məhz bu kontekstdə ortaya atıldığı hər kəsə məlumdur. Lakin çox təəssüf ki, Azərbaycanda da bu məkrli planın baş tutmasına xidmət edən "beşinci kolon" mövcuddur. Belələrinin başında Leyla və Arif Yunusların durduğu sirr deyil. Bu insanlar "hüquq müdafiəçisi" adı altında uzun illərdən bəridir ki, Azərbaycan dövləti və xalqı əleyhinə kampaniya ilə məşğuldurlar. Bu kampaniya çərçivəsində onlar həm Ermənistan, həm də bəzi Qərb dairələri ilə birgə fəaliyyət göstərirlər. Məhz bu məqam, onlar həbs olunar-olunmaz, verilən bəyanatlarda özünü göstərməkdədir. AXC-Müsavat hakimiyyəti dövründə Müdafiə Nazirliyinin cəbhəyə göndəriləcək qida məhsullarını bazara çıxararaq satan və bundan əldə etdiyi vəsaiti Almaniyadakı bank hesabına köçürən L.Yunusumu? Yoxsa onun erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın tədqiqatçı Jurnalistlər Təşkilatından 50.000 (əlli min) avro məbləğində iki dəfə aldığı qrantda sizin də payınız olub? Hələ "xidmətləri"nin müqabilində aldığı külli miqdarda vəsait hesabına Türkiyədə, Çexiyada mülklər, obyektlər aldığını və yüksək qrantlar mənimsədiyini demirik. Vaxtilə Rəhim Qazıyevin dostu kimi "toxunulmazlıq prezumpiyası" qazanan bu qadın Müdafiə Nazirliyinin analitik şöbəsinin müdiri işlədiyi müddətdə ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və video materialları erməni tərəfinə ötürməsi və bunun müqabilində külli miqdarda pul əldə etməsi də heç kəsə sirr deyil.
Beləliklə, onlar məhkəmənin qanuni hökmü ilə layiqli cəzalarını və cavablarını aldılar. Hüquq müdafiəçisi adı ilə maskalanmış Leyla və Arif Yunusların antimilli, anti-Azərbaycan təbliğatları, erməni lobbisinin sifarişlərini yerinə yetirməklə respublikamızda təxribat törətmək, qarşıdurma yaratmaq cəhdləri, dələduzluqları və Vətənə xəyanət əməlləri uzun müddət davam edə bilməzdi.
R.HÜSEYNOVA