ADP sədrindən "Milli Şura"ya və AXCP-yə daha bir zərbə
ADP sədri Sərdar Cəlaloğlu növbəti dəfə "Milli Şura" və AXCP rəhbərliyini, adəti etdiyi tərzdə, yəni sərt şəkildə ittiham atəşinə tutub. Ölkədə cərəyan edən hadisələr fonunda Əli Kərimli, Cəmil Həsənli və özlərini "lider" adlandıran digər şəxslərin heç bir uğura imza atmayacaqlarını deyən ADP sədri bu gün "Milli Şura" adlı siyasi qurumun ölkə siyasətinə heç bir təsir gücü olmadığını da bildirib. Hətta S.Cəalaloğlu bu qurumun dağılma prosesinin bir neçə il öncədən baş verdiyini xatırladıb: "Milli Şura" 3-4 partiyanın yığışıb yaratdığı blokdur. "Milli Şura" deyilən bir şey yoxdur axı. Onlar Rüstəm İbrahimbəyov Azərbaycana gələ bilməyən gündən öz aktuallığını itirdi".
Cəlaloğlu adıçəkilən qurumun bütün müxalifətin birliyi kimi təqdim olunmasına da etiraz edib
O, vurğulayıb ki, adıçəkilən qurumun fəaliyyəti formal xarakter daşıyır: "Nəzərdə tutulan "Milli Şura", faktiki olaraq, yoxdur. Yəni onun varlığını formal olaraq saxlayırlar. "Milli Şura"nın fəaliyyətini davam etdirməsi oradakı qüvvələrə xeyir etməsə, buraxarlar. Amma bunun müxalifətə aidiyyatı yoxdur.
Bu arada ADP sədri AXCP sədri Ə.Kərimlinin onlarla "Milli Şura"da bir yerdə olmayanları müxalifətçi hesab etmədiyi barədə fikirlərinə də sərt tonda münasibət açıqlayıb. Ümumiyyətlə, Cəlaloğlu adıçəkilən qurumun bütün müxalifətin birliyi kimi təqdim olunmasına da etiraz edib. O bildirib ki, bütün müxalifət adıçəkilən quruma qoşulmadığına görə, belə fikir səsləndirmək əsassızdır.
"Yeni yarandığı vaxtlarda "Milli Şura"nın bütün müxalifətin birliyi olduğunu deyirdilər, amma bu, sadəcə, addır. Eldar Namazov da "El" hərəkatını yaratmışdı. O demək deyil ki, bütün Azərbaycan həmin hərəkatda idi. Bunlar belədir. Özlərinə sərf edəndə, bir-birilərinə qəhrəman deyirlər, bir-birinə lazım olmayanda isə, nifrət edir, savaşırlar. Əvvəl deyirdilər ki, yalnız "Milli Şura"dakılar vətənpərvərdilər. İndi Müsavat partiyası oradan çıxıb, deyirlər ki, satqındır, xəyanətkardır"-deyə S.Cəlaloğlu açıqlayıb.
"Əli Kərimli 50 adama tapşırıq verib ki, hərəsi 4-5 saxta profil açıb, süni reytinq qaldırsınlar"
ADP sədri bununla da kifayətlənməyərək, Ə.Kərimlinin sosial şəbəkədlərdə saxta profillər işlətməsinə də münasibət bildirib. "Ə.Kərimli 50 adama tapşırıq verib ki, hərəsi 4-5 saxta profil açıb, süni reytinq qaldırsınlar. Bu, əsassız ittiham deyil"-deyə qeyd edən S.Cəlaloğlu Ə.Kərimlinin saxta Facebook profilləri açması ilə bağlı deyilənləri təsdiq edib: "Ə.Kərimlinin müavini də demişdi ki, sədr ona saxta profillər açmaq üçün tapşırıq verib. Həmin müavin də 50 adama tapşırıq verib ki, hərəsi 4-5 saxta profil açıb, süni reytinq qaldırsınlar. Bu, əsassız ittiham deyil".
ADP sədri, eyni zamanda hesab edir ki, Ə.Kərimli müxalifətin lideri ola bilməz:
"Ə.Kərimlinin müxalifətdə lider olmaq cəhdlərinə gəlincə isə, müxalifətdə heç kim lider ola bilməz, hər kəs öz partiyasında lider ola bilər. Müttəfiqlik var və əgər kimsə müttəfiqlikdə özünü lider hesab edirsə, deməli, səmimi deyil". Beləliklə, fakt budur ki, əslində, ADP sədri bu sözlərini ifadə edərkən, reallıqdan çıxış edib və son proseslərdə Ə.Kərimli və onun ətrafında olan beş-on nəfərin də həyatlarının iflasa uğradığını bildirib.
Rövşən RƏSULOV