PDF Oxu

Müxalifət

  • 8 323

Əli Kərimli Gözəl Bayramlının həbsindən dividend əldə etməyə çalışır

image

Bundan böyük biabırçılıq və rəzalət isə ola bilməz

Faktlara və baş verən proseslərə əsasən, birmənalı şəkildə demək olar ki, xaricdə oturan və oradan dağıdıcı müxalifəti istədikləri kimi idarə edən qüvvələrin bu dəfə də iflasla üzləşəcəkləri şübhəsizdir. Təbii ki, bununla, yenə də uduzan, xalqın gözündə bir qədər də cılızlaşan müxalifət partiyaları və onların liderləri olacaq. Baxmayaraq ki, hələ də, bəzi müxalif partiya sədrləri ifşa olunduqları ilə barışmayaraq, müxtəlif şoular yaratmaqla uduzmağa hazır olmadıqlarını nümayiş etdirməyə çalışırlar. Hətta Müsavat başqanı A.Hacılı və AXCP sədri Ə. Kərimli mitinqlər keçirməklə hələ də yaşamaq və fəaliyyət göstərmək limitlərinin tükənmədiyini bəyan edirlər. Hətta AXCP sədri Ə.Kərimli müavini Gözəl Bayramlının həbs olunmasından sonra mitinqlərin keçirilməsi barədə iddialı açıqlama ilə çıxış edib. Bu, onu göstərir ki, Ə.Kərimli güdaza verdiyi müavininin həbsindən siyasi dividend əldə etməyə və bununla da bir daha xarici qüvvələrin diqqətini özünə cəlb etməyə çalışır.

Əli Kərimli haqqında növbəti cinayət işi qaldırıla bilər

Eyni zamanda, Ə.Kərimlinin qondarma hüquq müdafiəcisi Xədicə İsmayılla birgə işləyib-hazırladıqları Əfqan Muxtarlı olayı ilə Gürcüstanla Azərbyacan arasında qırılmaz dostluq və strateji müttəfiqliq əlaqlərini pozmaqla cəhdləri iflasa uğrayacaq. Daha doğrusu, artıq Ə.Muxtarlının gizli yolla Azərbaycan sərhədini keçərək, ölkəmizdə X.İsmayıl və Ə.Kərimlini pozucu planlarını həyata keçirməyə çalışdığı istintaq orqanları tərəfindən sübuta yetirilməkdədir. Bu baxımdan, demək olar ki, istintaq X.İsmayıl və Ə.Kərimli barəsində cinayət işi qaldırıb, araşdırmalar apara bilər. AMDP sədri, millət vəkili Elşən Musayev də qəzetimizə verdiyi açıqlamasında qeyd edib ki, Ə.Muxtarlının istintaqa verdiyi etiraflara əsasən, X.İsmayıl haqqında cinayət işi qaldırıla bilər: "Məncə, Xədicə indi qorxu içindədir. Çünki onun paxırları haqda Əfqandan çox məlumatlı adam yoxdur. Bir-ikisini istintaqa desə, Xədicənin gəmisi yenə batacaq. Odur ki, əgər əvvəllər Əfqan özünə əl qatmışdısa, indi də bu estafeti Xədicə öz üzərinə götürüb. Buna qarşılıqlı "zibil örtmə" prosesi deyirlər. "Hamısı eyni bezin qırağıdır" deyə bir-birinin hərəkətlərini malalamağa çalışırlar. Təbii, belə bir ehtimal var ki, Xədicə öz danoslarını durmadan yazır və paylayır. Düzdür, belə bir adamın yazı-pozusu milçək vızıltısından güclü effekt verə bilməz. Amma yenə də cəhd edir. Çünki xisləti budur".

Arif Hacılı itirə-itirə gedir


Ə.Kərimli ilə siyasi yarışda fərqlənməyə çalışan Müsavat başqanı A.Hacılı da boynundan böyük təkəbbürlü açıqlamalarla çıxış edib. A. Hacılı aksiyaların keçirilməsi üçün partiya sədrləri ilə məsləhətləşmələr apardıqlarını bildirib. Ancaq A.Hacılı hansı partiya və hansı sədrlə danışıqlar apardıqlarını qeyd etməyib. Bu isə, onu deməyə əsas verir ki, A.Hacılı yalan danışır, mitinqlər keçirmək üçün hər hansı partiya sədri ilə telefon söhbətləri olmayıb, nəinki görüşüb danışıqlar aparsın. Çünki, KAXCP, ADP, "Ümid" və bu kimi digər partiya sədrlərinin son günlər verdikləri müsahibələrə və açıqlamalara nəzər yetirdikdə, onların A.Hacılının istəyinə işarə vuran bir kəlmə də söz və ya ifadə yoxdur. Deməli, A.Hacılını danışdıran, sadəcə, xarici qüvvələrdir. Çünki bu versiya olmasa, A.Hacılı iddialı fikirlər səsləndirə bilməz. Buna onun, sadəcə, cəsarəti çatmaz. Eks-sipiker Rəsul Quliyevin dili ilə desək, müxalifət o cəsarətin sahibi deyil ki, xarici himayədarları ilə məsləhətləşmədən hansısa iddialı fikir irəli sürsünlər. R.Quliyev bir qədər əvvəl həmfikirlərini ittiham edərək, onu da bildirmişdir ki, 20 ildir müxalifətçilik edən liderlərinin özlərinə bəraət qazandırmaq üçün göstərdiyi səbəblər başadüşülən deyil: "Bu, ən zərərli ideyadır. Bu ideya ilə istənilən məğlubiyyətə haqq qazandırmaq olar. Heç kim Yeltsin tankın üstünə çıxdığına görə qalib gəldi - deməz. Tarixin təkəri fırlanır. Fakt "filankəs uddu, filankəs məğlub oldu" söhbətindən gedir. Fəlakət ondadır ki, ideya müəllifi olan liderlər bu sözləri bir neçə dəfə deyəndən sonra özlərinin heç bir günahları olmadığına inanır, yenidən qollarını çırmayıb, "5 ildən sonra biz udacağıq" deməyə hazırlaşırlar. Bu, artıq 20 ildir təkrar olunur. Bu tipli fikirlər xalq arasında çoxdan geniş yayılmış lətifələrə çevrilib."
R.Quliyevin fikirlərinə və digər müxalif partiya sədrlərinin susqunluğuna əsaslanaraq, demək olar ki, A.Hacılının və Ə.Kərimlinin mitinq keçirmək istək və arzularına müxalifət partiyaları tərəfindən dəstək yoxdur. Bu, isə onu bir daha təsdiq edir ki, sözügedən dağıdıcı ünsürlər mitinqlər keçirsələr belə, xarici qüvvələrin tələbləri reallığa çevrilməyəcək. Xatırladaq ki, bir qədər əvvəl "Yurddaş" partiyasının sədri Mais Səfərli müxalifətin mitinlqlərə hazırlşmasına münasibət bildirərkən, bizimlə söhbətində qeyd etmişdir ki, Müsavat və AXCP kimi partiyalar mitinqlər planlaşdırmaqla özlərinə tərəfdar toplaya biləcəklərini düşünürlər: "Azərbaycan cəmiyyəti olduqca düşüncəlidir. Yəni Azərbaycan cəmiyyəti pisi yaxşıdan ayırmağı bacarır. Ölkə vətəndaşları radikal müxalifət qüvvələrinin çağırışlarına və bir qayda olaraq, keçirilən mitinqlərə rədd cavabı verirlər. Bu dəfə də radikal müxalifət təmsilçiləri tərəfindən planlaşdırılan mitinqlər uğursuzluğa düçar olacaq. Çünki həmin qüvvələrin heç bir siyasi gücü yoxdur ki, nəyəsə nail ola bilsinlər".
Göründüyü kimi, baş verən proseslər dağıdıcı müxalifətin əleyhinə işləyir. Baxmayaraq ki, xarici fondlar və maraqlı qüvvələr tərəfindən onlara geniş maddi və mənəvi dəstək mövcuddur. Amma buna baxmayaraq, onlar bir şeyi unudurlar: son sözü xalq deyir. Xalq isə indiki dağıdıcı müxalifətə sözünü hələ 1993-cü ildə deyib. Məncə, artıq şərhə ehtiyac yoxdur.

İ.ƏLİYEV

Digər xəbərlər