Heç bir reallıqlara cavab vermir
Son günlər dağıdıcı müxalifət düşərgəsinin müxtəlif cinahlarında 2018-ci ildə keçiriləcəyi gözlənilən prezident seçkiləri ilə bağlı "hazırlıq işlərinin aparılması", yaxud da bu istiqamətdə namizədlərin müəyyənləşdirilməsi ətrafında məntiqsiz və qeyri-ciddi təbliğatlar aparılır. İstər AXCP və "Milli Şura" cütlüyünün keçirdiyi toplantılarda, istər Müsavat partiyasının media orqanında ictimai rəy qarşısında elə saxta görüntülər yaradılır ki, guya bu siyasi təşkilatların "liderləri", seçkilərdə uğur qazana bilərlər.
Onların məqsədləri müxaifətdə qalıb xarici ağalarının əmrlərinə nökərçilik etmək, bunun üçün onların qarşılarına atılan payları mənimsəməkdən ibarətdir
Ümumiyyətlə, 24 ildən artıqdır ki, müxaifətdə qalaraq naftalin iyi verən, yalnız öz şəxsi maraqları üçün bir-birləri ilə didişib-çarpışan, qarşılıqlı təhqirlərə qədər gedərək, öz düşərgədaşlarına düşmən kəsilən siyasətbazların, ötən seçkilərdə olduğu kimi, bu dəfə də eyni acı aqibət yaşayacaqlarını xalq və ictimai-siyasi rəy yaxşı dərk edir. O cümlədən, artıq belə bir qəti qənaətə gəlmək mümkündür ki, müxalifət "liderləri" heç də seçkilərdə uğur qazanmaq deyil. Onların məqsədləri müxaifətdə qalıb xarici ağalarının əmrlərinə nökərçilik etmək, bunun üçün onların qarşılarına atılan payları mənimsəməkdən ibarətdir. Daha dəqiq desək, bu gün özünə "lider" deyib müxalifət düşərgəsində var-gəl edənlər siyasi arenanı özlərinə biznes vasitəsi kimi seçiblər. Bu, təkzibedilməz bir aksiomdur.
YAP rəsmisindən "VİP" sədrinə əhatəli cavab: "Hesab edirəm ki, Əli Əliyevin bu ehtimalı irəli sürməkdə məqsədi diqqəti üzərinə çəkmək və gündəmdə qalmaqdır"
Yeri gəlmişkən, bu ərəfələrdə daha bir müxalifət partiyasının sədri gündəmdə qalmaq üçün özündən "ideya" kəşf edərək, məntiqsizliyə söykənən "təkliflə" çıxış edib. Bəri başdan, onu da deyə bilərik ki, həmin "ideya", ya da "təklif" bu partiya sədrinin öz düşüncə məhsulu deyil və kənardan atılmış "daşdır". Belə ki, "Vətəndaş və İnkişaf Partiyası"nın (VİP) sədri Əli Əliyev ölkə saytlarından birinə verdiyi açıqlamasında gələn ilin oktyabr ayında keçirilməsi gözlənilən prezident seçkilərinin vaxtının daha qabaq tarixə keçirilməli olduğunu bildirib.
Lakin "VİP" sədrinin cavabı əhatəli və reallıqlara söykənən faktlarla verilib. Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Ə.Əliyevin fikri ilə razılaşmadığını deyərək, arqumentlər irəli sürüb. "Hesab edirəm ki, Əli Əliyevin bu ehtimalı irəli sürməkdə məqsədi diqqəti üzərinə çəkmək və gündəmdə qalmaqdır"-deyə qeyd edən Aydın Mirzəzadəyə görə, bu gün Azərbaycanda infilyasiyanın qarşısı alınıb, manat xarici valyutalara nisbətdə möhkəmlənib, ölkədə söz azadlığı var, çoxlu sayda yeni iş yerləri yaradılır, sahibkarlara ciddi şəkildə dövlət dəstəyi göstərilir, ölkənin valyuta ehtiyatları artır və s. SİTAT: "Ona görə də, seçkilərin vaxtından əvvəl keçirilməsi fikrinin əsası yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq gələn il prezident seçkiləri keçiriləcək. Qanuna uyğun olaraq, hər bir Azərbaycan vətəndaşı bu seçkilərə namizədliyini irəli sürə bilər".
Göründüyü kimi, indi də seçki mövzusu ətrafında məqsədli dividend qazanmağa cəhd edən müxalifətçilər heç də öz iddialarında haqlı deyillər. O cümlədən, onların bənzər mövqeləri heç bir reallığı əks etdirməməklə yanaşı, siyasi bilgilərinin də normadan aşağı olduğunu sübuta yetirir. Hər halda, onlardan daha artığını gözləməyə də dəyməz...
Rövşən RƏSULOV