Müxalifət

  • 10 300

Müsavat, AXCP və REAL müxalifətin “zirvə” toplantısına niyə qatılmadı? TƏRS BAXIŞ

image

Səbəbləri çoxdan bəlli idi

Bir neçə müddət idi ki, AMDP sədri İskəndər Həmidov müxalifətin “zirvə” toplantısını keçirəcəyi ilə bağlı təşəbbüs irəli sürüldüyünü demişdi. Lakin onun bu təşəbbüsünə dəstək verənlər tapılsa da, hələ də özlərini “müxalifətin anası” kimi təqdim edən Müsavat və AXCP sözügedən təşəbbüsə qatılmadılar. Halbuki, İ.Həmidov xəstəxanada yatarkən, onun ziyarətinə ayrı-ayrılıqda getmiş Müsavat başqanı Arif Hacılı və AXCP sədri Əli Kərimli sözügedən təşəbbüsə dəstək verəcəklərini demişdilər. REAL partiyasının sədri İlqar Məmmədovun da bu toplantıya qatılmayacağı, eləcə də nümayəndəsini göndərməməsi bəri başdan bəlli idi...
AXP sədri Pənah Hüseyn hansı etirafı eləmişdi?
Beləliklə, Mirmahmud Mirəlioğlunun sədri olduğu KXCP-nin qərargahında keçirilmiş “zirvə” bu üç müxalifət partiyasının iştirakları olmadan keçirildi. Ancaq maraqlı məqam budur ki, sözügedən toplantıya qatılan digər irili-xırdalı siyasi təşkilatlar yenə də ortaq məxrəcə gələ bilməyiblər. Hətta bununla bağlı AXP sədri Pənah Hüseyn də etirafını edib və bildirib ki, artıq cəmiyyət müxalifətin birliklərinə inanmır, bunun üçün sosial sifariş də yoxdur. Başqa tərəfdən, Müsavat və AXCP rəhbərliklərinin, yaxud təmsilçilərinin KXCP-nin qərargahına getməmələri digər amilləri önə gətirir.
AXCP sədri Əli Kərimli bunu “Milli Şura”ya zərbə kimi qiymətləndirir
Misal üçün, AXCP sədri Əli Kərimlinin yedək siyasi təşkilatı kimi də adlandırılan “Milli Şura”nı bənzər məsələlərdə alət kimi istifadə etməsi kimsəyə sirr deyil. Ə.Kərimli bu kimi hallarda “Milli Şura”da təmsil olunmayan müxalifət partiyalarını “həqiqi müxalifət” kimi tanımadığını deməsi buna bariz sübutdur. O cümlədən, bu gün AXCP sədrinə düşərgədaxili digər birliklərin yaradılması sərf eləmir, bunu “Milli Şura”ya zərbə kimi qiymətləndirir. Hətta hər hansı birliyin yaradılmaması ilə bağlı ona vədlər verilsə belə, yenə də öz iddiasında qalaraq, heç bir təşəbbüsə dəstək göstərmir. Buradan da görünür ki, Ə.Kərimlini maraqlandıran yalnız şəxsi ambisiyalarıdır. Artıq bu haqda çox faktlar deyilib və yazılıb.
Arif Hacılı Müsavatın “MSDM”də təmsil olunduğunu bəhanə edir
Müsavat partiyası da demək olar ki, əzəli düşməni hesab olunan AXCP ilə eyni mövqedən çıxış edir. Bu gün Müsavat partiyasına başqanlıq edən Arif Hacılının əlində belə bir “kart-blanş” var ki, partiyanın sabiq başqanı İsa Qəmbərin rəhbərlik etdiyi “MSDM” adlı təşkilat təsis olunub və Müsavat bu təşkilatda aparıcılıq rolunu oynayır. A.Hacılı düşünür ki, əgər rəhbərlik etdiyi partiyası digər bir siyasi qurumda təmsil olunursa, onun başqa müxalifət partiyalarının təşəbbüsünə qoşulması qeyri-mümkündür. Əlbəttə ki, növbəti məsələ də bilavasitə şəxsi maraqlar kontekstində qurulub.
“Zirvə” toplantısının uğursuz və perspektivsiz olması açıq-aşkar göz önündədir
REAL-a gəldikdə isə, etiraf olunmalıdır ki, bu partiyanın sədri İlqar Məmmədov ənənəvi düşərgə partiyalarından az-çox fərqli düşünür. Misal üçün, REAL-ın istər “Milli Şura”nın, istər Müsavatın mitinqlərinə qatılmamaq qərarı qeyd edilən fikri təsdiq edir. O cümlədən, bu partiyanın təmsilçiləri bütövlükdə meydan təfəkkürlü müxalifəti rədd edir və onların daha öncələr də verdikləri təşəbbüs və təkliflərə imza atmır. Ümumiyyətlə, AMDP sədri İskəndər Həmidovun sözügedən təşəbbüsü sadəcə, boşu-boşuna, yalnız siyasi arenada qalmasına hesablanmış addımdır. Məhz bu baxımdan, “zirvə” toplantısına qatılan KXCP, “Ümid”, VİP, Ağ Partiya və digərləri eyni düşüncəni bölüşərək, guya siyasi hadisələrə təsir etdiklərini göstərməyə cəhd ediblər. Ancaq bu cəhdin uğursuz və perspektivsiz olması açıq-aşkar göz önündədir.

sia.az

Digər xəbərlər