Arif Hacılının xəstəlik səbəbi bəlli oldu İLGİNC DETALLAR

Müsavat başqanı partiyanın qapalı toplantısında stress keçirib və səhhəti anidən pisləşib

Müsavat partiyasının başqanı Arif Hacılının səhhətində yaranmış problemlərdən sonra onun Türkiyəyə müalicəyə aparılması məlumatı ətrafında ilginc detallar üzə çıxmaqdadır. Belə ki, Müsavatın mətbuat xidməti partiya rəhbərinin Türkiyəyə aparılması ilə bağlı informasiyasında qeyd edib ki, Arif Hacılının səhhətindəki problem onun ürək-damar sistemi ilə bağlıdır.
Partiyanın 9-cu qurultayının keçirilməsi ilə bağlı aylar öncə verilən tapşırıqlar və hazırlıq prosesi yerinə yetirilməyib
Lakin adıçəkilən partiyada bəlli səbəblərə görə adının anonim qalmasını istəməyən mənbə SİA-ya xəbər verib ki, başqanın səhhətindəki problem son vaxtlar Müsavat daxilində yaranmış ziddiyyətli vəziyyətlə əlaqəlidir. Belə ki, partiyadaxili qruplaşmaların müxtəlif məsələlərdə ortaq məxrəcə gələ bilməmələrindən doğan qarşıdurmalar, eləcə də strukturların öz işlərinin öhdəsindən gələ bilməməsi ilə bağlı keçirilən qapalı toplantıda əsəb stressi keçirən Hacılının səhhəti anidən pisləşib və o bir neçə gün həkim nəzarəti altında olub. Ancaq sonradan qərar verilib ki, Müsavat başqanı Türkiyədə fəaliyyət göstərən xəstəxanalardan birinə yerləşdirilsin.Mənbə həmçinin qeyd edib ki, partiyanın 9-cu qurultayının keçirilməsi ilə bağlı aylar öncə verilən tapşırıqlar və hazırlıq prosesi yerinə yetirilməyib, Müsavatın bölgə təşkilatları qarşıya qoyulan məqsədlərə nail ola bilməyiblər.
Bir sıra müsavatçı yetkililərin İsa Qəmbərin yenidən başqanlıq postuna geri dönməsinin tərəfdarı olaraq çıxış edirlər
Bundan əlavə, mənbə qeyd edib ki, bir müddət əvvəl Müsavatın sabiq başqanı İsa Qəmbərin partiyanın 9-cu qurultayında başqanlığa namizədliyini irəli sürəcəyi ilə bağlı fikirləri istisna etməməsi onunla A.Hacılı arasındakı körpüləri yandırıb. Bu günün özündə də, bir sıra müsavatçı yetkililərin İ.Qəmbərin yenidən başqanlıq postuna geri dönməsinin tərəfdarı olaraq çıxış edirlər.Başqa tərəfdən, fakt budur ki, A.Hacılı başqanlığı dönəmində o, İ.Qəmbərin inamından sui-istifadə edərək, partiyadaxili qrup yaradaraq, şəxsi mənfəətləri üçün fəaliyyət göstərib. Bu isə İ.Qəmbərin ciddi narazılığına səbəb olub. Bu gün bir sıra müsavatçıların partiyadan istefa verərək ayrı-ayrı siyasi təşkilatlarda siyasi fəaliyyət göstərmələri də Hacılının “ayağına” yazılıb.Mənbə, bu və digər məsələlərlə bağlı uzun müddətdir ki, davam edən hərc-mərcliklərin nəticədə A.Hacılının əsəb sarsıntısı keçirməyi ilə nəticələndiyini deyib və onun Türkiyəyə müalicəyə də həmin səbəblərdən dolayı getdiyini bildirib. Beləliklə, fakt budur ki, Hacılının partiyanı rəhbər olaraq idarə etmək gücü ümumiyyətlə yoxdur və bunun nəticəsidir ki, təşkilatdaxli savaşlar sonda onun səhhətinə də ciddi zərbə vurmuş olub.

sia.az