ADP AXCP-nin uğursuz mitinqinə niyə qatılmadı? SİYASİ RAKURS

Sərdar Cəlaloğlu: “Müxalifətin bugünkü məsuliyyətini daşımayan qüvvə ana müxalifət ola bilməz”

AXCP sədri Əli Kərimlinin ötən həftənin şənbə günü keçirilən mitinqdə təşkilatçılıqdan tutmuş digər təşəbbüslərə qədər təkbaşına fəaliyyət göstərməsi iddiası, eləcə də özünü “birləşmiş müxalifətin lideri” qismində təqdim etməsi düşərgədə birmənalı qarşılanmayıb. Artıq, istər onun mitinqinə qatılan, istərsə də qatılmayan siyasi müxalifətin partiya sədrləri bu və ya digər şəkildə cəbhəçi sədrə qarşı ittihamlarını irəli sürür, onun sözügedən cəhdlərinin uğur qazanmayacağını bildirirlər.
“Əli Kərimliyə icazə verilməsəydi, necə mitinq keçirəcəkdi?”
Bu mənada, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu maraqlı fikirləri ilə gündəmə çıxıb. Belə ki, müxalifətçi partiya sədrinin mətbuata verdiyi açıqlamasından da görünür ki, bənzər cəhdlər, eləcə də “mənəm-mənəmlik” prinsipi düşərgəni effektif mübarizəyə deyil, daha ağır vəziyyətə doğru sürükləyir.“Səlahiyyət məsələsi gələndə, “mən sizi arxamca aparacağam, qələbə qazanacağam” və s. kimi bəyanatlar verib qabağa çıxırlar. Ə.Kərimlinin mitinqdə kütləyə baxıb öz elektoratı kimi görməsi yanlış hərəkətdir”, deyən S. Cəlaloğlu hesab edir ki, hər kəs “ana müxalifət” adına iddialı ola bilər, ancaq bunu iddia edənlər, elə bilavasitə AXCP sədrinin özün də bilməlidir ki, “ana müxalifət” ilk növbədə məsuliyyət daşıyan müxalifət deməkdir: ADP-nin rəhbəri xatırladıb ki, Ə.Kərimlinin özünü “ana müxalifətçi” kimi təqdim etdiyi mitinq məhz hakimiyyətin icazəsi ilə keçirilib, belə olan halda, cəbhəçi sədrin bənzər iddialarla çıxış etməsi yersizdir.“Müxalifətin bugünkü məsuliyyətini daşımayan qüvvə ana müxalifət ola bilməz. Ə.Kərimliyə icazə verilməsəydi, necə mitinq keçirəcəkdi?”deyə S.Cəlaloğlu sual edib.
“Əli Kərimli bir şeydə yanılır ki, kütləyə baxıb öz elektoratı kimi görür”
S.Cəlaloğlu Ə.Kərimlinin mitinqə qatılan ayrı-ayrı siyasi təşkilat təmsilçilərinin hər birini AXCP elektoratı kimi görməsini, bunu ictimai rəyə zorla sırımağa cəhd göstərməsini doğru addım hesab etmir. Belə ki, hakimiyyət AXCP-yə mitinq keçirməyə icazə versə də bəzi səbəblərə görə, aksiya keçirmək istəməyən digər siyasi müxalifət partiyalarına icazə verməyib və onların da Ə.Kərimlinin keçirdiyi mitinqə qatılmalarından sonra, AXCP sədrinin məlum iddialarda bulunması onun özünü hər kəsdən yuxarı görmək şakərindən irəli gəlir. Bu baxımdan, “Mitinqə təkcə Ə.Kərimlinin tərəfdarları gəlməmişdi”, deyə xatırladan ADP sədri həmçinin bildirib ki, aksiyada Azərbaycan Xalq Hərəkatı Təşəbbüs qrupundan, Müsavatdan, REAL-dan və s. partiyalardan da adamlar qatılmışdı, lakin bu o demək deyil ki, onların hamısı mitinqə Ə.Kərimlini özlərinə “lider” kimi qəbul edirlər. “Əli Kərimli bir şeydə yanılır ki, kütləyə baxıb öz elektoratı kimi görür”, deyə S.Cəlaloğlu sözügedən məsələni qiymətləndirərkən qeyd edib.
“Əli Kərimli ilə heç bir münasibətim yoxdur, heç münasibət saxlamaq fikrim də yoxdur”
Maraqlıdır ki, S.Cəlaloğlu belə aksiyalara qatılmayacağını deyib və baş verənləri “oyun” adlandırıb: “İndi müəyyən kiçik oyunlar oynanılır, o oyunlarda iştirak etmək fikrim yoxdur”.Bu arada, AXCP sədri ilə münasibət saxlamadığını da deyən S.Cəlaloğlu bunu belə izah edib ki, əgər qarşı tərəf ona hörmət qoymursa, o da cavab olaraq eyni addımı atmalıdır: “Ə.Kərimli ilə heç bir münasibətim yoxdur, heç münasibət saxlamaq fikrim də yoxdur. Ə.Kərimlinin mənə qarşı münasibəti pisdir, hər şey qarşılıqlıdır”.Beləliklə, nəzərə alarsaq ki, ADP sədri S.Cəlaloğlunun müxalifətçilikdə kifayət qədər səriştəsi var və onun düşərgədaxili proseslərin qiymətləndirilməsi yanaşmasında gerçəkliklər də mövcuddur, bu zaman AXCP sədri Ə.Kərimlinin keçirdiyi mitinqi barədə, eləcə də mitinq sonrası proseslərə bəlli münasibəti də reallıqdan doğan həqiqətdir.

sia.az