Siyasət

  • 1 947

Regionun inkişafı burada yerləşən ölkələrin sülh şəraitində yaşamasından keçir

image

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib. Bu mühüm tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də olub. ADA Universitetində keçirilən beynəlxalq konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Qafqazın bu günü və gələcəyi ilə bağlı mövcud reallıqlar və gələcək planlar haqqında mühüm mesajlar verib. Dərin məzmunlu çıxışında və xarici ekspertləri maraqlandıran suallara cavab verərkən dövlətimizin başçısı 44 günlük Vətən müharibəsindən sonra geosiyasi vəziyyət, Zəngəzur dəhlizi, Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaş münasibətləri, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın sülh naminə göstərdiyi səylər, Fransanın erməniyönümlü, qərəzli mövqeyi, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılması istiqamətində irəli sürülən təşəbbüslər və digər aktual mövzularla bağlı fikirlərini bildirdi. Prezident İlham Əliyev beynəlxalq konfransda milli maraqlarımız naminə qətiyyətli mövqe sərgilədi. Dövlət başçısının səsləndirdiyi bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış növbəti düşünülmüş addım oldu. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, “Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir” Bir sıra prioritetlər, mövcud reallıqlar və gələcək planlar açıqlanan beynəlxalq konfransda postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün Azərbaycanın təşəbbüsləri qeyd olundu. Beynəlxalq konfransda Prezident İlham Əliyevin növbəti dəfə yeni reallıqlara aydınlıq gətirməsi, ölkəmizin öz qonşuları ilə, Cənubi Qafqazla əməkdaşlıq etmək istəyən digər dövlətlərlə dostluq münasibətləri və əlaqələri qurmağa hazır olması da onu göstərdi ki, Azərbaycan Cənubi Qafqaz dövləti olaraq sülhü, əmin-amanlığı, inkişafı dəstəkləyir. Azərbaycan Prezidenti konfransdakı çıxışında İsraildə səfirlik və Fələstində Təmsilçilik Ofisinin açılması barədə fikirlərini ifadə edərək İsraildə səfirliyin və Fələstində Təmsilçilik Ofisinin açılmasının milli maraqlara əsaslandığını bildirib. Dövlət başçısı bu qərarın sülhün möhkəmlənməsi işinə və bu dövlətlərdə uzunmüddətli, səmərəli əməkdaşlığa xidmət edəcəyini qeyd edib. Xatırladaq ki, postkonflikt dövrünün ən ümdə məsələsi kimi Azərbaycan qarşısına ilk növbədə bölgədə sülhə və sabitliyə nail olmaq vəzifəsini qoyub. Təəssüflə qeyd etmək lazımdır ki, regionda sülhün bərqərar olmasına mane olmaq istəyən qüvvələr var. Fransanın qeyri-konstruktiv davranışları buna misaldır. Prezident İlham Əliyev Praqa görüşündən az sonra Fransa Prezidenti Emmanuel Makronun müsahibəsində Azərbaycanı tənqid etməsini, ölkəmizə qarşı əsassız ittihamlarla çıxış etməsini, bundan bir qədər sonra bu ölkənin Senatı tərəfindən məlum qətnamənin qəbul olunmasını və Frankofoniya Sammitində Azərbaycana qarşı hücum cəhdini qəbuledilməz hesab edib. Sözsüz ki, bütün bunlardan sonra Fransa sülh danışıqlarında iştirak edə bilməz və bu, həmin ölkənin rəhbərliyinin günahıdır. Azərbaycan Prezidenti dekabrın 7-də Brüsseldə Ermənistanla keçirilməsi planlaşdırılan görüşün baş tutmayacağını və rəsmi Bakının digər variantları nəzərdən keçirəcəyini bildirib. Ermənistanın baş naziri Paşinyanın həmin görüşdə E.Makronun iştirak etməsi şərtini irəli sürməsi sülh danışıqlarını pozmaq cəhdidir.Prezident konfrasdakı çıxışında vurğulayıb ki, “Belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub” Bəlli olduğu kimi, Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biri milli maraqları qorumaqla qonşu dövlətlərlə əlaqələrin inkişafıdır. Yeni reallıq dövründəı qarşıda dayanan əsas çağırış regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır. Dövlətimiz İran İslam Respublikası ilə münasibətlərinə də məhz bu prinsiplərlə yanaşıb. Amma təəssüf ki, son zamanlar İranın sərgilədiyi mövqe dostluq və mehriban qonşuluq siyasətinə uyğun gəlmir. İran ölkəmizin bu xoşməramlı siyasətinə adekvat cavab vermir. Bu ölkə din amilindən öz xarici siyasətinin aləti kimi istifadə edir, İslam təəssübkeşi kimi çıxış etsə də, amma sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür. Əgər belə olmasaydı, İrana məxsus KİV-lərdə əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycana qarşı davamlı olaraq “ideoloji mübarizə” aparılmazdı. Bundan əlavə, İran yenə də Azərbaycan dövlətinin daxili işlərinə qarışmağa başlayıb və ölkəmizdə süni problemlər yaratmaq üçün müxtəlif cəhdlər göstərib. Ölkəmizdə İranın müxtəlif dairələri “din pərdəsi” adı altında respublikamızın ərazisində dünyəvi dövlətçilik əleyhinə əməllərin həyata keçirilməsinə çalışırlar. Təsadüfi deyil ki, Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiklərinin təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatların nəticələri də bunu sübut edir. İran Zəngəzur dəhlizi məsələsi aktuallaşandan dərhal sonra yenidən aqressiv ritorikasını bərpa edib, təhdid dolu bəyanatlar səsləndirməyə başlayıb. Dövlət sərhəddində keçirilən hərbi təlimlərin də məqsədi Azərbaycana hədə-qorxu gəlməkdən ibarətdir. Bu gün İran Ermənistanın ən fəal dəstəkçilərindən birinə çevrilib ki, bu da ən azı İslam dəyərlərinə, beynəlxalq hüquqa hörmətsizlikdir. Prezident İlham Əliyev beynəlxalq konfransdakı çıxışında qəti şəkildə bir daha bəyan edib ki, heç kəs Azərbaycanla təhdid dilində danışa bilməz. “Ümid edirəm ki, İran hökumətinin ermənipərəst hərəkətləri çox kövrək sülhə xələl gətirməyəcək. Hesab edirəm ki, azərbaycanlıların hisslərini və bizim maraqlarımızı nəzərə almağın zəruriliyi barədə daha çox anlayış nümayiş olunacaq. Bu vəziyyəti bizim yaratmadığımızı bildirmək üçün son bir məsələni də qeyd etmək istərdim. Mən İranın əvvəlki üç prezidenti ilə - Prezident Hatəmi, Prezident Əhmədinejad və Prezident Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində heç vaxt indiki vəziyyətimizə oxşar bir şey olmayıb. Heç vaxt Azərbaycana qarşı nifrət və təhdid dolu sözlər işlədilməyib, sərhədimizdə heç bir hərbi təlim keçirilməyib, ancaq bir neçə ay ərzində iki hərbi təlim keçirilib. Deməli, bu o deməkdir ki, bu vəziyyəti yaradan biz deyilik. Biz bu vəziyyətin daha tez bitməsini istəyirik. Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik. Eyni zamanda, biz həmişə öz ləyaqətimizi, müstəqilliyimizi, həyat tərzimizi müdafiə edəcəyik və heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcəyik.” Bu konfrans bir daha göstərdi ki, Azərbaycanın Vətən müharibəsindən sonra ortaya qoyduğu prinsipal mövqe dəyişməzdir, bölgənin inkişafı isə yalnız burada yerləşən ölkələrin sülh şəraitində yaşamasından keçir. Azərbaycan Qafqazda yeni sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Prezident İlham Əliyevin konfransdakı çıxışı və suallara cavabları ilə bugünümüz və gələcəyimiz üçün mühüm əhəmiyyətə malik olan bir sıra məqamlara yenidən və ətraflı şəkildə aydınlıq gətirildi. Hər zaman olduğu kimi, Prezident İlham Əliyevin bu çıxışı da postmünaqişə dövrünün reallıqlarının, gələcəklə bağlı hədəflərin və onlara nail olmağın yollarının təqdimatı oldu.

Pərvin Kərimzadə
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisi deputatı

Digər xəbərlər