Siyasət

  • 10 305

AZƏRBAYCAN NÖVBƏTİ BEYNƏLXALQ TƏDBİRƏ EVSAHİBLİYİ EDİR TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: “Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq”

Azərbaycan yenə də növbəti beynəlxalq tədbirə evsahibliyi etdi – fevralın 13-də “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, “Ansaldo Energia” şirkətinin prezidenti Cuzeppe Marino və Çinin “Dongfang” şirkətinin baş direktoru Çen Xuacye iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tədbirdə çıxış edərək bildirib ki, bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq.

PREZİDENT İLHAM ƏLİYEV MÖTƏBƏR BEYNƏLXALQ TƏDBİRLƏRİN TƏŞƏBBÜSKARI VƏ TƏŞKİLATÇISI KİMİ TANINIR

Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə, Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir. Bu istiqamətdə görülən işlər dövlətlərlə yanaşı, aparıcı beyin mərkəzləri, tanınmış ekspert və analitiklər tərəfindən də diqqətlə izlənilir. Və bugünkü əlamətdar tədbir - müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulması, dövlət başçımızın söylədiyi kimi, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq.

YENİ ELEKTRİK STANSİYASI ÖLKƏMİZİN ENERJİ POTENSİALINI BÖYÜK DƏRƏCƏDƏ GÜCLƏNDİRƏCƏK

Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı bildirib ki, bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir: «Əminəm ki, yaxın zamanlarda – 2025-ci ildə bu stansiyanın açılışını qeyd edəcəyik”.

Dövlətimizin başçısı onu da vurğulayıb ki, Mingəçeviri Azərbaycanın və Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olub: “Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulub. Böyük stansiyanın birinci bloku 1981-ci ildə Heydər Əliyevin şəxsi iştirakı ilə açılıb”.

Prezident İlham Əliyev bildirib ki, Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanı bir daha bəlli oldu: “O vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini, o cümlədən Mingəçevir Elektrik Stansiyasını da uzaqmənzilli raketlərlə atəşə tutmuşdu. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi”.

YENİ ELEKTRİK STANSİYASI AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ DƏ NÖVBƏTİ TÖHFƏ OLACAQ

Prezident İlham Əliyev çıxışı zamanı söyləyib ki, bu gün Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək.

Yeni elektrik stansiyasının Azərbaycanın enerji təhlükəsizliyinə növbəti töhfə olacağını qeyd edən dövlətimizin başçısı deyib: “Yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin”.

Prezident İlham Əliyev onu da vurğulayıb ki, Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.

«İllər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və mənim göstərişimlə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamışdır»,- deyən dövlətimizin başçısı qısa müddət ərzində artıq 8 blokun tamamilə yenidən qurulduğunu və istifadəyə verildiyini diqqətə çatdırıb: «Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Onu da bildirməliyəm ki, bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu da özlüyündə yeni bir böyük stansiyanın tikintisi deməkdi”.

YENİ ELEKTRİK STANSİYASI AZƏRBAYCANIN DAXİLİ RESURSLARI ÇƏRÇİVƏSİNDƏ İNŞA EDİLƏCƏK

Sözsüz ki, təxminən 1300 meqavat gücündə olan stansiyanın qurulması böyük maliyə tələb edir. Bu məsələyə aydınlıq gətirən Prezident İlham Əliyev bildirib ki, belə bir güclü stansiyanın qurulması Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək: “Mənə verilən məlumata görə, stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq və elektroenergetika sahəsini yaxından bilən insanlar bilirlər ki, təxminən 1300 meqavat gücündə olan stansiya neçəyə başa gələ bilər. Yəni, bu stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır». Dövlətimizin başçısı onu da vurğulayıb ki, yeni tikiləcək elektrik stansiyasının müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaq. «Biz az vəsaitlə böyük enerji potensialına malik oluruq»,-deyən Prezident İlham Əliyev deyib: «Ona görə biz az vəsaitlə böyük enerji potensialına malik oluruq. Eyni zamanda, ödəniləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək”.

Dövlətimizin başçısı onu da vurğulayıb ki, Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılıb və yeni stansiyanın məhz orada inşa edilməsi, ilk növbədə, bu məqsədi güdür.«Bir neçə il ərzində həm stansiyaya qoyulan vəsait qayıdacaq, həm də kredit borcu bağlanacaq»,-deyən Prezident İlham Əliyev bildirib ki, yeni stansiyada iş əmsalı çox yüksək olacaq və təbii qaza böyük qənaət olacaq. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, bir neçə il ərzində bu stansiyanın fəaliyyəti nəticəsində həm qoyulan vəsait qayıdacaq, eyni zamanda, kredit borcu da bağlanacaq. Yəni, bu, hərtərəfli uğurlu bir layihədir və Biz bu stansiyanı xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik: «Hazırda dünyada, Avropada, o cümlədən Azərbaycanda bərpaolunan enerjiyə daha böyük üstünlük verilir, biz də bu sahədə böyük uğurlara artıq imza atmışıq. Buna baxmayaraq, ənənəvi resursların, ənənəvi stansiyaların da faydası göz önündədir”.

«Bildirməliyəm ki, bu stansiyanı biz xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik. Bugünkü mərasimdə İtaliyanın şirkətləri və “Made in Italy” naziri iştirak edir. Mən hörmətli qonağı səmimiyyətlə salamlayıram. Eyni zamanda, Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcək. Yəni, biz bu işi xarici əməkdaşlıq çərçivəsində görəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

AZAD EDİLMİŞ QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR BÖLGƏSİNİN ENERJİ POTENSİALI ARAŞDIRILIR

Prezident İlham Əliyev çıxışı zamanı onu da vurğulayıb ki, «Azərenerji» ilə İtaliyanın «Ansaldo» şirkəti arasındakı əlaqələr burada həlledici rol oynayır və «Azərenerji» ilə «Ansaldo» arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanıb.Dövlətimizin başçısı onu da söyləyib ki, azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri getdiyi bir dövrdə, ilk növbədə, o bölgənin enerji potensialı araşdırılır və bu istiqamətdə də «Ansaldo» və «Azərenerji» tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər.Azərbaycanın potensialının, o cümlədən yaşıl enerji potensialının Avropa üçün yeni imkanlar açacağını deyən Azərbaycan Prezidenti bildirib: «Əminəm ki, biz bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq”.Dövlətimizin başçısı onu da vurğulayıb ki, bu məqsədlə keçən ilin dekabr ayında müvafiq anlaşma imzalanmışdır və Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaqdır.

Prezident İlham Əliyev qeyd edib ki, strateji məna daşıyan İtaliya-Azərbaycan əlaqələrini daha da genişləndirməyə çalışırıq: «Bu, doğrudan da çox önəmli tədbirdir və İtaliya-Azərbaycan dostluğunu böyük dərəcədə gücləndirəcək bir layihədir. İtaliya-Azərbaycan əlaqələri strateji məna daşıyır və biz çalışırıq ki, bu strateji tərəfdaşlıq çərçivələrini daha da genişləndirək”.«İlk növbədə, siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Siz də öz çıxışınızda qeyd etdiniz ki, Prezident Mattarellanın Azərbaycana səfəri, mənim İtaliyaya səfərlərim bu əlaqələri daha da gücləndirir. Əlbəttə ki, yanvarın 11-dən bu günə qədər İtaliya hökumətinin üç nazirinin Azərbaycana gəlməsi çox önəmli və deyə bilərəm ki, fövqəladə bir hadisədir. Bu səfərlər zamanı biz həm hərbi, hərbi-texniki, energetika və bütövlükdə investisiya, ticarət sahələrində əməkdaşlığı müzakirə etmişik və edəcəyik», - deyə dövlətimizin başçısı vurğulayıb.Dövlətimizin başçısı İtaliya-Azərbaycan əlaqələrinin təkcə iki ölkənin maraqlarını deyil, böyük coğrafiyanın maraqlarını da təmin etdiyini söyləyib: «Onu da bildirməliyəm ki, bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər - dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni, bu, doğrudan da çox strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü mərasim bunu bir daha göstərir”.

SON 20 İLDƏ AZƏRBAYCANDA GENERASİYA GÜCÜ 3400 MEQAVATA BƏRABƏR OLAN 34 ELEKTRİK STANSİYASI İNŞA EDİLİB

Dövlətimizin başçısı müqayisə üçün deyib ki, hazırda Azərbaycanın ümumi generasiya gücü 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılıb: “Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf edir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa olunub və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir”.

“İndi təsəvvür edin, əgər biz bunu etməsəydik, əgər bu məsələni prioritet seçməsəydik, bu gün bizim iqtisadi və sənaye inkişafı sual altında ola bilərdi. Bu gün biz öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Yəni, bütün işlər vaxtında aparıldı, ardıcıllıqla aparıldı”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.Prezident İlham Əliyev, həmçinin azad olunmuş torpaqlarda görülən işlərdən və bu torpaqlarda ən çox Türkiyə və İtaliya şirkətlərinin fəaliyyətini qeyd edib və bildirib ki, güclü siyasi əlaqələrimiz çox böyük təməldir. Neft-qaz və hazırda elektroenergetika layihələri bu təməli böyük dərəcədə gücləndirdi.«Eyni zamanda, biz istəyirik ki, ticarət əlaqələri daha da şaxəli olsun. Bilirsiniz ki, İtaliya-Azərbaycan Universitetinin inşa edilməsi prosesi sürətlə gedir, 5 İtaliya universiteti bizimlə artıq tərəfdaşdır. Eyni zamanda, azad olunmuş torpaqlarda ən çox iş görən şirkətlər Türkiyəni və İtaliyanı təmsil edirlər”, - deyə dövlətimizin başçısı bildirib.

ŞƏRQİ ZƏNGƏZURDA YARADILAN GENERASİYA GÜCÜ İLİN SONUNADƏK 200 MEQAVATA ÇATACAQ

“2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya bizim enerji potensialımızı daha da gücləndirəcək. Çünki buna həm Azərbaycanda, həm də Avropada ehtiyac var», -deyən dövlətimizin başçısı azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərinin ilk növbədə, elektroenergetika sahəsindən başladığını qeyd edərək bildirdi ki, artıq 10-dan çox yarımstansiya və 10-dan çox su elektrik stansiyası inşa edilib: «Artıq biz iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaratdıq və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq”.Prezident bildirib ki, bütün stansiyalar ümumi şəbəkəyə qoşulub. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq. Yəni, bu sahə prioritet olaraq qalır.

Azərbaycan Prezidenti vurğulayıb ki, İtaliya-Azərbaycan əlaqələri o qədər dərin və səmimidir ki, biz özümüz üçün ən vacib saydığımız layihələri məhz İtaliya şirkətlərinə həvalə etmişik. Bakı şəhərində, azad edilmiş bir çox şəhərlərdə Qələbə və İşğal muzeylərinin İtaliya şirkətləri tərəfindən yaradıldığını qeyd edən dövlətimizin başçısı deyib: «Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dağılmış 3 məscid və yeni inşa edilən 1 məscid İtaliya şirkətləri tərəfindən bərpa olunur və inşa edilir. Yəni, bütün digər sahələrlə yanaşı, qeyd etdiyim bu layihələr bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu, bizim həm tarixi keçmişimizdir, eyni zamanda, Qələbəni əks etdirən yeni rəmzlər olacaq”.

Prezident İlham Əliyev bildirib ki, işğaldan azad edilmiş torpaqlar 10 min kvadratkilometrə bərabərdir: Müqayisə üçün deyim ki, Livan boyda bir ərazidir. Burada hər şey dağıdılıb, ona görə biz hər şeyi yenidən qururuq və istəyirik ki, bu işlərdə daha çox İtaliya şirkəti iştirak etsin - həm inşaat, həm xidmət, həm sərmayə sahələrində, həm də kontraktor kimi”. Artıq İtaliyanın “IVECO” şirkətinin azad edilmiş ərazilərdə öz müəssisəsini yaratmağa başladığını bildirən Azərbaycan Prezidenti deyib: “Orada yük maşınlarının istehsalı nəzərdə tutulur. Ona görə gündəlik çox genişdir və əminəm ki, səfər zamanı bütün bu məsələlər geniş müzakirə ediləcək”.

BƏRPAOLUNAN ENERJİ NÖVLƏRİNİN İNKİŞAFI ÜÇÜN AZƏRBAYCANDA ÇOX BÖYÜK POTENSİAL VAR

Prezident İlham Əliyev çıxışı zamanı söyləyib ki, bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var. Hazırda iki stansiya - 470 meqavatlıq günəş və külək elektrik stansiyaları inşa edilir. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da bizə təqribən 240 meqavat əlavə güc verəcək: «Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur- böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə. Yəni, bu, doğrudan da çox böyük potensialdır və təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir”.Bu gün böyük və önəmli layihənin təməlinin qoyulduğunu vurğulayan Azərbaycan Prezidenti deyib: “Əminəm ki, stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, ixrac imkanlarımızı gücləndirəcək və həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır”.

ADOLFO URSO AĞDAM ŞƏHƏRİNƏ SƏFƏRİNİ XATIRLAYIB: “Bu dağıntıları heç kəs təsəvvür edə bilmirdi”

İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso Prezident İlham Əliyev ilə görüşü zamanı bildirib ki, Azərbaycanda dəfələrlə olmuşam: «Mən hələ xarici ticarət naziri olduğum zaman ölkənizə səfər etmişdim. Bu gün isə “Ansaldo” ilə razılaşmanın qeyd olunması mərasiminə qatılmışam”.«Siz ərazilərinizi azad etdikdən bir neçə gün sonra İtaliyanın parlament nümayəndə heyətinin tərkibində ölkənizə səfər etdim. O vaxt həmin yerlərə baş çəkdik. Ağdam şəhərinə getdiyimi, məscidin minarəsindən çəkdiklərimi xatırlayıram. İtaliyanın informasiya kanallarında onları nümayiş etdirdim. Bu səfər məndə böyük hisslər doğurdu. Bu dağıntıları heç kəs təsəvvür edə bilmirdi», - deyə Adolfo Urso bildirib.

Qeyd edək ki, mərasimdə yeni inşa olunacaq İstilik Elektrik Stansiyası barədə videoçarx nümayiş etdirildi. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso stansiyanın təməlini qoydular.Bəli, göründüyü kimi, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Dövlət başçımızın söylədiyi kimi: «Biz bu gün doğrudan da böyük və önəmli işin təməlini qoyuruq. Əminəm ki, stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, ixrac imkanlarımızı gücləndirəcək və həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır».

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər